Rza Diqqəti bəyan edir

İyulun 17-də Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində dünya şöhrətli fotoqraf Rza Diqqətinin ustad dərsi keçirilib.

Görüşdə Diqqətinin 40 ilə yaxın müddətdə -1979-2015-ci illər ərzində çəkdiyi fotolardan ibarət qısa film nümayiş olunub. Müəllif dünyanın ən qaynar nöqtələrində çəkdiyi fotoların yer aldığı filmi belə şərh edib: “Bir gün bir nəfər məndən soruşdu ki, “Dünyada bu qədər hadisələrə şahidlik etmisiniz. Əgər imkanınız olsaydı, bütün gördüklərinizi foto ilə necə təsvir edərdiniz?” Bu sualdan sonra məndə bu filmin ideyası yarandı. Bu, filmdən daha çox, bir manifestdir. Yəni, bu,  mənim dünyada nələri gördüyümün manifestidir”.

Daha sonra dinləyicilərin suallarını cavablandıran R. Diqqəti gənc fotoqraflara məsləhətlərini də verib:

“Biri var fotoaparatı beynimizin üzərinə qoyaq, biri var ürəyimizin, biri var qarnımızın. Mən sizə deyərdim ki, həmişə fotoaparatı ürəyinizdə saxlayın. Baxdığınız bütün sujetlərə, mövzulara ürəklə baxın. Əgər o sujet sizin ürəyinizi titrədirsə, deməli, hər kəsin ürəyini titrədəcək”.

“Nəyə görə fotoqrafiyanın məhz məlum janrını seçmisiniz?” sualını fotoqraf  belə cavablandırıb: “Mən 13 yaşımdan foto çəkməyə başlamışam. Uşaqlıqda olduğu kimi, bu gün də məni  çəkməyə sövq edən gördüyüm gözəlliklər və ədalətsizlikdir. Həm gözəllik, həm də ədalətsizlik mənim ürəyimi titrədir. Əlbəttə, mən bu gün Fransada hansısa bir fashion (moda)  fotoqrafı olub, bu gün qazandığımdan 100 dəfə artıq pul qazana bilərdim. Amma bu, mənlik deyil”.

“Çəkdiyiniz fotoların hər hansı bir dəyişiklik etdiyini düşünürsünüzmü?” sualına isə Rza Diqqəti belə cavab verib: “Əlbəttə ki, mən çəkdiyim bütün fotolardan sonra hər kəsdən bir-bir soruşa bilmərəm ki, həyatınızda hansısa bir dəyişikliyə rast gəldiniz, ya yox. Amma mən sizə konkret I Qarabağ Müharibəsi haqda bir xatirəmi danışmaq istərdim. 1992-ci ildə mən Şuşada olanda, orada bir könüllü əsgər döyüşürdü. Həmin əsgər mənə çəkiliş edə bilməyim üçün çox kömək etmişdi. Mən uzun illər onun kimliyini axtarırdım. Günlərin bir günü Facebookda elan verdim ki, həmin əsgəri axtarıram. Sonra bir xanım mənə yazdı və dedi ki, həmin əsgər onun atası olub. Beləliklə, mən o şəxslə görüşdüm. Biz görüşəndə, məlum oldu ki, 28 il ərzində həmin könüllü əsgər I Qarabağ Müharibəsi iştirakçısı olduğunu dövlətə sübut edə bilmirmiş. Həmin şəxs mənə dedi ki, mən 28 ildir işləmirəm, dövlətdən də bir qəpik ala bilmirəm. Bu görüşdən sonra mən Fransaya gedib, arxivdən fotolarımı çıxardım. Həmin əsgərin məndəki bütün fotolarını ona göndərdim. Növbəti görüşümüzdə mənə dedi ki, həmin fotoları Müdafiə Nazirliyinə apardım və artıq Qarabağda döyüşdüyümü sübut edə bildim. Düşünürəm ki, bu, az da olsa, çəkdiyim fotoların gücüdür”.

Rza Diqqəti onu da deyib ki, uğurlu çəkiliş üçün qorxuya qalib gəlmək ən vacib şərtlərdəndir: “Mənim haqqımda  deyirlər ki, Rza həmişə hadisə vaxtı hər kəsin qaçmağa çalışdığı yerə getməyə çalışır. Əslində, düz deyirlər, çünki mən bilirəm ki, foto məhz orada, hamının qaçıb, çıxmağa çalışdığı yerdədir. Ona görə də uğurlu foto üçün qorxunu yenmək lazımdır”.

Görüş dinləyicilərin sualları və filmin müzakirəsi ətrafında davam edib.

aki.az