Səfurə İbrahimovanın xatirəsinə...

Sənət adamının həyatı bir başqadır, bəlkə də ona görə deyirlər ki, sənət adamları seçilmişlər arasında yer alar. Həssas olduqları qədər də incə təbiətli, vüqarlı olduqları qədər də duyğulu, kövrək olduqları qədər də qürurlu və daha nələr, hamısı sənətə köklənən insanların xarakterinə aiddir, əlbəttə ki, istisnalar da var…

Azərbaycan mədəniyyətindən, kinosundan, teatrından kimlər keçdi, kimlər iz qoydu, kimlər, sözün həqiqi mənasında SÖZ deməyi bacardı, səhnədə, kamera qarşısında və ya hansı aktyor(aktrisa) bütün xarakterlərdən çıxış edərək obrazı öz xarakterinin süzgəcindən keçirərək əslində elə özünü oynadı, kimlər, kimlər… Bütün bunlar gəlişi gözəl sözlər deyil, ya da ki, bütün sənət adamlarına aid deyil. Bütün bunlar sənətdə sənətkar kimi yetişib, əxlaqi dəyərlərdən çıxış edib, bəzən haqqından vaz keçərək qürurunu qoruyan, zamanında səhnəni, ekranı tərk edərək başı uca şəkildə sənətdən gedənlər üçün deyilir, tamaşaçının yaddaşında – beynində, ürəyində özünə yer qazananlar üçün deyilir.

Azərbaycan teatr və kino aktrisası, səhnəmizin XANIM aktrisası, qadınlığı ilə, qüruru ilə, intriqalardan uzaq həyatı ilə örnək olan Səfurə İbrahimova haqqında düşünülənlər kimi….

…1960-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinin istedadlı tələbələri müəllimləri tərəfindən tearlara dəvət alır və tələbə-aktyor kimi fəaliyyət göstərirdilər. Onlar arasında gənc və gözəl bir qızın Akademik Teatrın truppasına qəbul edilməsi, dövrün ən görkəmli sənətkarlarının əhatəsində çalışması, onlarla eyni səhnəni paylaşması nə şans idi, nə də təsadüf.. Bu, sadəcə olaraq istedadı, təbii ifası ilə bərabər səhnədə tamaşaçıya gözəllik nümunəsi kimi işıq saçan bir aktrisanın rejissorlar tərəfindən kəşf olunaraq özünü təsdiq etməsi idi. Bu təsdiqin nəticəsi idi ki, aktrisa doğma teatrının səhnəsində bir-birindən maraqlı obrazlar(Hüseyn Cavidin “Səyavuş” əsərində Gəlin, “Knyaz”da Jasmin, “İblis”də Rəna, M. Hüseynin “Alov” əsərində Əsmər, Səməd Vurğunun “Vaqif”ində Gülnar, “İnsan”da Tatyana, İlyas Əfəndiyevin “Sevgililərin cəhənnəmdə vüsalı”nda Mədinə, “Hökmdar və qız”da Tubu xanım, Bəxtiyar Vahabzadənin “Kimdir haqlı” əsərində Həyat, Vilyam Şekspirin “Hamlet”ində Ofeliya, Lorkanın “Dişi canavar”ında Prudensiya, Cəlil Məmmədquluzadənin “Anamın kitabı”nda Zəhra bəyim, Vidadi Babanlının “Ana intiqamı”nda Səltənət, Anarın “Adamın adamı” əsərində Balaxanım, Cəfər Cabbarlının “Sevil”ində Sevil və s.) silsiləsi yaratdı. Hətta eyni vaxtda televiziya tamaşalarında rol aldı. Qaynar iş sistemində çalışan tələbə-aktrisa, elə həmin vaxtlarda da kino üçün də kəşf edildi və ilk dəfə 1961-ci ildə “Bizim küçə” filmində Asya rolunu oynadı və sonralar ardıcıl olaraq müxtəlif janrlı bədii filmlərə (“Sevil”, “Arşın mal alan”, “Alma almaya bənzər”, “Qaynana” “Dərviş Parisi partladır”, “Bizim Cəbiş müəllim”, ”İstintaq davam edir”, “Qatır Məmməd”, “Bizim küçə”, “Tütək səsi”, “O qızı tapın”, “Sahilsiz gecə”, “Qətl günü” “Təxribat”, “Əlavə iz”, “Şir evdən getdi” və s.) çəkildi. Aktrisanın filmlərdə oynadığı rollar bir başqa ruh üzərində köklənir və teatrdakı rollarından dəfələrlə seçilir. Ümumiyyətlə teatrda çalışan aktrisa üçün kinoda çəkilmək o qədər çətin olmaya bilər, ancaq hər aktrisa da kinoda davam gətirə bilməz. Ona görə ki, teatr canlı səhnə olduğu üçün, salonda tamaşaçı həyəcanını hiss edərək oynamaq obrazın təbii ifasına geniş şərait yaradır. Ancaq kinoda sadəcə kameraya baxaraq bu təbiiliyi qoruyub saxlamaq o qədər də asan deyil, əksinə ikiqat, bəlkə daha çox zəhmət, istedad, qabiliyyət tələb edir.

Səfurə İbrahimovanın xoşbəxtliyi onda idi ki, sadaladığımız bütün keyfiyyətlər onda var idi, çünki o aktrisa olmamışdı, aktrisa doğulmuşdu. Kameraya elə sevgi ilə baxırdı ki, hələ iri planda olan səhnələrdə onun baxışları bütün təbiətini ortaya qoyurdu, aktrisa oynamırdı, məhz yaradırdı.

…Sənət adamı nə zaman xoşbəxt olur desələr, yəqin ki, hər biri “Səhnədə, ekran qarşısında, kamera önündə” deyər. Səfurə xanım üçün isə bu sevgi bir qədər fərqli idi, çünki səhnə elə onun həyatı idi. Belə bir sevgi qısqanılmazmı, deyə soruşsalar, əlbəttə ki, cavab hazır, həm də elə qısqanılır ki, ona həyatı bahasına başa gələ bilər. Zamanında doğma teatrında ona qarşı haqsız mövqe tutan həmkarları çox oldu, hətta onun aktrisalıq qürurunu (yəqin ki, belə düşünürdülər) alçaltmaq üçün “sən qulluçunu oynamısan”  deyənlər də oldu. Səfurə xanımın 1965-ci ildə çəkilən “Arşın mal alan” filmində Telli obrazı və “Dərviş Parisi partladır” filmində oynadığı Sənəm obrazı nəzərdə tutulurdu…

Bir şeyi anlamırdılar ki, dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan”ında ən kiçik rol oynamaq böyük məsuliyyət idi və rejissor Tofiq Tağızadə də bu məsuliyyət yükünə görə sınaq çəkilişlərinə böyük tələbkarlıqla yanaşıb, eləcə də digər filmlər…

Bu iradı tutanlar yəqin ki, onu da anlamırdılar ki, sənətin zirvəsi obrazın böyüklüyü, kiçikliyi ilə deyil və ya əsas obrazlar, məsələn xanım obrazları ilə, 2-ci, 3-cü dərəcəli rollarla da deyil, sadəcə sənətkarlıqla ölçülür. Ən önəmlisi isə xanım, bəy obrazları yaratmaqla xanımlıq, bəylik statusu qazanmaq mümkün deyil. Onu səhnədə incidən, onun gözəlliyini, istedadını qısqananların əksəriyyəti dünyasını dəyişib, sağ qalanlar isə heç yada da düşmür…Bu da həyatın ironiyası, kiminin əvvəli, kiminin axırı, buna deyirlər…

Zamanında o böyük sevgini, hörməti qazanan, tamaşaçını incitmədən, yormadan səhnədən gedən və illər uzunu sənətdən uzaq qalsa belə, axtarılan, sağlığında özünə sənət abidəsi ucaldan Səfurə xanım haqqında söz demək, onu layiq olduğu yerə yüksəltmək, sənət sevgisindən bəhs etmək, obrazlarını təhlil etmək nə qədər çətin olsa da, çalışdıq ki, gözəl aktrisamızın portretini kiçik detallarla da olsa yazı üzərinə həkk edək…

Haqq dünyasına qovuşan Səfurə İbrahimovanın yoxluğu Azərbaycan mədəniyyəti üçün ağır itki olsa da, mədəniyyətimiz onu çoxdan itirmişdi ki, bu da bir reallıqdır. Onu yaşadan tamaşaçı, geniş mənada desək, xalq sevgisi idi.

Sənət dostlarının dediyinə görə, bir vaxtlar aktrisa küçə ilə gedərkən, tamaşaçılar onu yolda görəndə elə gözəl hörmətlə salamlayıb, elə sevgi ilə yola salırdılar ki, bunu sadəcə görmək lazım idi…

Soyuq bir dekabr ayında dünyaya gələn, acılı-şirinli 82 il ömür sürən və elə soyuq bir dekabr ayında da dünyasını dəyişən, eyni sevgi və hörmətlə ürəklərdə yaşayan, Azərbaycan teatr və kinosunun XANIM aktrisası, Xalq artisti Səfurə İbrahimovanın ölümündən kədərlənir, Allahdan rəhmət diləyirik…

X.QİYAS