Səyavuş Şəfiyev - 85

Əhməd (“Əhməd haradadır”), Rüstəm (“Uşaqlığn son gecəsi”), Altay (“Ən vacib müsahibə”), Firudin (“O qızı tapın”), Mahmud (“Nəsimi”) kimi maraqlı obrazlar oynayan, əməkdar artist,  rejissor, idmançı Səyavuş Şəfiyevin dünyaya göz açdığı gündür, yaşasaydı 85 yaşını qeyd edəcəkdi.

Səyavuş Şəfiyev 1 sentyabr 1937-ci ildə anadan olub. Orta məktəb illərində boks üzrə müxtəlif yarışların qalibi olsa da sonralar taleyini sirkə bağlayır. Sənədlərini Ümumittifq Sirk Məktəbinə verir, akrobatika üzrə dərəcə alır və təhsilini bitirincə “Soyuzsirk”ə göndərilir. Tez bir vaxtda peşəkarlıq istiqamətidə addım atmağa başlayır ki, bunda da Moskva sirkinin tanınmış artistlərilə olan tanışlıq böyük rol oynayır.

1972-ci ildə Səyavuş Şəfiyev Bakı Sirkinə  bədii rəhbər göndərilir. Fəaliyyətininik ilk günlərindən bir-birindən maraqlı sirk proqramları hazırlayaraq geniş tamaşaçı auditoriyasına təqdim edir Həmin proqramlar öz dövrü üçün böyük hadisə idi. Bu baxımdan da populyarlıq qazanır. Onun Bakı sirkindəki fəaliyyəti o qədər diqqəti çəkir  ki, Moskvaya dəvət olunur və “Səhnədə sirk” birliyinin quruluşçu rejissoru təyin edilir.

Səyavuş Şəfiyev istər idmançı görünüşü, istərsə də sirkdəki fəaliyyətilə tez bir vaxtda kinorejissorların da diqqətini çəkir.

İlk dəfə 1963-cü ildə lentə alınan “Əhməd haradadır?” filminə çəkilir.

Sabit Rəhmanın ssenarisi əsasında görkəmli rejissor Adil İsgəndərovun quruluş verdiyi film müasir həyatımızdan, gənclərin köhnəlmiş adət-ənənələrə qarşı etirazlarından bəhs edir və hadisələr əsasən kənddə və şəhərdə cərəyan edir.

Səyavuş Şəfiyev ilk dəfə çəkildiyi “Əhməd hardadır?” filmi ilə daha çox populyarlıq qazanır ki, nəticədə kino həyatında maraqlı obrazlar qalereyası yaratması önündə üçün geniş imkanlar açılır.

Yeri gəlmişkən, öz dövründə ciddi tənqidlərə məruz qalıb. İlk dəfə çəkildiyi filmin narazılıqlara səbəb olması Səyavuş Şəfiyevdə peşmançılıq hissləri yaradır, belə bir filmdə rol oynadığı üçün təəssüf edir. İllər sonra filmə olan maraq artır, tənqid demək olar ki, arxa plana keçir. Bütün bunların şahidi olan aktyor bu dəfə belə bir filmdə oynadığı    üçün taleyindən razı olduğunu bildirir və “Yaxşı ki, Adil müəllim məni bu rola çəkdi” deyir.

S.Şəfiyev filmlə bağlı xatirələrində onu da deyib ki, Əhmədin evdən qaçma səhnəsi çəkilərkən mən də pəncərədən qonşu həyətə tullanmalı, sonra da hasardan aşıb aradan çıxmalıydım: “Bu zaman qonşu həyətdən üstümə it cummalıdı. Elə birinci dublda it məni qapdı. Bərk qorxmuşdum. Adil müəllim “Qada, bu səhnə 10-15 dəfə çəkiləcək, hər dəfə də bu it Səyavuşu qapsa, onda can qalmaz…” deyib iti zəncirə saldı. Filmə diqqətlə baxanda itin zəncirləndiyi görünür”.

Bu filmdən 5 il sonra 1968-ci ildə onu “Uşaqlığın son gecəsi” filmində Rüstəm obrazına dəvət olunur.

Maqsud İbrahimbəyovun eyniadlı hekayəsinin əsasında çəkilən filmə kinorejissor Arif Babayev quruluş verir. Filmdə mərkəzi fiqurlar Murad və Rüstəmdir ki, hadisələrin mərkəzində də hər iki gənc durur. Məsuliyyət hissi, vətəndaş mövqeyi süjetdə ön plana çıxır. Ət kombinatında baş verən cinayətkarlıq, onun üstünün açılmasında qəhrəmanların göstərdiyi köməklik, müxtəlif insanlarla tanışlıq onlara ciddi həyat dərsi verir. Filmdəki sevgi xətti isə xüsusilə diqqətdə dyanır.

Səyavuş Şəfiyev Əhməd obrazında nə qədər çox sadə və çılğındırsa, Rüstəm obrazından bir təmkinlilik, qürur nümayiş etdirir.

Sonralar o, “Ən vacib müsahibə” filmində yaratdığı jurnalist Altay obrazı ilə də marqlı ifa nümayiş etdirir. Eləcə də “O qızı tapın”, “Nizami”, “Nəsimi” və s. filmlərdəki epizodik rollara çəkilməkdən də imtina etmir.Bəlkə də sonralar onun kino həyatı davam edə bilərdi, ancaq səhhətindəki problemlərlə bağlı incəsənətdən uzaqlaşır.

Bu gün Səyavuş Şəfiyevin 85 illik yubileyidir. Doğrudur, az rollar ifa etdi, ancaq maraqlı obrazlara öz möhürünü elə vurdu ki, kino tarixinə adını əbədi olaraq həkk etməyi bacardı.

Aktyor, rejissor, idmançı Səyavuş Şəfiyevi yubuley yaşında böyük hörmət və ehtiramla yad edirik!

aki.az