``SAHƏ`` bədii filmi nümayiş olundu

Iyunun 6-da Azərbaycan kinoteatrında milli kinomuzun 125, “Azərbaycanfilm” Kinostudiyasının 100 və Azərbaycan Kinematoqrafçılar İttifaqının 60 illiyi münasibətilə rejissor İlqar Safatın “Sahə” bədii filmi nümayiş olundu.

Tədbirin moderatoru Sevda Sultanova çıxışında bildirdi ki, “Sahə” 2008-ci ildə çəkilsə də, digər filmlər kimi YouTube platformasında yoxdur: Odur ki, bu gün siz onu izləmək imkanı əldə edəcəksiniz. “Sahə” müştərək layihədir, Azərbaycan və Gürcüstan kinoşirkətlərinin birgə əməkdaşlığı çərçivəsində istehsal olunub. Azərbaycandan “Narimanfilm”, Gürcüstandan “Georgiafilm” və “Bagirafilm” kino şirkətləri istehsalat prosesində iştirak ediblər. Eyni zamanda filmə Mədəniyyət Nazirliyi də maliyyə dəstəyi ayırıb. Filmdə Azərbaycan aktyorları ilə yanaşı gürcü aktyorları da iştirak edib. Bu gün gürcü aktyorları tədbirimizdə olmasalar da, əvəzində yaradıcı heyətin əsasını təşkil edən aktyorlarımızın bir qismi buradadır”.

Daha sonra moderator səhnəyə filmin yaradıcı heyətini dəvət etdi. “Sahə” filminin ideyasının necə yaranması haqda danışan İlqar Safat bildirdi ki, bu, onun tammetrajlı bədii debütüdür: “Buna kimi isə mən sənədli filmlər çəkmişəm. Filmin ideyasının yaranması psixologiyaya, haradasa psixodeliyaya, şamanizmə olan marağımla bağlıdır. “Sahə”nin  ideyası yuxuda yarandı. Bu hadisəni, onun fabulasını yuxuda gördüm və yazdım. Amma nə vaxtsa onu çəkəcəyim ağlıma gəlməzdi. “Sahə” arxetipik, bibliyasayağı bir hekayədir. Və burada şüur axını fəndindən istifadə olunub”.

Rejissor daha sonra qeyd elədi ki, onun üçün filmdə əsas məsələ atmosfer yaratmaqdır və “Sahə” filminin estetik təsvir həllinə xüsusən, 1960-cı illərin nuar kinosu təsir göstərib.

Filmdə birinci polis rolunu oynayan, Xalq artisti Məmməd Səfa filmin çəkilişləri ilə bağlı maraqlı xatirələrini bölüşdü: “Mən fürsətdən istifadə edib, “Sahə” filminin yaradıcı heyətini təbrik edirəm.  Çəkilişdən 15 il keçməsinə baxmayaraq, müəyyən həyəcan hissi keçirirəm. Çünki çəkilsəm də, filmi görməmişəm. Yəqin ki, bu gün mənim üçün önəmli günlərdən birinə çevriləcək. “Sahə” mənim üçün həm də ona görə dəyərlidir ki, burada öz müəllimim Vaqif İbrahimoğluyla birgə çəkilmişəm, hətta tərəf müqabili olmuşam. Bu mənim üçün həddən artıq dəyərli bir faktdır. Çünki hər tələbəyə öz müəllimiylə işləmək nəsib olmur. Şükürlər olsun ki, mənə qismət oldu. Təəsüf ki, Vaqif müəllim bu gün həyatda yoxdur. Olsaydı, bizdən fərqli olaraq, tamam başqa fikirlər deyərdi. Çəkiliş müddətində qəribə hadisələr baş verdi. İlk çəkiliş günü Xətai metrosunun yanında köhnə bir kitabxanada idi. Vaqif müəllim kostyumda idi, saçlarını qırxıblar, gözəl də fakturası var. Mənə dedi ki, başlayıram, diqqətlə bax, birdən nəyisə düz eləməsəm işarə elə. Dedim baş üstə. “Motor” deyildi. Müəllim birdən emosiyalarını cilovlaya bilmədi, coşqun şəkildə danışmağa başladı. Mən də qıraqdan işarə edirəm ki, müəllim, eləməyin. Vaqif müəllim “stop” dedi.  Məni çəkdi qırağa ki, nə olub. Dedim, müəllim, eləməyin, sizin gözəl fakturanız var, lazım deyil o dərəcədə coşmaq. Sadəcə sözünüzü deyin. Zarafatla dedi ki, sən mənə öyrədəcəksən?! Dedim Allah eləməsin. Dedi düz deyirsən. Mən daha nəsə demədim, yaraşmazdı mənə müəllimə bir də nəsə deyim. Bir daha deyirəm, bu gün önəmli gündür, 15 il əvvəl baş verənlər yada düşür, istər-istəməz adam kövrəlir. Arzu edirəm ki, belə filmlər kaş bütün aktyorların həyatında çox olaydı. Bir daha  İlqar müəllimi, Nəriman müəllimi təbrik edir və onlara bol uğurlar arzulayıram”.

Filmdə baş rolun ifaçılardan biri Qəribin uşaqlığını oynayan Timur Oduşev qeyd elədi ki, bu filmə çəkiləndə çox gənc idi: “11 yaşım vardı bu rola seçiləndə. Orada gənc fotoqrafı oynayırdım.  Filmə çəkilmək həyatımda böyük addım oldu. Filmlə bağlı xatirələrim çoxdur. Bu filmdəki roluma görə  Hollivuda getdim və “Hollivudun gənc istedadları” mükafatını aldım”.

İlqar Safatla əməkdaşlıqdan zövq aldığını deyən, Sonaxanım Mikayılova bu cür maraqlı filmdə rol aldığı üçün qürur duyduğunu dedi.

Fiilmdə topal obrazını canlandıran Aktyor Midhət Aydın da maraqlı xatirələrini bölüşdü.

Qeyd edək ki, misteriya janrında çəkilən filmin süjetinə görə, məşhur fotoqraf və nişanlısı yol-nəqliyyat qəzasından sonra polis SAHƏ-sinə düşürlər. Bu SAHƏ-dən sağ-salamat çıxmaq üçün, o, burada öz qorxularını qoymalıdır.

Filmin operatorları Konstantin Esadze, Varlam Karçxadzedir. Digər rolları Zaza Bejaşvili və Melissa Papel ifa ediblər.

“SAHƏ” filminin nümayişi Azərbaycan Kinematoqrafçılar İttifaqının layihəsi çərçivəsində baş tutub.

aki.az