``Sarı gəlin``in sorağında`` sənədli filmi Göygöl rayonunda nümayiş olunub

AR Gənclər və İdman Nazirliyi, Qərbi Azərbaycan İcması, “Regional İnkişaf” İctimai Birliyi, “ASAN Könüllüləri” Təşkilatı və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə  Göygöl rayonunda “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” gənclər düşərgəsi təşkil olunub.

Dekabr ayının 22-dən 24-dək Göygöl Olimpiya İdman Kompleksində təşkil edilən düşərgənin məqsədi ölkəmizin müasir tarixinin aktual mövzuları, Qərbi Azərbaycan həqiqətləri ilə bağlı könüllülərin daha geniş məlumatlandırılması və onların proqram əsaslı işinin təşkil edilməsi, həmçinin Azərbaycan həqiqətlərinin yerli və beynəlxalq ictimaiyyət arasında mütəşəkkil yayılmasında könüllülərin fəallığının təşviq olunmasıdır.

“Regional İnkişaf” İctimai Birliyi, “ASAN Könüllüləri” Təşkilatı və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin könüllülərinin iştirak etdiyi tədbirlər çərçivəsində  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən istehsal olunmuş “Sarı gəlin”in sorağında” tammetrajlı sənədli filmi də nümayiş etdirilib.

Xatırladaq ki, “Qərbi Azərbaycan: Maddi və mədəni irsimiz” layihəsi çərçivəsində hazırlanmış “Sarı gəlin”in sorağında” tammetrajlı sənədli filminin əsas məqsədi Qərbi Azərbaycan ərazisindəki maddi və mədəni irsimizin təbliği, 200 ilə yaxındır ki, ermənilərin bu irsin məhv edilməsi yönündə fəaliyyətlərinin ifşasıdır.

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevin rəhbərliyi altında hazırlanmış filmin ssenari müəllifi Füzuli Sabiroğlu, rejissoru Mübariz Nağıyev, elmi məsləhətçiləri Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, f.f.d Əziz Ələkbərli və AMEA Tarix İnstitutu Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri t.f.d Cəbi Bəhramovdur.