SDU-da ``Sarı gəlinin sorağında`` sənədli filminin təqdimatı keçirildi

Noyabrın 22-də Sumqayıt Dövlət Universitetində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Kinematoqrafçılar İttifaqının həyata keçirdiyi “Qərbi Azərbaycan: maddi və mədəni irsimiz” layihəsi çərçivəsində “Sarı gəlinin sorağında” tammetrajlı sənədli filmin və western-azerbaijan.az saytının professor-müəllim və tələbə heyəti üçün təqdimat mərasimi keçirildi.
Açılış nitqi ilə çıxış edən Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri professor Avtandil Məmmədov iştirakçıları rektor Rüfət Əzizovun adından salamlayıb, Qərbi Azərbaycanın tarixi və mədəni irsinin araşdırılması və təbliğ olunması üçün görülən işlərdən danışdı, filmin İrəvanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətini vurğuladı. Qərbi Azərbaycanın digər bögələrindəki maddi-mədəni irsimizin üzə çıxarılmasına, tanıdılmasına və təbliğinə böyük ehtiyac olduğundan bu layihənin davamlı olmasının vacibliyini vurğuladı, filmin yaradıcı heyətinə təşəkkürlərini bildirdi.
Saytın yaradıcısı və filmin ssenari müəllifi Füzuli Sabiroğlu ümumi layihə haqqında tamaşaçılara məlumat verdi və Qərbi Azərbaycanın maddi və mədəni irsinin təbliğinə həsr olunan və 3 dildə (Azərbaycan, ingilis və erməni) fəaliyyət göstərəcək saytın bundan sonra da Qərbi Azərbaycan İcması və AMEA Tarix institutunun Qərbi Azərbaycan Tarixi şöbəsi ilə əməkdaşlıq çərçivəsində daha da inkişaf etdiriləcəyini söylədi.
Çıxışlardan sonra sənədli film nümayiş olundu.

Xatırladaq ki, süjet xətti “Sarı gəlin” xalq mahnısının və Hikmət Babaoğlunun “Akdamardan Sarı Gəlinədək erməni yalanı” əsərinin motivləri üzərində qurulan “Sarı gəlinin sorağında” tammetrajlı sənədli filminin əsas məqsədi Qərbi Azərbaycan ərazisindəki maddi-mədəni irsimizin təbliği, 200 ilə yaxındır ki, ermənilərin bu irsin məhv edilməsi yönündə fəaliyyətlərinin ifşasıdır.

SDU-nun mətbuat xidməti