SEVİL Beynəlxalq Qadın Sənədli Film Festivalı keçirilib

Avqustun 25-dən 29-dək Gəncə şəhərində SEVİL Beynəlxalq Qadın Sənədli Film Festivalı keçirilib.

Xəbər verdiyimiz kimi, SEVİL Beynəlxalq Qadın Sənədli Film Festivalı – müstəqil sənədli film festivalıdır və festival proqramı çərçivəsində nümayiş olunan filmlərin əsas meyarı gender məsələlərinə toxunmaqdan ibarətdir. Festivalın bu ilki buraxılışı qadın qətllərinə həsr edilib. Məqsəd hər zaman aktual problem olan və təəssüf ki, son illərdə daha da artan qadın ölümlərinə diqqət çəkməkdir. Bu ilki sloqan “Mən bahara layiqəm” şiddətə qarşı qadın birliyi və yaxşı yaşam şərtlərinə çağırışdır.

Qeyd edək ki, II Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalına 74 ölkədən 420 film göndərilib. Seçim komitəsi tərəfindən seçilən 21 film, “Ən yaxşı tammetrajlı sənədli film”, “Ən yaxşı qısametralı sənədli film” və “Ən yaxşı yerli sənədli film” kateqoriyaları üzrə yarışıb. Eyni zamanda festivalın proqramı masterklas, müzakirələr, rejissorlarla sual-cavab sessiyaları, performativ teatr, interaktiv incəsənət və inkluziv tədbirlər ilə zəngin keçib.

Avqustun 24-də Uçan Süpürge Beynəlxalq Qadın Filmləri Festivalının əməkdaşlarından biri olan, rejissor Deniz Şengenç ilə “Biz Baharı Birlikdə Yaradırıq” mövzusu üzərində panel diskussiyası baş tutub.

Müsabiqə proqramının bütün filmləri orijinal dilində, azərbaycanca alt yazı ilə nümayiş etdirilib.

II Sevil Festivalının bu ilki qalibləri Braziliya və Livandan olub. Yerli müsabiqədə ən yaxşı Film mükafatına Sənan Səfərovun “Anamla dəqiqələr”, Ən yaxşı beynəlxalq tammetrajlı sənədli film mükafatına Livandan Sandra Madinin “Ayaqlarımın altındakı cənnət” və ən yaxşı beynəlxalq qısametrajlı sənədli film nominasiyasına Braziliyadan Thais DeMelonun “Bu ilham pərisi deyil” filmi layiq görülüb.

Müsabiqədə iştirak edən tammetrajlı filmlər arasında Fransa istehsalı olan “Rioya çağırışım” sənədli filmi, beynəlxalq qısametrajlı filmlərdən isə, Çexiya istehsalı “Qara və Ağ” filmləri münsiflər heyətinin xüsusi təltifinə layiq görüldü. Qaliblər 4-ü xarici olmaqla 6 münsiflər tərəfindən dəyərləndirilib. Münsiflər heyətində Nik Voigt, Maria İbrahimova, Marika Kochiashvili, Nərgiz Məmmədli, Nezih Orhon və Mir Bağır İsmailov yer alıb.

“Mən Bahara Layiqəm” sloqanı ilə festival fiziki olaraq 500 nəfərə yaxın insana çata bilib. Festivalda əsasən Gəncə, Şəmkir, Bakı və Ağdamdan olan iştirakçılar qatılıb.

Yeri gəlmişkən, festivalda iştirak edə bilməyənlər “Kənardakılar” layihəsi çərçivəsində filmləri izləyə və müzakirələrdə iştirak edə bilər. “Kənardakılar” layihəsinə 3 sentyabrda ilk olaraq, Şəmkir Gəncləri İnkişaf və Karyera Mərkəzi və daha sonra Şəmkirin ucqar Qapanlı kəndinə səyahət baş tutub. Qapanlı kəndində, yerli əhalinin iştirakı ilə festivalın bu ilki proqramına daxil olan qısa sənədli film nümayişi və erkən evlilik mövzusunu işıqlandıran performativ teatr nümayiş etdirilib. Bundan başqa, festivalın təşkilatçılıq işlərində xüsusən Gəncə və Gəncə ətrafından olan aktiv gənclər əməkdaşlığa cəlb olunub.

2020-ci ilin sentyabrından fəaliyyətə başlayan Sevil Beynəlxaq Qadın Film Festivalı müstəqil Sevil-BQSFF yerli sənədli film sahəsinin inkişafına təşviq etmək, sənədli film üzrə yerli və xarici peşəkarlar arasında təcrübə mübadiləsi üçün platforma yaratmaq, yeni yerli sənədli filmlərinin, eləcə də beynəlxalq müştərək məhsulların yaradılmasını təşviq etmək, eyni zamanda, sənədli filmlər vasitəsi ilə gender məsələlərinə diqqət çəkmək məqsədi ilə yaradılıb. Və onu da qeyd edək ki, “Sevil” adı Azərbaycanda qadın emansipasiyasını təmsil edən Cəfər Cabbarlının Sevil pyesindən götürülüb.

Azərbaycan Kinematoqrafçılar İttifaqı və İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin dəstəyi ilə keçirilən festival daxilində tədbirlər və nümayişlərə giriş ödənişsiz olub.

Tədbirdə iştirak Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarları əsasında tənzimlənib.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov belə festivalların keçirilməsinin vacib olduğunu bildirir və qeyd edir ki, festival hərəkatı formalaşmamış kinomuzun inkişafı mümkün deyil. Bu baxımdan da Azərbaycan Kinematoqrafçılar İttifaqı belə festivalların keçirilməsini dəstəkləyir.

aki.az