Seymur Elsevər – Ömür yolunun yarısında

Azərbaycan Kinematoqrafçılar ittifaqının üzvü, sənətşünas Seymur Elsevərin 50 yaşı tamam olur.

Yarım əsrlik tarixi bir ömrə sığışdırmaq, gərgin, zəhmət dolu həyatı yaşamaqla keçən saatın, vaxtın əsiri olmayan, hər gələn günün öz iş proqramı ilə  gündəmin nəbzini tutan sənətşünasın, kövrək notlar üzərinə kökləndiyi bu yubiley yaşında keçdiyi yola nəzər salmağa çalışacağıq və Azərbaycan kinosu üçün gördüyü işləri xüsusilə diqqətinizə çatdıracağıq.

Əslində S.Elsevər canlı tarixləri görməklə, onların həyatını, yaradıcılığını qələmə almaqla özünə ustadların sırasında yer alıb.  Çünki Azərbaycan kinosunun uzun illəri, öz dediyi kimi,  onun gözləri qaşısından keçib: “İndi haqq dünyasına qovuşmuş neçə-neçə sənətkarlarla ünsiyyətdə olmuşam. Sovetin son günlərində yeni iqtisadi münasibətlər şəraitində film çəkilişləri gözümün önündədi. Sponsor anlayışı dilimizdə təzə-təzə özünə yer eləyirdi. Uzun illər dövlət himayəsində yaşayıb-çalışan kinoçular yeni qaydalara alışa bilmirdilər. Əksəriyyət ürəyindən keçəni çəkmək üçün meydan açıldığına sevinsə belə, maliyyə tapmaq müşkülüylə üz-üzə qaldığından özlərini anlaşılmaz, çaşqın vəziyyətdə hiss edirdilər”. Bu barədə bir qədər sonra…

Yeri gəlmişkən, onun mətbuatdakı fəaliyyəti artıq üç onilliyi geridə qoyub. “Bakı”, “Ekspress”, “Mədəniyyət”, “Kino”, “Səhər”, “Press-fakt”, “Panorama” və b. qəzetlərdə mütəmadi olaraq geniş həcmli, eyni zamanda maraqlı yazılarla çıxış edib. Bu yazılar sadəcə məqalələrdən ibarət deyildi, həm də, dünya və Azərbaycan mədəniyyətinə, töhfələr verən görkəmli insanlarla olan müsahibələr idi.

O, fəaliyyəti boyunca yazmaqla kifayətlənməyən qələm sahiblərindən olub. Öyrənmək, daima öz üzərində çalışmaq, mütaliə etmək, hətta müsahibləri qarşısında təvazökarlığı ilə seçilmiş, özünü tələbə kimi kimi hiss etmiş, buna baxmayaraq fikirləri, düşüncələri ilə onları heyrətə gətirməyi bacarmış şəxslərdəndir.

Seymur Elsevər haqqında həmkarları daima maraqlı bir fikri səsləndirir – fenomenal yaddaş sahibi – Bir dəfə eşitdiyini yaddaşa yazmaq, qələmdən çıxan hər sözə həssaslıqla yanaşan, hətta Mədəniyyət və İncəsənət Universitetində “Ədəbi iş”, “Kino tarixi”, “Kino tənqidi” fənlərindən dərs dediyi dövrdə belə bu xüsusiyyəti ilə seçilməsi sadəcə onun haqqında danışılan faktlardan biridir.

Kino haqqında geniş məlumatı olan sənətşünas deyir ki, 1990-cı illərin birinci yarısında studiyalara parçalanmış “Azərbaycanfilm” kinostudiyası miskin görkəmə düşmüşdü: “Şöhrətli çağlarından nişanə qalmamışdı. Daş-divar, texnika həminkiydi, mühitsə tamam başqa. Bir vaxt dəhlizlərində insanlar qaynaşan, səs-küyündən qulaq tutulan nəhəng kinofabrika indi suyu sovrulmuş dəyirmana dönmüşdü. Çətin dövrüydü. Ancaq hələ Əjdər İbrahimov, Tofiq Tağızadə, Şamil Mahmudbəyov, Muxtar Dadaşov, Rasim Ocaqov, Həsən Məmmədov, Həsən Turabov, Şahmar Ələkbərov, Ceyhun Mirzəyev, Həsən Əbluc, Niyazi Bədəlov, Ədhəm Qulubəyov, Əhmədağa Muğanlı, Asif Əliyev və başqaları kimi istedad sahibləri, yüksək peşəkarlar vardı. Bəli, film yox, filmsizlik dərdi çəksələr də, varıydılar. Azərbaycan kinosunun say-seçmə filmlərində əməyi keçən, onun simasını müəyyənləşdirən bu insanlar sənət vurğunuydular. İşsiz-gücsüz, maaşsız qaldığı günlərdə ayaqlarını bir addım kənara qoymaq istəməyən fədailəriydilər. Xoşbəxtəm ki, adlarını çəkdiym sənətkarların hamısını görmüşəm, söhbətlər eləmişəm”.  Əslində canlı tarixlərlərlə söhbət, onların dünyasına baş vurmaq  maraqlı olduğu qədər məsuliyyətli olub.

Sənətşünas onların əksəriyyətini ayrı-ayrılıqda xatırlayaraq qeyd edir ki, yaşına görə qıvraq, şux, zarafatından qalmayan Tofiq Tağızadə özgə aləmiydi: “Müharibənin od-alovundan keçmiş, bir barmağını döyüşdə itirmiş Tofiq müəllim mükəmməl təhsil alması, sənətin sirlərinə yiyələnməsi danılmaz faktıydı. Bizim nəslin sevimli uşaq qəhrəmanı İsmayıl obrazını yaradan Ceyhun Mirzəyev dünyası bir başqaydı. Həsən Məmmədov, Həsən Turabov, Həsən Əbluc… Açığı, onların hər üçünü şəxsən tanıdığıma görə özümü çox xoşbəxt hesab edirəm. Adaşlar ayrı-ayrılıqda bir-birinə bənzəməyən xarakterə, yaradıcılıq potensialına malik olsalar da, sanki onları birləşdirən ümumi, ortaq nəsə vardı. Barat Şəkinskaya, Leyla Bədirbəyli, Ələddin Abbasov, Lütfi Məmmədbəyov Şamil Mahmudbəyov, Elçin Məmmədov, Sofa Bəsirzadə, Muxtar Avşarov, Məlik Dadaşov, Asif Əiyev kimi sənətkarlarla bağlı xatirələrim də onlardan yadigar qalan ən qiymətli mirasdı mənimçün. Barat Şəkinskayanın xanım-xatın söhbətlərini, həyatsevər Elçinin zarafatlarını, məzələrini, Leyla xanımın yaşlı vaxtında da saxladığı naz-qəmzəsini, bəy nəsilli Şamil müəllimin sadə, xeyirxah çöhrəsini, Lütfi müəllimin ötkəmini, Asif Əliyevin təmkinini, nurlu simasını unutmaq mümkün deyil”…

Hörmətli Seymur Elsevər, siz məhz həmin insanları gördüyünüz üçün onlarla canlı ünsiyyətdəı olduğunuz  üçün və hələ indən belə bu qədər xatirələr kitabı yazmaq üçün məhz ustadların davamçı rolunu oynayacaqsınız. Üzərinizdə böyük məsuliyyət var və buna görə də xoşbəxt insansınız. 50 yaş nədir ki,  ömür davam edir, görüləcək işlər, qələmə alınacaq xatirələr çoxdur.

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti adından yubiley yaşınız münasibətilə sizi ürəkdən təbrik edir, yaradıcılıq uğurları arzulayır və deyirik ki, “qələminiz hər zaman iti, sözünüz kəsərli olsun”.

Xədicə QİYAS