Suğra Bağırzadənin əsərlərindən ibarət fərdi sərgisi açılıb

11 oktyabrda Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, aktrisa, rəssam, Əməkdar artist Suğra Bağırzadənin sənət əsərlərindən ibarət fərdi sərgisi açılıb.

Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda təşkil olunan sərgidə Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, Xalq rəssamı Aydın Rəcəbov, Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyev, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini Rafiq Kərimov və başqaları iştirak edib,

Fərhad Xəlilov Suğra Bağırzadə və onun sərgisi haqqında iştirakçılara geniş məlumat verərək deyib ki, Suğra xanım bizim kinomuzda, ümumiyyətlə  ictimai həyatımızda özünəməxsus yer tutur: “O, həm də Rəssamlar İttifaqının fəal üzvüdür. Sənətkar kimi mütəmadi olaraq öz gözəl əsərlərdən ibarət fərdi sərgilərini açır. Qeyd etmək istərdim ki, bu sənət Suğra xanımın gözəlliyinə, onun daxili zənginliyinə yaraşan bir sənətdir. Suğra xanım bir çox mükafata, fəxri ada layiq görülüb və onun əsərləri dünya ölkələrində nümayiş olunub. Bütün bunlar onu göstərir ki, Suğra xanım insan kimi, sənət fədaisi kimi, eyni zamanda, layiqli vətəndaş kimi xoş sözlərə layiqdir”.

Qənirə Paşayeva qeyd edib ki, Suğra xanım haqqında illər öncə bir yazı yazmışdım: “Həmin yazı hətta mənim bir çox kitablarıma da daxil olub. Suğra xanım sənətini sevən çox gözəl sənətkardır. Həmin yazını yazarkən mən onun haqqında araşdırmalar da aparmışdım və çox şadam ki, bu sənətdə cığır açanların önündə məhz Suğra xanım gəlir. O, öz həyatında da, yaradıcılığında da gözəlliyi əks etdirir. Yaratdığı əsərlərlə və yaradıcılığı ilə insana gözəl duyğu, həmçinin enerji bəxş edir. Çox şadam ki, mütəmadi olaraq belə gözəl və fərqli sərgilər açır, biz də gəlib həvəslə iştirak edir, bu cür gözəlliklərdən zövq alırıq”.

Aydın Rəcəbov bildirib ki, Suğra xanımın bugünkü sərgisi öz gözəlliyi və fərqliliyi ilə seçilir: “Suğra xanım həm də Azərbaycan Kinematoqrafçılar İttifaqının, Azərbaycan Rəssamlar İttifaqının, Baltikyanı ölkələr və MDB Kinematoqrafçılar Konfederasiyasının üzvü, həmçinin 2003-cü ildən Dünya Floristika Şurasının Azərbaycandan olan ilk və yeganə üzvüdür”.

Ziyadxan Əliyev və Rafiq Kərimov Suğra Bağırzadənin sənəti haqqında məlumat verərək bildiriblər ki, “Azərbaycanfilm” kinostudiyasında “Ulduz”, “Yollar və küçələrlə”, “Dünyaya insan gəlib”, “Alma almaya bənzər”, “Şir evdən getdi”, “Tələ”, “Güllələnmə təxirə salınıb” və s. filmlərdə çəkilmiş aktrisa rəssam kimi də tanınıb.

Diqqətə çatdırılıb ki, sənətkar daxili aləmini, düşüncələrini, dünyaya baxışını güllərin ömrünü uzatmaqla, onlardan mürəkkəb kompozisiya yaratmaqla ifadə edir. Bu gün həm də Suğra Bağırzadə televiziya verilişlərində fəal iştirak edir, müxtəlif filmlərə çəkilir, zövq və məsuliyyət tələb edən bir işlə məşğul olaraq gözəl, eləcə də təravətli güllərin ömrünü uzadır.

Suğra Bağırzadə sərginin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirərək qeyd edib ki, bu il yubiley ilimdə – 75 yaşımda üçüncü sərgimdir: “Bu il silsilə sərgilər keçirməyi hədəfləmişdim, buna da əməl edirəm. Burada açılan sərgi mənim üçün çox vacibdir, ona görə ki, bu, dostlarım qarşısında bir hesabatımdır. Çünki izləyicilərdən başqa, burada mənim rəssam dostlarım da əsərlərimə qiymət verirlər. Bugünkü sərgimdə yeni əsərlərim də var. Bu baxımdan nar, çəmənliklər, daha sonra canlı güllərdən hazırladığım payız əhval-ruhiyyəsi və s. əsərləri qeyd etmək olar. Əsərlərimdə əsasən yaz əhvalı duyulur. Amma indi payız olduğuna görə, bu əsərləri xüsusilə meşələrdən yığdığım sarı güllərdən, həmçinin dibçək güllərindən böyük sevgi ilə yaratmışam”.

Daha sonra Suğra Bağırzadənin orijinal kompozisiyalarının nümayiş etdirildiyi sərgiyə baxış keçirilib.

aki.az