Tahir Tahiroviç: Azərbaycan öz tarixində ən şərəfli günlərini yaşayır

Ölkəmizdə hər sahədə hamının Qarabağ ruhuna kökləndiyi bir vaxtda kinematoqrafçılarımız da bundan kənarda qalmadı.

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, kinorejissor Tahir Tahiroviç Azərbaycanımızın haqq işi uğrunda olan mübarizəsini dəstəkləyərək bildirir ki, son bir ay ərzində Azərbaycan tarixində ən şərəfli günlərini yaşayır: “Nə gözəl ki, bu anların şahidi oluruq. Təbii ki, doxsanıncı illərdəki kimi bu dəfə də kinematoqrafçılar da xalqımıza, ordumuza öz kömək və töhfələrini verirlər. Bu təkcə xronikal çəkilişlər səviyyəsində  deyil.  Şəxsən mən də könüllü olaraq qeydiyyatdan keçmişəm və zamanımı gözləyirəm. Eyni zamanda da yardım kampaniyalarından da geri qalmıram. Türkiyəli kino prodüser dostum Özcan Dadanın Azərbaycan sevgisindən irəli gələn yardımı ilə Yevlax şəhərinə getdim və onun ürəkdən etdiyi köməkliyi əsgərlərimizə çatdırdım”.

T.Tahiroviç onu da qeyd edir ki, yardımlar hələ davam edəcək, dövlətimizin və ordumuzun yanındayıq.

GülQAR