“Telefonçu qız” filmi /Həsən Seyidbəylinin 100 illiyi/rubrikasında

“Telefonçu qız” povestinin yazıma tarixi 60-cı illərə təsadüf edir. Oxucular tərəfindən maraqla qarşılanan əsər öz dövründə yaxşı mənada böyük səs-küyə səbəb olur. Povesti oxuyub bəyənənlər sırasında rejissor İsidor Annenski də olur və o, bir rejissor kimi həmin əsəri film şəklində çəkməyə qərar verir. Ancaq sonrakı proseslərdə vəziyyət dəyişir filmi əsərin müəllifi, eyni zamanda rejissor Həsən Seyidbəyli çəkir.

Görkəmli rejissorun 100 illiyinə həsr etdiyimiz rubrikada bu dəfə onun quruluşunda çəkilən “Telefonçu qız” filmini seçdik.

1962-ci ildə “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi, Həsən Seyidbəyli ilə İsidor Annenskinin ssenarisi əsasında çəkilən, Həsən Seyidbəylinin rejissor işi olan “Telefonçu qız” filminin yaranma tarixnə səyahət edək.

Xatırladaq ki, Həsən Seyidbəylinin eyniadlı povesti əsasında ekranlaşdırılan filmdə gənc qız Mehribanın taleyindən və onun ilk məhəbbətindən danışılır.

 

İSİDOR ANNENSKİ ƏSƏRİN MƏNASINI DÜZGÜN ŞƏRH EDƏ BİLMƏDİYİ ÜÇÜN ONUN ÇƏKDİYİ “TELEFONÇU QIZ” FİLMİ UĞURSUZ OLDU

 

1943 – 1951-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində,  Ali ssenari kurslarında təhsil alan Həsən Seyidbəyli quruluşçu-reyissor dirlomunu aldıqdan bir müddət  işlə təmin oluna bilməyib. Məhz həmin ərəfədə o, ədəbi yaradıcılıqla məşğul olur və bir-birinin ardınca müxtəlif mövzuları əhatə edən əsərlər yazmağa başlayır. Yazıçının “Cəbhədən-cəbhəyə”, “Kənd həkimi”, “İllər keçir”, “Uzaq sahillərdə”, “Telefonçu qız”, pyesləri, publisistik məqalələri, oçerkləri daima ədəbi tənqidin diqqət mərkəzində olsa da, sadəcə ədəbi yaradcılıqla məşğul olmaq Həsən Seyidbəylini qane elə bilməzdi. Və yaradıcılıqla məşğul olduğu illərdə bir neçə sənədli filmlər də çəkir, ancaq əsas arzusu tam metraylı film çəkmək idi.

Rejissor müsahibələrində bu barədə deyib: “İnstitut illərindən sonra 1943-cü ildə Bakı kinostudiyasına gəldim. O zaman ölkəmizdə indiki qədər film istehsal olunmurdu. Yaxın bir neçə ildə kino çəkəcəyimə ümid etmədiyimdən, yeniyetmə yaşlarımdan gizlincə məşğul olduğum yazıçılığa təzədən həvəsləndim, ssenarilər, hekayələr yazmağa başladım”. Elə həmin məqamlarda yazıçının “Telefonçu qız” povesti çardan çıxır və yuxarıda qeyd etdiyyimiz kimi reyissor İsidor Annenski povesti film şəklində çəkməyi qərara alır. O, öncə müəlliflə görüşüb danışır.

Həsən Seyidbəylinin dediklərindən: “Günlərin birində tanınmış kinoreyissor İsidor Annenski mənə müraciət edərək povesti oxuduğunu və povest əsasında film çəkmək arzusunda olduğunu bildirdi. Ssenarini birgə yazdıq”. Bəlkə də hər şey öz qaydasında gedə bilərdi və nəticədə də İsidor Annenski maraqlı bir kino nümunəsi yaradardı. Ancaq hazırlıq prosesi zamanı yanlış addımların atılması uğursuzluqla nəticələnir. unun səbəbini Həsən Seyidbəyli belə izah edib: “Elə rejissorlar var ki, onlar, demək olar ki, bütün filmlərinə eyni aktyorlar dəvət edirlər. Annenski də bu yolu tutmuşdu. Belə ki, o filmin çəkilişinə daima birgə işlədiyi, necə deyərlər “öz aktyorları”nın çoxunu dəvət etmişdi”. Beləliklə də çəkilişlər başlanır. Ancaq bu zaman gözlənilməz hadisə baş verir: “Filmin bir çox epizodları çəkiləndən sonra Moskva Kino Komitəsinin redaktorları çəkilən materiallara baxıb işi dayandırdılar və Annenskiyə bildirdilər ki, əsərin mənasını düzgün şərh edə bilməyib, ümumiyyətlə isə çəkilən material povestin ruhuna yaddır”. Bu da o demək idi ki, İsidor Annenski çəkilişi davam etdirə bilməz. Filmin istehsalı dayandırılır.

1962-Cİ İL…”ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT” QƏZETİ YAZIR:

“Azərbaycanfilm” kinostudiysının yaradıcı kollektivi Mehribanın sərgüzəştini kino dili ilə danışmağı qərara almışdı. Studiyanın bu sahədə atdığı ilk addım heç də uğurlu olmamışdır. Bir neçə müvəffəqiyyətsiz səhnə çəkildikdən sonra kinostudiyanın Bədii Şurası “Telefonçu qız” qrupunun işini dayandırmaq məcburiyyətində qalmışdı. Əlbəttə, studiyada bir filmin çəkilişinin dayandırılması ilk növbədə planın yerinə yetirilməsi deməkdir. Bu məsuliyyəti hamı başa düşür, vəziyyətdən çıxmaq üçün yollar axtarırdı. Belə çətin vaxtda heç kəsin gözləmədiyi bir hadisə baş verdi. Ssenarinin müəllifi filmin çəkilişinin ona tarşırılmasını Bədii Şuradan xahiş etdi. Bu, bir çoxunun təəcübünə səbəb olsa da, yazıçının xahişi yerinə yetirildi. Axı, H.Seyidbəyli Ümumittifaq Kinematoqrafiya İnstitutunun rejissorluq şöbəsini bitirmişdir. Həm də onun bir reyissor kimi əsərə verdiyi traktovka düzgün idi. Həmin hadisədən dörd aya yaxın vaxt keçmişdi. Bu günlərdə əməkdaşımız kinostudiyada H.Seyidbəyli ilə görüşərək onun filmlə bağlı fikirlərini öyrənmişlər. “İlk günlər vəziyyətimiz olduqca çətin idi. Köhnə heyət çox vaxt itirmişdi, xeyli pul xərclənmişdi. Biz qabaqcadan təsdiq olunmuş cədvələ riayət etmək şərtilə filmi az vaxtda, həm də yaxşı çəkməli idik. Bunun üçün bütün qüvvələrimizi səfərbəyliyə aldıq. Kollektivimiz, demək olar ki, əsl qəhrəmanlıq göstərmişdir. Film artıq çəkilib qurtarmaq üzrədir. Bədii Şura hazır işlərimizə müsbət qiymət vermişdir. Ancaq bizim üçün ən böyük qiymət yüksək zövqlü tamaşaçılarımızın rəyi olacaqdır. Onu da qeyd edim ki, filmdə maraqlı aktyor ansablını görəcəksiniz. Baş qərəmanın uşaqlıq illərini isə 5 yaşlı Məryəm Seyidbəyli canlandıracaqdır.

 

HƏSƏN SEYİDBƏYLİ: TELEFONÇU QIZI-MEHRİBANI “MÜDAFİƏ” ETMƏK, DOĞRULTMAQ HƏVƏSİ MƏNİ YENİDƏN KİNOREJİSSORLUĞA QAYTARDI

 

“Telefonçu qız” bir əsər kimi böyük marağa səbəb olsa da, onu qəbul etməyərək, film şəklində çəkilməsinə qarşı çıxanlar da az olmayıb.

H.Seyidbəylinin quruluş verdiyi filmləri ilə bağlı geniş məqaləsində oxuyuruq: “Kino çəkmədiyim bu neçə il ərzində hekayələr, publisistik məqalələr, oçerklər yazmışdım. Etiraf edim ki, bir daha kino rejissorluğa qayıdacağıma gümanım yox idi, həm də yadırğamışdım. Bəzən qulağıma xoşagəlməz, qəribə söhbətlər də dəyirdi”. Qəribə söhbətləri edənlər “Telefonçu qız” nə böyük əsərmiş ki, onun əsasında film də çəkilsin? kimi xoşagəlməz, bir növ, dedi-qodu xarakteri daşıyan fikirləri önə çəkirdilər. Hətta “Əsərin qəhrəmanı görkəmli bir mövqe tutmalıdır, telefonçu qız hansı məziyətlərinə görə əsərin qəhrəmanı olmalıdır” fikri ilə çıxış edənlər də olub. Bu söz-söhbət Həsən Seyidbəylini bir müəllif kimi çox incidir. “Hiss etdim ki, bir müəllif kimi daxilimdə belə iddialara qarşı etiraz oyandı. Boş söz-söhbətlərə yalnız işimlə cavab verə bilərdim. Telefonçu qızı-Mehribanı “müdafiə” etmək, doğrultmaq həvəsi məni yenidən kinoreyissorluğa qaytardı”.

HAŞİYƏ: Filmin ilk variantının sınaq çəkilişləri zamanı İsidor Annenski baş qəhrəman olan Mehriban rolunu Ukrayna aktrisası Raisa Hedaşkovskaya tarşırmışdı. Ancaq çəkiliş meydançasına qədəm qoyan Həsən Seyidbəyli əsərdəki qəhrəmanları, xüsusilə Mehriban obrazının yaradacaq aktrisanı yenidən seçməli olur.

Rejissor müsahibəsində deyib: “Bu, təbii qarşılanmalıdır. Çünki hər rejissor fərqli yozuma malik olduğu kimi, eyni zamanda da fərqli baxışa, aktyor seçiminə malik olur. Bu baxımdan sınaq çəkilişləri zamanı Mehriban roluna sənətdən kənar olan bir qızı dəvət etdim. İlk günlər hər şey öz qaydasında gedirdi, maraqlı boyalar tapmışdıq. Qəribə, həzin intonasiyalar həmin qızı xüsusilə cazibədar göstərirdi”. İfası rejissor tərəfindən qəbul olunan həmin qızın rola təsdiq olunması bir anda baş verir. Rejissorla hesablaşan, onun yazıçı zövqünə bələd olan Bədii Şura üzvləri onu Mehriban roluna təsdiq edirlər. Lakin bu zaman yenidən gözlənilməz bir hadisə baş verir. Çəkilişlərin başlanmasına bir neçə gün qalmış rola təsdiq olunan qızın anası rejissora zəng vurub bildirir ki, onun qızı filmdə çəkilməyəcək. Rejissor bu xəbərdən çox təəccüblənib və məyus olub. Çünki filan qədər zəhmət, vaxt sərf edilmişdi. Sonralar, yəni film çəkilib qurtarana yaxın məlum oldu ki, qızın özünün Mehriban roluna çəkilməyə böyük həvəsi varmış, ancaq “xeyirxahlardan” kim isə onun anasını inandırıb ki, filmdən heç bir şey çıxmayacaq.

Həsən Seyidbəylinin dediklərindən: “Görəndə ki, Mehribanın ifaçısını itirdik, o zaman ciddi fikirləşmək məcburiyətində qaldıq. İş burasındadır ki, sınaq çəkilişləri zamanı hər rola bir neçə namizəd dəvət olunur və məşqlər, aparılan söhbətlər onları, bir növ, necə deyərlər, saf-çürük etməyə imkan verir. “Telefonçu qız” filminin aktyor seçimində də dəqiq seçimi əsas götürmüşdüm. Mehriban roluna yeni bir aktrisa tələb olunurdu. Ancaq Mehriban üçün təzə bir namizəd axtarmağa vaxt yox idi. Sonra belə qərara gəldik ki, Raisa Hedaşkovskayanı yenidən Mehriban roluna çağırım. Raisa istedadlı aktrisa olsa da bir cəhət bizim işimizə mane olurdu. O, bundan əvvəl bir filmdə çəkilmişdi, özü də kamera qarşısında məşq aparmağa adət etmişdi ki, bu da bəzi çətinliklər yaradırdı”.

Seyidbəyli yaradıcılığına bələd olanlara yaxşı məlumdur ki, o, bir rejissor kimi əvvəlcədən aktyorla məşq prosesi aparar və aktyordan tələb edərdi ki, çəkiliş meydançasına hazır gəlsin.

Rejissor deyib ki, hər rejissor fərqli iş üslubuna malik olur: “Mən aktyorun kamera qarşısına hazır gəlməsinin tərəfdarıyam. Bundan başqa isə “Telefonçu qız” mənim quruluş verdiyim ilk tammetrajlı film idi. Bir sözlə, Raisa Hedaşkovskaya ilə aramızdakı “psixoloji mübarizə”, nəhayət, ikimizin də qələbəsi ilə nəticələndi. Mən rejissorluq hüququndan tam mənasında istifadə etdim. R.Hedaşkovskaya isə çəkilişqabağı məşqlərin zəruriliyini dərk edib, bütün istedad və bacarığını işə saldı. Bu, aktrisanın özü üçün də gözlənilməz idi. Film ekranlara çıxandan sonra həm respublika, həm də mərkəzi mətbuat onun oyununu yüksək qiymətləndirdi”.

Xatırladaq ki, filmin çəkilişləri İçərişəhərdə, pavilyonda və Bakının müxtəlif yerlərində ararılıb.

 

ÇƏKİLİŞDƏN ƏVVƏL TƏZYİQLƏRƏ MƏRUZ QALAN FİLMİN SONRAKI TALEYİ UĞURLU OLDU

 

Film çəkilişindən əvvəl təzyiqlərə məruz qalsa da, hətta sınaq çəkilişlərində də maneələrlə üzləşsə də, sonradan vəziyyət müsbət tərəfə dəyişib. Yəni, fimə mane olanlar sonda yanıldıqlarını başa düşüblər.

1962-ci ildə H.Seyidbəylinin eyniadlı povesti əsasında çəkdiyi ilk bədii filmi-“Telefonçu qız” Azərbaycan kino sənətində mühüm mərhələ olmuşdur. Filmin nümayişindən sonra mətbuatda dərc olunan məqalələr də bunu bir daha sübut etdi.

DÖVRÜN MƏTBUATI YAZIRDI…

  • Müasirlik mövzusunu dərindən açıb göstərən “Telefonçu qız” filminə bu gün də həyəcansız baxmaq olmur. Gənc Mehriban haqqında olan bir qədər qəmgin əhvalat ekranda sadə və inandırıcı şəkildə səslənmişdir.
  • Böyük daxili inam və xarakterin bütövlüyü gənc qəhrəmana həyatının ən çətin anlarında özünü ələ almağa və dərk etməyə kömək edir. Reyissor əsərdə qoyulan bu əsas ideyanı aydın və inandırıcı şəkildə, heç kəsə zorla qəbul etdirmədən tamaşaçılara çatdıra bilmişdir.
  • Həsən Seyidbəyli bu filmi ilə özünü lirik tərzdə yazıb yaradan, tamaşaçı ilə sadə və səmimi söhbət araran sənətkar kimi təsdiqləmişdir.
  • “Telefonçu qız” bir çox cəhətdən H.Seyidbəyli üçün proqram filmi olmuşdur. Film istər qayəsinə, istərsə də üslubuna görə onun sonrakı yaradıcılıq axtarışlarının əhatə dairəsinin genişliyini müəyyən etmişdir.
  • Uğurlu alındığı qədər də nöqsansız da deyil. Bir sıra, xüsusən ikinci dərəcəli personayların surəti sxematikdir. Yaxşı tapılmış bəzi ifadə və səhnələr təkrarlanır.
  • N.Şaşıqoğlu Zakirin xarakterindəki kobudluğu, dönüklüyü, vəfasızlığı xüsusi bir takt və incəliklə açır. Lakin gərək həm rejissor, həm də aktyor çalışaydılar ki, Zakir obrazı daha da dolğun alınsın.
  • Mirzə Babayevin Zakirgildə oxuyub oynaması heç bir vəchlə süjetə girmir və yabançı bir ünsür təşkil edir, müəyyən mənada filmin pxələl gətirir.

FİLMİN YARADICI HEYƏTİ:

Ssenari müəllifləri-Həsən Seyidbəyli, İsidor Annenski, rejissor-Həsən Seyidbəyli, baş operator-Yuli Fogelman, rəssam-Elbəy Rzaquliyev, bəstəkar-Tofiq Quliyev, səs operatoru-Sabir İsgəndərov, II rejissor-Zeynəb Kazımova.

Rollarda iştirak ediblər: Raisa Hedaşkovskaya(Mehriban), Nodar Şaşıqoğlu(Zakir), Y.Brunovskaya(Zərəngiz), Məryəm Seyidbəyli(Mehribanın uşaqlıq dövrünü oynayır), Gündüz Abbasov(Mehribanın atası), G.Məmmədova(Firuzə), V.Xmara(Qalina), A.Yegizarova(Cəmilə), Ətayə Əliyeva(Simuzər), Barat Şəkinskaya(Zakirin anası), Susanna Məcidova, S.Hacıyeva, S.Aslanova, Həsənağa Turabov, Ə.Ağayev, A.Qurbanov, Mirzə Babayev, H.Sadıxov, L.Əşrəfova, İ.Talıblı, A.Falkoviç, Z.Seyidbəyli və b.

Tofiq İLK