Telman Məmmədov-70

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, operator, uzun illər Moskvada fəaliyyət göstərmiş Telman Məmmədovun 70 yaşı tamam olur. Yubiley ərəfəsində operatorla sənət söhbətləri etdik, onunla bərabər keçdiyi yaradıcı yola boylandıq, xatirələri yada saldıq. Öncə Telman müəllimin tərcümeyi-halı ilə tanış olaq…

TANITIM: Telman Məmmədov 22 aprel 1951-ci ildə Mingəçevirdə anadan olub. 1958-1968-ci illərdə Bakıda 44 saylı orta məktəbdə təhsil alıb. 1982-1987-ci illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda kinooperatorluq üzrə İ.V.Şatrovun emalatxanasında təhsil alıb. “Azərbaycanfilm”, “Özbəkfilm”, “Tacikfilm”lə birgə bir çox filmlərə quruluş verib. “Əks-səda” (1970, qısametrajlı bədii film) – ssenari müəllifi, rejissor “Bəxtəvər” (1990, qısametrajlı bədii film) – operator, “Qafqaz” (2007, tammetrajlı bədii film) – operator, “Günəşli gün” (2009) sənədli film və s. filmlərdə operator kimi çalışıb.

– Hər bir kinematoqrafçının kinoya gəlmə səbəbi müxtəlif ola bilər. Sizi bu möcüzəli dünyaya nə cəlb etdi?

– 1951-ci ildə Mingəçevir şəhərində doğulmuşam. Ailədə iki qardaş bir bacı olmuşuq. Atam bank işçisi idi. Çox təəssüf ki, validenylərimi gənc yaşlarında dünyasını dəyişdi və biz 3 bacı-qardaş çox çətinliklərlə üz-üzə qaldıq. Sonralar Bakıya köçdük, orta məktəbi də Bakıda bitirdim. Uşaqlıq illərimdə küçəmizdə səyyar kino nümayiş etdirilirdi. Və nümayiş olunan filmlər sadəcə məni deyil, hamını ekran qarşında oturmağa vadar edirdi. Hind filmləri, Çarli Çaplinin filmləri, öz filmlərimizdən “Ögey ana”, Qızmar günəş altında”, “Bir qalanın sirri”, “Sehrli xalat” və s fimləri nümayiş etdirirdilər.

– Səyyar kinonun marağı bir başqadır, yoxsa elə o dövrdə kinoya olan maraq bir başqa idi?

– Əslində o dövrdə uşaqdan böyüyə hamı kinoya maraq göstərirdi və kinoya olan maraq bir başqa idi. Bu maraq mənim həyatımda onunla nəticələndi ki, mən operator olmağa qərar verdim. Ancaq o vaxta qədər çox yol qət etdim. Və bu yolda yalnız deyil, əksinə məndən 3 yaş böyük olan qardaşım Eldar Məmmədovla birgə kino həvəsinin dalınca getdik və bu həvəs getdikcə daha da inkişaf etdi. Eldar Məmmədov artıq 40 ildən çoxdur ki, “Özbəkfilm”də rejissor-operator kimi çalışır. 1970-ci ildə Kinematoqrafiya institutun qəbul olunmaq istəsəm də, bu, mümkün olmadı. Gənc olduğum üçün bir qədər maneələr oldu, çəkdiyim şəkillərə həvəskar iş kimi baxıldı. Buna görə də heç düşünmədən 1971-ci ildə əsgəri xidmətə yollandım. İki il İrkutskda əsgərlikdə oldum və foto kino çəkilişi ilə məşğul oldum. Əsgərliyə gedənə qədər 10-yaxın sənədli-bədii filmlər çəkmişdik, əlbəttə ki, həvəskar kimi, əsgərlikdə bunu daha da inkişaf etdirdim. Əsgərlikdə isə “Əgər…” adl məhəbbət mövzusunda olan qısametrajlı film çəkdim, festivalda nümayiş olundu. Filmdə Ömər Xəyyamın şeri səslənir. Fimin səsində problem olduğu üçün tam olaraq qəbul olunmadı. Ümumiyyətlə əsgərlikdə komandirdən izn alaraq həftədə bir dəfə şəhər kənarında çəkilişlər aparırdıq.

– Deyəsən 1970-ci illər sizin sənət həyatınızda böyük rol oynayıb?

– Haqlısınız…1970-ci ildən artıq “Azərbaycanfilm” kinostudiyasında kinomexanik kimi fəaliyyət başlamışdım. O dövrdə kinostudiyanın direktoru Adil İsgəndərov(1966-1974) idi. Əsgərlikdən sonra Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda kinooperatorluq üzrə təhsil aldım. Diplom işim 20 dəqiqəlik “Kantora” filmi oldu. Həvəskar kimi çəkdiyimiz filmlər də çox oldu, hətta getdikcə daha da inkişaf etdirməyə başladıq. “İki görüş”, “Üç nəfər” “Qanun və dollar” və s. filmlər həvəskar kimi başladığımız ilk işlərdi. Bütün bunları Kino həvəskarları klubunda həyata keçirirdik. Mövzuya gəlincə, oxuduğumuz kitablardan kino üçün maraqlı hesab olunan hekayələri seçirdik.

– Sizin rok musiqiçisi Viktor Tsoyla da birgə də filminiz olmuşdu..

– “Kino” rok qrupunun yaradıcısı və rəhbəri Viktor Tsoyu çəkdiyimiz “Йа-Хха” sənədli filmini 1986-cı ildə lentə almışdıq, rejissoru Raşid Nuqmanov idi. 1988-ci ildə “İynə” (“Игла”) filmində yenə də Viktor Tsoy və rejissor Raşid Nuqmanovla birgə çalışacaqdıq, ancaq mənim başqa çəkilişlərim olduğu üçün filmin çəkilişində iştirak edə bilmədim.

– Bir qədər də operatoru olduğunuz “Qafqaz” filmi haqqında danışardınız…

– “Qafqaz” filmi rejissor Fərid Hümbətovun ssenarisi və quruluşunda çəkilib. Filmdə hadisələr 1990-1994-cü illərdə baş verir. Filmin süjet xətti İncildəki bir ayədən götürülərək, Qafqaz reallığına, müasir vaxta uyğunlaşdırılmışdır. Belə ki, Qafqazda müharibə başlayır. 75 yaşlı Mariya (Ada Roqovseva) oğlunu müharibədə itirir. O, gəlini Sofiya (Lyubov Tolkalina) ilə 12 ildir Qafqazda yaşayır. Aclıq başlanan zaman onlar Rusiyaya köçmək istəyirlər. Qadınlar qərara alırlar ki, onlar Moskvaya getməlidirlər yola düşürlər. Qonşu kupedə fotomüxbir Aleksandr (Andrey Çernışov) da gedir. Sofiya ilə Aleksandr bir-birini sevirlər. Mariya isə Volqoqrad yaxınlığındakı stansiyaların birində başa düşür ki, Qafqazsız yaşaya bilməyəcək. O, Sofiyaya kağız yazıb qatarı tərk edir…

Film 2008-ci ildə ilk dəfə olaraq Azərbaycan filmi kimi dünyanın ən nüfuzlu kino mükafatına namizədliyini irəli sürdü. Amerika Kino Akademiyasının təsis etdiyi “Oskar” mükafatının “Ən yaxşı əcnəbi film” nominasiyasına iddialı olan 63 ölkənin məhsulu arasında Azərbaycan filmi “Qafqaz” da var idi ki, bütün bunlarda da Rüstəm İbrahimbəyovun böyük rolu olmuşdu.

– Digər respublikaların kinostudiyaları ilə olan əməkdaşlığınız haqqında nə deyərdiniz?

– “Azərbaycanfilm”dən başqa “Tacikfilm”, “Özbəkfilm” kinostudiyaları ilə əməkdaşlıq etmişəm. Və hər üç kinostudiyanın -“Azərbaycanfilm”, “Tacikfilm”, “Özbəkfilm”in birgə ortaq istehsalı olan iki seriyalı “Şirəli və Aybərçin”(1989) filmini çəkdik.  Film XV əsrdə yaşamış özbək müğənnisinin həyatından bəhs edir. Filmdə hər üç ölkənin nümayəndələri iştirak edirdi. Azərbaycandan aktyor Bahadur Əliyev, Tariyel Qasımov, şair  Nüsrət Kəsəmənli, müğənni Aybəniz Haşımova dəvət olunmuşdu. Çox təəssüf ki, bu film öz kanallarımızda yayınlanmadı. Hər filmin öz hekayəsi, öz vaxtı, öz taleyi olur. Yəqin ki, bu filmdə bir gün mütləq azərbaycan tamaşaçıları üçün nümayiş olunacaq.

– Üzərində zəhmət çəkdiyiniz filmin taleyi belə olunca, hər hansı peşmançılıq hissi keçirirsinizmi, kaş ki, başqa bir sənəti seçsəydim, deyə, düşünürsünüzmü?

– Heç bir vaxt belə bir fikrə düşmədim. Hətta özümə yaxın belə qoymadım. Mən kinonu sevirəm. Kinoda gördüyüm işlər var, görmədiklərim var, bir sözlə, kinoda arzular heç bitməz. Yeni layihəmiz var, üzərində iş gedir…

X.QİYAS