“Titrəmə” filmi Beynəlxalq Film Festivalının qalibi olub

Xəbər verdiyimiz kimi, “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan, rejissor Amil Amalın  çəkdiyi “Titrəmə” qısametrajlı filmi Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Türkiye Sinema ve Televizyon Eseri Sahipleri Meslek Birliği”nin keçirdiyi 9-cu Beynəlxalq İpək Yolu Film Mükafatının finalına seçilmişdi. Film “Ən yaxşı qısametrajlı film” mükafatına layiq görülüb.

Filmin mövzusu bir ayağını mina partlayışı zamanı itirmiş əsgərin dramı üzərində qurulub. Ayağını itirən əsgər böyük sarsıntılar keçirir və bədəninin bir parçasını axtarmaq üçün böyük bir yol keçməli olur. Əslində filmin əsas mesajı müharibənin törətdiyi dəhşətləri bəşəri dəyərlər çərçivəsində tamaşaçıya çatdırmaqdan ibarətdir.

Xatırladaq ki, Amil Amal “Kor-koranə”, “Neft şəhərinin sakini”, “Qara bağ”, “Abşeron”, “Lənkəran”, “Dəhlizdə” kimi ekran əsərlərinin də müəllifidir.

“Titrəmə” filminin yaradıcı heyəti: Ssenari müəllifləri Amil Amal, Aqşin Evrən, Ayşad Səfərəliyev, rejissoru Amil Amal, operatoru Əli Sultanov, bədii rəhbəri və prodüseri Cəmil Quliyevdir.

Filmdə əsas rolları əməkdar artistlər – Bəhruz Vaqifoğlu və İlqar Cahangirli canlandırır.

aki.az