Toğrul Cuvarlının ad gününə...

“İslam ədalət axtaranların dinidir. Ədalət, qardaşlıq, bərabərlik sözləri ən çox İslamda səslənir. Həsən bəy Zərdabi yazırdı ki, biz Avropadan iki şeyə görə geri qalırıq. Bir tərəfdən elmə nail olmamışıq, digər tərəfdən azadlıq məfhumundan məhrumuq. Həsən bəyin fikirləri bu gün üçün də aktualdır. Bəşəriyyətin inkişaf tempi ilə ayaqlaşmaq üçün elmin və azadlığın birgə vəhdəti tələb olunur” deyən kulturoloq Toğrul Cuvarlının ad günüdür, 82 yaşı tamam olur.

T.Cuvarlı 24 sentyabr 1939-cu ildə Gəncədə anadan olub. Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsində təhsil alıb. Uzun illər jurnalist və tənqidçi kimi kino səhəsində çalışıb.

Tənqidçi kimi kinoda öz sözünü  deyən T.Cuvarlı əksər vaxtlarda tənqid etdiyi sahələrdə mövcud problemdən çıxış yollarını da göstərməyi özünə borc bilib. Bu baxımdan onun istər məqalələrində, istərsə də müsahibələrində Azərbaycan üçün daima həssas, hətta bir hissəsi olan Cənubi Azərbaycan mövzusu xüsusilə diqqət çəkir.

“Azərbaycan filmlərində Cənubi Azərbaycan, İranda yaşayan Azərbaycanlılar mövzusu niyə özünə yer almayıb?” sualına sənətşünas “XX əsrin ortalarında qısaca bir dövrdə imkan yarandı ki, Arazın o tayında, bu tayında yaşayan azərbaycanlılar bir-birilərini daha yaxından tanısınlar. Bu tarixi fürsət bir çox səbəblərə görə çox tez itdi. İlk növbədə geo-politik səbəblərə: o vaxt müharibədən sonra ölkələr bölünürdü – bu səbəbdən bu alınmadı. Ona görə bu mövzu həmişə Azərbaycan kinosunda çox həssas mövzu olub” deyib və əlavə edib ki, bəzən mənəviyyatda, lap kinonun özündə yarış ab-havası çox yaxşıdır: “İran deyir ki, Şah İsmayıl Xətai Səfəvilərin, İran sülaləsinin şahı olub. Biz də deyirik ki, Şah İsmayıl azərbaycanlı olub, bütün Səfəvilər azərbaycanlıların olublar. Mənə maraqlı olardı ki, bir film İranda çəkilsin, biri də Azərbaycanda və biz bu iki filmi tutuşdura bilək. Bu yolla bəlkə də tarixin qaranlıq məqamları bizə daha aydın olar”.

T.Cuvarlının ssenariləri əsasında “Eldən soruş”-1980, sənədli film, “Mirzə Fətəli Axundov” (II)-1982, sənədli film, “Soltan quşunun sorağında”-1988, sənədli film, “Dairə”-1989, qısametrajlı bədii film, “El bir olsa” -1989, sənədli film, “Torpaq” -1989, sənədli film, “Dözümlü minarələr”-1990, sənədli film, “Azərbaycan kinosu-80”-1996, sənədli film, “Suya səyahət”-1996, sənədli film, “Qəlbin rəngləri”-2010, sənədli film, “Musiqi və zaman”- 2011, sənədli film və s. sənədli filmlər çəkilib.

Fərqli mövzularda olan bu sənədli filmlərdə sənətşünas el birliyini, torpaq sevgisini, kino duyğularını, musiqi gücünü və zamanın necə istifadə olunmasını qələminə sehrinə arxalanaraq açmağa çalışıb.

O, eyni zamanda bir çox tammetrajlı bədii filmlərin (“Babamızın babasının babası”-1981, “Üzeyir ömrü”-1981, “İşgüzar səfər”-1982, “İlıq dənizdə buz parçası”-1983, “Gümüşgöl əfsanəsi”-1984, “Qara gölün cəngavərləri”-1984, “Qanlı zəmi”-1985, “Sizi dünyalar qədər sevirdim”-1985, “Aşkarsızlıq şəraitində”-1986 və s.) redaktoru olub.

Bütün bu filmlər sənətşünasın həyatında, onun dünyagörüşünün formalaşamasında, həyata olan baxışında və sənətşünas kimi yetişməsində böyük rol oynayıb.

Hal-hazırda publisist, iqtisadi ekspert və siyasi təhlilçi kimi fəaliyyət göstərən sənətşünası ad günü münasibətilə təbrik edir, can sağlığı və yaradıcılıq uğurları arzulayırıq!

X.QİYAS