``Üç evin hekayəsi``nə baxıldı
Azərbaycan Kinematoqrafçılar İttifaqı sentyabrın 26-da “Azərbaycan” kinoteatrında film nümayişlərinin yeni mövsümünə başladı. “Üç evin hekayəsi” adlı gecədə Amil Amalın “Vulkan üzərində ev”, Kamal Müşviqin “Motivator” və Leylaxanım Qənbərlinin “Böyük qırmızı ev” sənədli filmləri nümayiş olundu. Tədbiri giriş sözü ilə açan moderator Sevda Sultanova bildirdi ki, ölkədə kino istehsalı ürəkaçan səviyyədə olmasa da, bu prosesi canlı tutmağa çalışan müəyyən kəsimlər var: “Müstəqil maliyyə ilə müəllif filmləri çəkilir, kommersiya kinosu fəaliyyətdədir, festivallar keçirilir və əlbəttə ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı müxtəlif layihələri, film baxışları və kinoyazar.az saytı ilə prosesə dəstək olur”.
Daha sonra moderator film gecəsinə “Üç evin hekayəsi” adının qoyulmasının simvolik məna daşıdığını dedi: “Biz uğurlu hərbi əməliyyatlarımız nəticəsində ərazi bütövlüyümüzü bərpa etdik. Bu sözün həm birbaşa, həm də geniş mənasında evimizə qovuşduq. Torpaqlar uğrunda şəhid olan bütün əsgərlərimizi, zabitlərimizi sevgiylə anırıq. Bundan sonra ancaq sülh olsun və ərazi bütövlüyümüz heç vaxt pozulmasın”.
Nümayişdən sonra filmin müzakirəsi başladı. Moderatorun “çəkilən hər bir iş rejissora öz yolunu, iş metodunu tapmaqda kömək edir. Bu mənada filməriniz yaradıcı cəhətdən nələri tapmaqda sizə kömək etdi” sualının cavabında Amil Amal bildirdi ki, bu film onun üçün axtarışdır: “Özümü axtarmağa çalışmışam rejissor kimi. Yaradıclığımda durğunluq vardı və bu filmlə onu ödəməyə çalışmışam. Mən Xırdalanda yaşayıram. Masazır yolundakı vulkan məni həmişə maraqlandırırdı. Sonra mövzunu araşdırmağa başladım. Demək olar ki, sıfır büdcə ilə çəkmişəm, istehsalat zamanı tək olmuşam. Bəstəkar Azər Hacıəskərli kömək edib. Bir də Azərbaycan Kinematoqrafçılar İttifaqı müəyyən büdcə ayırmışdı, buna görə təşəkkür edirəm”.
Leylaxanım Qənbərli ilk dəfədir ki, uşaqlarla işlədiyini dilə gətirdi: “Çox həssas mövzudur. Sualları hazırlayanda çalışdım ki, nə onları çox incitsin, nə də izləyənləri və saxta görünməsin. Sualları hazırlayanda psixoloqlarla da məsləhətləşdim. Bu filmin çəkilişi zamanı öyrəndim ki, uşaqlara heç nəyi izah etmək lazım deyil, onlar bir növ “üstinsandır”lar. Xüsusən ağır şeylər yaşamış uşaqlar. Dərindən hiss edirlər, üstüörtülü danışdılar. Fərqində idilər ki, nəyi demək olar, nəyi yox”.
“Motivator” filmi ilə kinoda debütünü edən Kamal Müşviq Elçin Musaoğludan dərs aldığını dedi: “Bu dərslərdən çox şey öyrənmişəm. Müəyyən müşahidələrim vardı ki, onları çəkmək istəyirdim. Xüsusən, yarışmada iştirak edəndə, düşündüm ki, niyə də bunu çəkməyim”.
Kamal Müşviq daha sonra bildirdi ki, “Motivator” filmini çəkərkən onun üçün psixoloji maneələr olmadı: “Etik baxımdan da tərəddüd elədiyim kadr olmadı. Amma bir səhnə vardı, ayaqlıq geyinirəm. Onda bir az tərəddüd etdim ki, bu tamaşaçıya necə təsir edə bilər? Operator təkid elədi ki, əla səhnədir, qoy qalsın. Əslində, bu filmdən öncə bir şəhid haqda film çəkmək istəyirdim. Amma ailəmizdə durumlar dəyişdi, atamı itirdim. Psixoloji dönüş nöqtələri yaşadım, nəsə yeni bir şeylər etmək istədim və bu filmi çəkdim”.
Çəkdiyi rəsmlərdə qırmızı rəngə üstünlük verən Leylaxanım Qənbərlinin sözlərinə görə, bu rəng onun yozumunda həyat, parlaqlıq, sevinc anlamına gəlir: “Filmin əvvəlində də Xədicə qırmızı rəngli evdə yaşamaq istədiyini deyir. Ona görə də filmin adını “Böyük qırmızı ev” qoyduq”.
Tamaşaçılardan biri bildirdi ki, “Böyük qırmızı ev” filmində terrora məruz qalan uşaqlarla söhbət dərin idi və suallar düzgün qoyulmuşdu: “Təsirli film idi, Leylaxanıma təşəkkür edirəm. Amil bəyin filmində panoramlar, təsvirlər xoşuma gəldi. Kamalın filmində isə həqiqətən təslim olmayan güclü bir qəhrəman gördüm”. Digər bir tamaşaçı Kamal Müşviqə “bir kadrda idman mükafatlarınızdan sonra siqaret qutusu görünür. Bu bir detal idi ya təsadüfi idi?” sualını ünvanladı. Rejissor bildirdi ki, siqaret qutusunun kadrda yer alması tam təsadüfi sayılmaz: “Onu ordan çıxarmaq istəmədim. Atamdan qalan son siqaret qutusudur. Onun boşluğunu ifadə edir. Amma başqa bir alt mənası yoxdur”. Tamaşaçının “Bu filmləri tammetrajlı etmək fikriniz varmı və ümumiyyətlə, tammetrajlı film çəkməyi düşünürsüzmü” sualına Amil Amal bildirdi ki, yaxınlarda Laçında tammetrajlı bədii film çəkməyi planlaşdırır: “Bu sənədli filmi bədii film boşluğunu doldurmaq üçün çəkmişəm. Amma sənədli film bədii filmdə məni gücləndirmək üçün dəstək olub”.
Leylaxanım Qənbərli isə əvvəldən bu filmi tammetrajlı olaraq düşünmədiyini dedi: “Həm də bu hadisələrin üstündən çox vaxt keçmişdi. Yeni olsaydı, daha çox şey araşdırmaq mümkün idi. Travma təzə olanda material da bol olur. Hətta psixoloq dedi ki, uşaqlar daha tez unudur. Ona görə tammetrajlı film üçün yetərli material deyildi. Növbəti filmi isə artıq çəkmişəm, qısametrajlıdır, festivaldadır”.
Kamal Müşviq hələ rejissor pillələrini yeni qalxdığını dedi: “Tammetrajlı film haqda hələ düşünmürəm. Qısametrajlıda özümü daha rahat hiss edirəm. Bir gün onun da vaxtı gələr”.
Rejissorlar filmlərin çəkilişi ilə bağlı rastlaşdıqları çətinliklərdən də danışdılar. Leylaxanım Qənbərli bildirdi ki, kuklanın mətninin olmasını istərdi: “Çatdırmaq istədiyim digər şeylər vardı, alınmadı. Montaj prosesində isə artıq görünən kadrlar vardı. Əsas çətinliyim bununla bağlı oldu”. Amil Amal zamanının çox olmadığı ilə bağlı təəssüfləndiyini söylədi: “Qadın qəhrəmanın dizləri ağrıyrdı, revmatizmi vardı. Dedi, yayda biz palçıq vulkanından istifadə edirik. Vaxt azlığından bu kadrları çəkə bilmədim”. Kamal Müşviq isə çəkilən müəyyən maraqlı kadrları itirdiyini dedi: “Şeir dediyim, yarışmada uşaqları motivasiya elədiyim səhnələri tapa bilmədim. Başqa sıxıntım olmadı”.
Sevda Sultanova