Ulu Öndərin xatirəsi Biləsuvarda anıldı

Mayın 25-də Biləsuvar rayonunda keçirilən Azərbaycanın siyasi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” adlı tədbirdə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev də iştirak edib.

Tədbir Biləsuvar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Mədəniyyət Mərkəzində təşkil olunub. Tədbirdən öncə, Biləsuvar rayonunun İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və Xalq artisti Rasim Balayev Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, əziz xatirəsini yad ediblər.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, RİH-in məsul əməkdaşları, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivi, şəhid ailələri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

AKİ sədri Rasim Balayev Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan milli irsinin inkişafı, mədəniyyət və elm sahələrinə olan xüsusi hamiliyi barədə olan təəssüratlarını, eləcə də Ulu Öndərlə keçirdiyi görüşləri, söhbətləri, və dahi şəxsiyyətlə bağlı xatirələrini Biləsuvar ictimaiyyəti ilə bölüşüb. İcra başçısı Faiq Qürbətov Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı keçirilən tədbirdə iştirakına görə dəyərli sənətkarımıza minnətdarlığını bildirərək, xoş arzularını çatdırıb.

Tədbirin sonunda Xalq artisti Rasim Balayevlə xatirə şəkilləri çəkilib.

aki.az