V Animafilm Beynəlxalq Animasiya Festivalı öz işinə başladı

8 sentyabr  Nizami Kino Mərkəzində V Animafilm Beynəlxalq Animasiya Festivalının açılışı oldu.

Xəbər verdiyimiz kimi,  “Bir bilet, bir ağac” devizi altında reallaşan  yubiley festivalının ilk günündə 6+, 7+, 18+ və 15+ tamaşaçılar üçün nəzərdə tutulmuş animasiya filmləri nümayiş olundu.

Təntənəli açılış mərasimində çıxış edən Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, Azərbaycan kinosu dünya kinosunun tərkib hissəsidir: “Bu sahənin inkişaf etdirilməsi və gələcək nəsillərə çatdırılması çox vacibdir. Artıq ekran məzmunlu əsərlər ənənəvi kitablarla böyük rəqabət aparır və demək olar ki, bu rəqabətdən qalib ayrılır. İnsanlar daha çox ekran qabağında vaxt keçirir. Ekran qabağında olan insan ekranda gördüyü məzmunla bərabər olur, dəyərləri və fikirləri onun əsasında formalaşır. Hər kəsin uşaqlıq xatirəsi olan bir animasiya filmi var. Animasiya filminin adı gələndə və ya ona baxmaq imkanı olanda böyük nəsil sanki öz keçmişinə qayıdır. Animasiya sahəsinin digər özəlliyi ondan ibarətdir ki, ən kiçik yaşlı uşağı və ən böyük yaşlı insanı bir araya gətirə bilir. Onlar ekran qabağında bir yerdə otura bilirlər. Bu baxımdan animasiyanın cəmiyyətdə rolu vacibdir”.

E.Əliyev onu da qeyd edib ki, Mədəniyyət Nazirliyi olaraq məqsədimiz animasiyaya böyük yol açmaqdır: “Bildiyiniz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Kino Agentliyi yaradılır. Agentliyin əsas məqsədi kinematoqrafiya sahəsini sənayeləşdirməkdir. Bununla sözügedən sahə daha çox inkişaf edəcək. Mədəniyyət Nazirliyi tərəfindən keçən il “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsi keçirildi. Müsabiqədə “Tarix” və “Qarabağ nağılı” adlı iki animasiya ssenarisi qalib oldu. Həmin ssenarilər əsasında filmlərin istehsalı davam edir. Bu il də yeni bir animasiya filminin istehsalına başlamışıq. Mədəniyyət Nazirliyi bu sahədə öz imkanları çərçivəsində vacib addımlar atır”.

Açılış mərasimində festivalın təsisçisi və direktoru, “Azərbaycan Animasiya Assosiasiyası” İctimai Birliyinin sədri Rəşid Ağamalıyev və festivalın art-direktoru Nəzrin Ağamalıyeva da V ANİMAFİLM festivalı haqqında məlumat veriblər.

Qeyd olunub ki, bu il festival tamaşaçılara müsabiqə, müsabiqədənkənar və peşəkarlar olmaqla üç əsas proqram təqdim edəcək. Festivala 50 ölkədən 230 film daxil olub. Seçim komissiyası tərəfindən müsabiqəyə 29 ölkədən 75 film qəbul edilib. İştirakçılar bir yerli və altı beynəlxalq kateqoriya üzrə mükafatlar uğrunda yarışacaqlar.

Bildirildi ki, ölkəmizdən 16 film müsabiqədə iştirak edir. Bütün seçilmiş filmləri beynəlxalq və uşaq münsiflər heyəti izləyəcək. Uşaq münsiflər heyətinə 22 yerli uşaq, beynəlxalq heyətə isə 6 peşəkar xarici münsif daxil edilib. Bu il “Tamaşaçı seçimi” müsabiqəsinin qalibi izləyicilərin səsverməsinin nəticələri əsasında müəyyənləşəcək. Bütün seçilmiş filmlərə beynəlxalq münsiflər heyəti baxacaq, qaliblər festivalın bağlanış mərasimində elan olunacaq.

Festivalın ən dəyərli mükafatı Fransada keçirilən “Annecy” Beynəlxalq Animasiya Film Festivalına səyahətdir. Digər kateqoriyalarda pul mükafatı, planşetlər və keramik heykəlciklər təqdim ediləcək.

Nəzrin Ağamalıyeva çıxışının sonunda 2023-cü ildə keçiriləcək altıncı festivalın mövzusunun “Gender bərabərliyi”nə həsr olunacağını diqqətə çatdırıb.

Festivalın prezidenti Rəşid Ağamalıyev çıxışında bir daha vurğuladı ki, azərbaycanlı uşaqların doğma dilində animasiya seyr etmək imkanının məhdud olması, animasiya filmlərinin istehsalının ümumi kino sənayesində ən axırıncı yerdə qərarlaşmağa vadar edilməsi yolverilməz haldır. Məhz buna görə azərbaycanlı animatorlar Azərbaycan Animasiya Assosiasiyası yaradıblar.

Açılış mərasimində bəşəriyyətin diqqətini iqlim dəyişikliyinə, ekologiyanın qorunmasının hava-su kimi vacibliyinə diqqət çəkən Çexiya, Niderland, Böyük Britaniya, İsveçrə animatorlarının bir-birindən fərqli tərz və üslubda çəkilmiş filmləri nümayiş olundu.

Son olaraq qeyd edək ki, V ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının təşkilatçıları “Azərbaycan Animasiya Assosiasiyası” ictimai birliyi və “PERİ FİLM” şirkətidir.

Bu il festivalın tərəfdaşları bunlardır: Azərbaycan Kinematoqrafçılar İttifaqı, Mədəniyyət Nazirliyi, Qarabağ Dirçəliş Fondu, Culture Network House Association, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası, Shahmaran Metaceramica, Dynamic Box Studio, Nizami Kino Mərkəzi, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi, Fransanın Azərbaycandakı səfirliyi və Fransız İnstitutu, Çexiya Respublikasının Azərbaycandakı səfirliyi, Yaponiyanın Azərbaycandakı səfirliyi və Yaponiya Fondu, Lenovo, Tripsome, Ritual Mobil Teatr Laboratoriyası, Cafino Coffee&Wine, Nemi Hotel Baku, Unibroad, Choche.az, Annecy Beynəlxalq Animasiya Film Festivalı və TVPaint Développement.

aki.az