V Buktreyler Festivalına start verildi

2016-cı ildən etibarən keçirilən Buktreyler Festivalının 5 yaşı tamam olur.

Qeyd edək ki, buktreyler, kitabın içindəkiləri vizuallaşdırmaqla onun parlaq anlarını özündə əks etdirən video çarxdan ibarət olur. Belə festivalların keçirilməsində əsas məqsəd kitab və mütaliənin cəmiyyətdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması və buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafından ibarətdir.

2 Fevral Gənclər Günündən start götürən və 23 aprel Beynəlxalq Kitab Günündə başa çatacaq Buktreyler Festivalı mövcud olduğu müddət ərzində öz ətrafında istedadlı gəncləri toplamaqla bir yaradıcı gənclər hərəkatına çevrilməyi bacarmış və festivala müraciət edənlərin, qəbul edilən buktreylerlərin sayı ildən-ilə artmaqdadır.

Buktreyler Festivalının təsisçisi Ruslan Sabirli bildirir ki, 2016-cı ildən Qafqazda ilk dəfə olaraq Azərbaycanda kitaba və mütaliəyə marağın oyadılması, həmçinin film sənayesində yeni istedadların müəyyən edilməsi məqsədilə Buktreyler Festivalı təsis edimiş və artıq beşinci ildir ki, uğurla həyata keçirilir, eyni zamanda festival Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrinin informasiya dəstəyi ilə hər il Beynəlxalq Kitab Günü ərəfəsində keçirilir”.

Yeri gəlmişkən, V Buktreyler Festivalında iştirak etməyin şərtləri açıqlanıb. Mədəniyyət Nazirliyi məlumat verir ki, V Buktreyler Festivalının şərtlərinə əsasən bu yarışda yaşından asılı olmayaraq hər bir kəs öz sevdiyi azərbaycanlı yazar və ya sadəcə Azərbaycan ədəbiyyatına buktreyler çəkib onu festivalın internet səhifəsində (www.booktrailer.az) qeydiyyatdan keçirməklə iştirak edə bilər. Bundan başqa, IV Buktreyler Festivalında start verilən “Ən yaxşı mobil buktreyler” nominasiyası bu il də öz qüvvəsində qalacaq. Bu da o deməkdir ki, hər bir kəs istədiyi buktreyleri mobil telefona çəkməklə bu nominasiya üzrə festivala müraciət edə bilər. Festivalın qalibləri mükafatlandırılacaq. Və ən önəmlisi isə qaliblər hər il tərkibi dəyişilən və əməkdar artisti və xalq artistlərindən ibarət münsiflər heyəti tərəfindən dəyərləndirilir.

Xatırladaq ki, son qeydiyyat tarixi 1 aprelə təsadüf edən buktreyler festivalı hər il olduğu kimi bu il də Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Azərbaycan Kinematoqrafçılar İttifaqı