V DokuBaku Beynəlxalq Sənədli Film Festivalının ilk günündə

Azərbaycan Kinematoqrafçılar İttifaqının əsas tərəfdaşlarından biri olduğu V DokuBaku Beynəlxalq Sənədli Film Festivalına start verildi.

Qeyd etdiyimiz kimi, əsas mövzusu “Hisslər ±” olan festivalda təqdim olunacaq filmlərin əksəriyyəti insanların daxili və xarici metamorfozlarına, öz daxili axtarışlarına və yer üzündəki varlıqlarının mənasına həsr olunub.

AKİ Kino Evində nümayiş olunacaq filmlərin 3 noyabr proqramında “Uşaqlığın kölgələri” – Mixail Qorobçuk (Rusiya), “Bizə qonaq gəl, ana” – Anna Artemyeva (Belçika, Macarıstan, Portuqaliya, Rusiya), “Nəvazişinə ehtiyacım var” – Andrei Kutsila (Polşa, Belarus), “Yanında olacağam” – Virqinija Vareikyte, Maximilien Dejoie (Litva) filmləri yer alıb.

İlk olaraq təqdim olunan “Uşaqlığın kölgələri” filmində uşaq dünyasına yer verilib. Az yaşlı körpənin kiçik dünyası-pəncərə şüşəsindən boylanaraq görməyə can atdığı həyat, ailə böyüklərinin qadağası kadrdan-kadra diqqətdə dayanır.

Və sonda təbiət qoynundan – kiçik aləmindən ayrılaraq geniş şəhər həyatına qədəm qoyması və yenə də pəncərə şüşəsi arxasından gördüyü həyat, ancaq bu dəfə geniş və işıqlı həyat sabaha olan inamdan və bu balacanın tezliklə böyüyərək öz arzularına doğru addım atmasından xəbər verirdi.

“Bizə qonaq gəl, ana” filmində isə yenə də kiçik yaşlı bir qızın ailəsindən ayrı keçirdiyi həyatı öz əksini tapıb. Ancaq ailə bağlantıları telefon üzərindən internet vasitəsilə göstərilərək müasir dünyanın məhkum olunduğu onlayn həyat tərzi diqqətə çəkilir.

“Nəvazişinə ehtiyacım var” filmi isə daha kəskin süjet xətti üzərində qurulub. 3 yaşlı qadının söhbəti ilə başlayan və növbət epizodda qadınlardan birinin öz evinə uzun yol qət etməsi insan həyatının yaşlandıqca qarşlaşdığı çətinliklərdən nə qədər çox xəbər verirsə, digər kadrlarda hadisələr öz ahəngini dəyişir.

Ucqar kənddə yaşlı qadının evinə gələrkən təbiətin gözəl, hüzurverici sakitliyi göz oxşadığı qədər də, az sonra qadının yataq xəstəsi olan əlil qızı ilə söhbəti bi o qədər hüznlü bir həyat hekayəsinin sirlərini açmağa başlayır.

Filmdəki rejissor işinin çətinliyi, bu kədərli və əsəbləri gərginləşdirən  hekayənin sonuna necə varacağı tamaşaçını düşündürməyə bilməz. Pəncərədən görünən təbiətin füsunkar mənzərəsi ilə evdə bitmiş həyatın bir parçasını yaşamağa məhkum olunmuş əlil insanın sabahlara nə dərəcədə inanması sadəcə düşünmək gücünü daha da artırır, yaranan suallara cavab axtarırsan…

aki.az