``V Müasir Audiovizual Baxış`` Mükafatının təqdimetmə mərasimi keçirilib

Martın 12-də “Cinemastercard” kinoteatrlar şəbəkəsində AR Mədəniyyət Nazirliyinin dəstəyilə AzerNyuMedia şirkətinin hər həftənin şənbə və bazar günləri Real FM-də təqdim etdiyi “Cinema Radio” Kino Radio Kanalının ənənəvi ‘’V Müasir Audiovizual Baxış’’ Mükafatının təqdimetmə mərasimi keçirilib.

Mərasimdə çıxış edən AR Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin media sektorunun müdiri Türkan Cəfərova, Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin üzvü Əli İsa Cabbarov, Azərbaycan Respublikası Kino Agentliyinin nümayəndəsi Sahil Məmmədov, “Cinemastercard” Kinoteatrlar Şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darabzadə və başqaları “Cinema Radio” Kino Radio Kanalının son beş il ərzindəki fəaliyyəti, məqsəd və vəzifələri, eləcə də, milli audiovizual sənətin təbliğindəki rolundan bəhs etdilər. Daha sonra, “Cinema Radio” Kino Radio Kanalının rəhbəri Kamran Qasımov və Kino Radio Kanalın aparıcısı, eləcə də redaktoru RJ Yaqut səhnəyə çıxaraq ‘V Müasir Audiovizual Baxış’’ mükafatının qalibini elan etdilər. Mükafat bu dəfə Vətən Müharibəsi mövzusunda ‘’Mən buradayam, ilahi!’’ tammetrajlı bədii, ‘’Hasar’’ qısametrajlı bədii filminin quruluşçu rejissoru, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Qulu Əsgərova təqdim edildi.
Təqdimat mərasimində rok ifaçısı Vüsal Rzasoyun ifasında Azərbaycan filmlərindən saundtreklər səsləndi. Mərasimdə Azərbaycan Prodüserlər Gildiyasının rəhbərliyi və üzvləri, kinematoqrafçılar, aktyorlar, media nümayəndələri iştirak edib.

Qeyd edək ki, ‘AzerNyuMedia Şirkətinin “Cinema Radio” Kino Radio Kanalı 2019-cu ildən fəaliyyət göstərir. Kanal 2019-2022-ci illərdə Avto FM-də, 2022-ci ildən isə Real FM-də yayımlanır. Kanalın ‘’Müasir Audiovizual Baxış’’ Mükafatı 2019-cu ildən təqdim olunur. Mükafat 2019-cu ildə aktyor, rejissor Kamran Ağabalayevə, 2020-ci ildə rejissor, jurnalist, aparıcı Vəfa Ağabalayevaya, 2022-ci ildə aktyor və ssenarist Azər Aydəmirə, 2023-cü ildə isə rejissor, ssenarist və prodüser Emil Quliyevə təqdim edilib.
“Cinema Radio” Kino Radio Kanalının rəhbəri Kamran Qasımov, aparıcısı və redaktoru RJ Yaqut, musiqi rəhbəri Yaşar Baxış, səs supervayzeri Samir Əsədovdur.
AR Mədəniyyət Nazirliyinin dəstəyilə “Cinema Radio” Kino Radio Kanalı hər həftənin şənbə günü, saat 15:00-da, bazar günü isə günorta saat 14:00-da Real FM-də yayımlanır.

aki.az