Vaqif poeziya günlərinin keçirilməsi Qarabağa qayıdışımızın təntənəsidir

14 yanvar 1982-ci il…

Ulu öndər Heydər Əliyevin qərarı ilə böyük Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsi məhz həmin qarlı, şaxtalı gündə Şuşada ucaldılır. O dövr  üçün bu o qədər də asan məsələ deyildi. Çünki Molla Pənah Vaqif sadəcə şair deyildi, eyni zamanda Qarabağ xanının vəziri olmuşdur.

Sovetlər Birliyi dövründə sovet ideologiyası bu kimi məqamlara qarşı çıxırdı. Sovet hökuməti tərəfindən xanlıqlar tarixin qara ləkəsi kimi qələmə verilirdi. Bütün bunlara baxmayaraq, Heydər Əliyevin iradəsi və qətiyyəti nəticəsində Vaqifin məqbərəsi ucaldıldı.

Həmin gün Şuşada keçirilən tədbirdə milli mədəniyyətimizin təbliği əsl  sənət bayramına çevrildi. O gündən etibarən hər il avqust ayında Vaqif poeziya günləri təşkil olunmuş və keçirilən tədbirin proqramına şeir gecələri ilə yanaşı, eyni zamanda konsertlər də daxil edilmişdir. Bayrama-ənənəyə çevrilən o günlər Şuşanın işğalınadək davam edib.

1992-ci ildə Şuşadakı milli-mənəvi, dini və tarixi-memarlıq abidələrimizin məhv edilməsi, Vaqifin məqbərəsini dağıdılması, bir sözlə, mənfur düşmənin işğalçılıq siyasəti nəticəsində Qarabağımızın işğalı Vaqif poeziya günlərinin keçirilməsinə mane oldu.

Uzun illər o günlərin həsrətində olduq, daima hazırlıqlı şəkildə bütün ustadların Qarabağda olan muzeyini, məqbərəsini ziyarət etməyi xəyal etdik və 30 il bu xəyaldan heç əl çəkmədik. Bu gün, məhz o gündür…Xəyal etdiyimiz, inandığımız, inanmaqdan heç əl çəkmədiyimiz gün…

30 avqust 2021-ci il…isti yay günlərində  Qarabağın cənnət güşəsi sayılan qədim Şuşa şəhərində Vaqif Poeziya Günlərinin açılışının keçirilməsi məhz Ulu Öndərin hakimiyyətdə olduğu illərdə inam qətiyyətlə bünövrəsini qoyduğu tarixin üzərində yazılan yeni tarixdir.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya günləri iki gün davam edəcək.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vaqif Poeziya Günlərinin rəsmi açılışında iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan ordusunun ötən il 44 günlük qəhrəmanlıq savaşından sonra azad edilən Şuşada ilk dəfədir ki, Vaqif günləri keçirilir.

Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi önündə keçiriləcək tədbirdə poeziya günləri çərçivəsində çıxışlar, ədəbi simpozium, sərgilərin açılışı olacaq.

Qarabağda abadlıq işlərinin başlanması, Şuşada tədbirlərin keçirilməsinə start verilməsi, millətin o torpaqlara hələ ki, görmək üçün axın etməsi və yaxın zamanlarda dönəcəyimiz torpaqlarımızda hər şey o qədər sürətlə inkişaf edir ki, bu bizi heç də təəccübləndirmir. Çünki biz bu günə 30 ildir hazırlaşmışıq.

Əslində Molla Pənah Vaqifin poeziya günlərinin keçirilməsinin bərpa olunması Qarabağa qayıdışımızın təntənəsidir…Biz qayıtmışıq…

aki.az