VI “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçiriləcək

VI “Animafilm” Beynəlxalq Animasiya Festivalına filmlərin qəbuluna başlanılıb.

Qeyd edək ki, sentyabrın 6-dan 10-dək keçiriləcək  VI “Animafilm” Beynəlxalq Animasiya Festivalı, Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə baş tutacaq.

“Animafilm”in  təşkilat komitəsindən  bildirilib ki, animasiya filmləri FilmFreeway platforması vasitəsilə qəbul edilir.

İyul ayının 1-nə qədər davam edəcək müraciətlərdə əsərlər yerli və beynəlxalq kateqoriyalar üzrə qəbul olunur.

Qaliblər üçün aşağıda qeyd edilən mükafatlar nəzərdə tutulur:

  • Yerli müsabiqənin “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” kateqoriyası üzrə mükafatı – 500 ABŞ dolları və 2024-cü ildə Annecy Beynəlxalq Animasiya Film Festivalına (Fransa) səyahət.
  • Beynəlxalq müsabiqənin “Ən yaxşı qısametrajlı animasiya filmi – GRAND PRIX” kateqoriyası üzrə mükafatı – 1000 ABŞ dolları.
  • Beynəlxalq müsabiqənin “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” kateqoriyası üzrə mükafatı – 500 ABŞ dolları.
  • Tamaşaçı rəğbəti mükafatı.
  • Tərəfdaşların xüsusi mükafatları.

Müsabiqənin şərtlərinə əsasən, filmlər 2020-ci il yanvarın 1-dən sonra çəkilmiş olmalıdır. Filmin 50 faizindən çoxu animasiya olmalıdır. Filmdə istifadə edilən animasiya texnikalarına məhdudiyyət qoyulmur. İştirakçı (rejissor, prodüser və ya digər səlahiyyətli şəxs) film üzərində hüququ olmasını və onun festivalda nümayişinə səlahiyyətli olduğunu bəyan etməlidir.

Son söz əvəzi: Azərbaycanın ilk və tək animasiya festivalı olan “Animafilm” 2018-ci ildən fəaliyyətə başlamış, uşaq və gəncləri, animasiya rejissorlarını və studiyaları bir araya gətirərək onları beynəlxalq təcrübə ilə tanış edir, peşəkar yerli və xarici animasiya ustaları ilə görüşdürür, yüzlərlə animasiya filmləri nümayiş etdirir, ustad dərsləri, konfranslar, konsertlər, tamaşalar və sərgilər keçirir.

aki.az