VIII ``Visla`` Polşa film festivalı keçiriləcək

Azərbaycan Kinematoqrafçılar İttifaqı “Visla” Polşa film festivalı ilə əməkdaşlığı çərçivəsində səkkizinci dəfə keçiriləcək Polşa Film Festivalına start verir.

Filmlər 10, 11, 12, 17, 24, 31 oktyabr tarixlərində “Azərbaycan” CinemaPlus-da nümayiş olunacaq.

İlk təqdim ediləcək film Maçey Kavalskinin “Təhlükəli centlmenlər” filmidir – bu, kriminal və komediyanın yumoristik qarışığıdır. Qanqsterlər, incəsənət xadimləri, siyasətçilər və müəmmalı cəsəd. Heç şübhəsiz bu film tamaşaçıları əyləndirəcək.

Növbəti gün – 11 oktyabr  Azərbaycan tamaşaçıları Yeji Skolimovskinin “İA” filmini, qeyri-adi heyvanın gözü ilə görünən dünya haqqında qeyri-adi hekayəni izləyəcəklər. Bu Avropa səyahəti bizə insanları, onların müsbət və mənfi cəhətlərini, istəklərini, problem və arzularını göstərəcək.

Oktyabrın 12-də Yakub Skoçenin “Vəftiz”-ni və 1981-ci ilin dekabr ayında hərbi vəziyyətdə olan Polşanı göstərəcəyik. Gülməli və təsirli anlarla dolu hekayə çətin zamanlarda ümid və barışığı tapmağa çalışan ailə haqqındadır.

Bizim repertuarda həmçinin Lex Mayevskinin „Ecazkar Bricit Bordo” filmi də yer alıb. Film baş qəhrəmanın uşaqlıq dünyası və kino xəyalları haqqında maraqlı hekayədir. Bu film sevgi, həsrət və həmçinin özünüaxtarma haqqındadır.

Növbəti seçdiyimiz film Anna Yadovskanın “Damdakı qadın” filmidir. Baş qəhrəman Mirka, banka hücum edir və bundan sonra onun ailəsində bir sıra dramatik hadisələr baş verir.

Bu ilki “Visla”-nın çərçivəsində Azərbaycan tamaşaçısına təqdim edəcəyimiz son film rejissor Yan Holoubekin “Günahsız 25 il” olacaq. Bu film real hadisələr əsasında çəkilib və 20 ilə yaxın günahsız yerə həbs edilmiş Tomak Komendanın təsirli hekayəsini göstərir.

Festivalın əməkdaşı bu ilki nümayiş haqqında AKİ-yə öz fikirlərini bildirib: Bakıya səfər bizim üçün xüsusi anlam daşıyır, çünki biz Polşa filmlərinin unikal seçimini Azərbaycan tamaşaçısı ilə bölüşə biləcəyik.  Biz Bakı sakinləri ilə görüşməyi və polyak film dünyasından birlikdə həzz almağı səbirsizliklə gözləyirik. “Visla” Festivalı dünyanın onlarla şəhərində keçirilən polyak kinematoqrafiyasının ən böyük festivalıdır. Festivalın əsas niyyəti mədəniyyətlərarası dialoqu yaratmaq və onu gücləndirmək, eləcə də kino yaradıcıları və xadimləri arasında beynəlxalq əməkdaşlığının inkişafına töhfə verməkdir. Məqsədimiz yerli tamaşaçıları müasir polyak kinosu ilə tanış etmək, eləcə də polyak kinosunu xarici kino sənayesinin nümayəndələri arasında populyarlaşdırmaqdır.

Bu işdə bizə dəstək olan Azərbaycan Kinematoqrafçılar İttifaqına öz təşəkkürümüzü bildirir və qarşıdakı illərdə də əməkdaşlıq etməyi arzulayırıq.

“Visla” Polşa film festivalı