“Vulkana doğru” – 45

“Milli Kino Tariximizdən” rubrikasının növbəti filmi ““Vulkana doğru”dur,  çəkilişindən 45 il keçir…

1977-ci illərdə “Azərbaycanfilm” kinostudiyası “Vulkana doğru” filmini istehsalata buraxdı. Yazıçı Mehdi Hüseynin “Abşeron” romanı əsasında ekranlaşdırılan, Çingiz Ələkbərzadənin ssenarisi əsasında çəkilən 3 hissəli filmə rejissor Tofiq İsmayılov quruluş verdi. İlk hissəsi “Ataların torpağı”, 2-ci hissə “Rəqiblər” 3-cü hissə isə “Geriyə dönüş” adlanan filmdə Bakı neftçilərinin həyat və məişətindən, onların neft uğrunda gərgin mübarizəsindən danışılır.

 

TOFİQ İSMAYILOV: FİLM “ABŞERON” ROMANININ MOTİVLƏRİ ƏSASINDA ÇƏKİLSƏYDİ, O ZAMAN BİR İL ƏRZİNDƏ ÇƏKİLİŞİ YEKUNLAŞDIRA  BİLƏRDİM

 

“Vulkana doğru” filmi Azərbaycan kinosunun tarixində lentə alınan ilk 3 hissəli  filmdir. Bir qədər əvvələ qayıdaq…

1973-cü ildə Tofiq İsmayılovun quruluş verdiyi “Bizim küçənin oğlanları” filminin Moskvada təsdiqi zamanı filmi bəyənən Bədii Şura rejissora gələcəkdə onun ardını çəkməyi məsləhət edirlər. Çəkiləcək film üç süjet xətti üzrə-yəni qəhrəmanların sonrakı həyatından bəhs edəcəkdi. Bu da o demək idi ki, film üç novelladan deyil, əksinə üç hissədən ibarət olacaqdı. Çox təəssüf ki, rejissor bu təklifi reallaşdıra bilməyib. Bir müddət sonra rejissor “Abşeron” romanının motivləri əsasında film çəkmək arzusunu kinostudiyanın rəhbərliyinə bildirir. Xatırladaq ki, o dövrdə “Azərbaycanfilm” kinostudiyasının direktoru Cəmil Əlibəyov olub. Cəmil Əlibəyov bir direktor olaraq filmin ssenarisini yazmağı Çingiz Ələkbərzadəyə həvalə edib. Elə məsələ də bundan sonra qəlizləşməyə başlayır.

Tofiq İsmayılov bu barədə deyirdi ki, Çingiz Ələkbərzadə gənc yazar kimi kəsərli qələmə sahib idi. Ancaq ona ilk dəfə çəkiləcək 3 seriyalı filmin ssenarisini həvalə etmək olmazdı. Çünki Çingiz o vaxta qədər ssenari yazmamışdı.

Qeyd edək ki, ssenarinin yazılışı ərəfəsində belə məsləhət görülür ki, əvvəlcə bir hissənin işləri yekunlaşdırılsın, sonra o biri hissələrin ssenariləri qələmə alınsın. Belə bir yarımçıqlığı qəbul etməyən rejissor öncə razılaşmaq istəməsə də sonradan buna məcbur olur. Ona görə ki, Sovetlər Birliyi dövründə olan qaydaya əsasən hər bir kinostudiya il ərzində qoyulan planla öz iş prinsipini qururdu. Əks halda plan kəsiri nəticəsində kinostudiyada çalışan işçilər əmək haqqı almaqdan məhrum edilə bilərdilər.

Rejissor deyirdi ki, filmin çəkilişi üç ilə başa gəlib: “Əgər film doğrudan da, “Abşeron” romanının motivləri əsasında çəkilsəydi, o zaman mən bir il ərzində çəkilişi yekunlaşdıra bilərdim.  Ancaq gənc yazarın ssenari işlərində olan təcrübəsizliyi, eyni zamanda hər bir hissənin ardıcıl deyil, əksinə müəyyən fasilələrlə çəkilməsi, həm də sonradan filmə yenidən cəlb olunan bir neçə ssenaristin iş proseslərinin üst-üstə düşməsi filmin hazırlıq işlərini 3 ilə kimi ləngidib. Çingizdən sonra ssenarinin yazılışı Firudin Ağayevə tarşırılmışdı, ancaq o da bir iş görə bilmədi. Daha sonra isə Asim Cəlilov filmin yaradıcı heyətinə ssenarist kimi dəvət olundu. Bir sözlə, üç hissəli filmin ssenarisi üç qələm əhlinə tapşırıldı. Qəribə burasındadır ki, sonradan hər üç müəllif arasında da fikir ayrılıqları o həddə çatdı ki, nəticədə də onların hər biri, digərini əksər səhnələrin oğurlanmasında günahlandırdılar”.  Bir sözlə, ssenarinin yazılışı ilə bağlı rejissorla heç bir fikir mübadiləsi aparılmayıb.

Tofiq İsmayılov da bu cür qarışıqlığı yaradan məqamları aradan qaldırmaq üçün kinostudiyanın rəhbərliyinə müraciət etmək fikrində belə olmayıb: “Yadımdadır, Cəmil Əlibəyov mənim ilk çəkdiyim “Ananın çırağı” adlı filmimə maraqlı bir resenziya yazmışdı. Onu da qeyd edim ki, resenziya Cəmil Əlibəyovun baş redaktor olduğu “Azərbaycan gəncləri” qəzetində dərc olunmuşdu. Onunla yaxşı dostluğumuz, qardaşlığımız vardı. Çox təəssüf edirəm ki, sonradan Cəmil Əlibəyovu kinostudiyaya direktor təyin etdilər. Ona görə təəssüf deyirəm ki, Cəmil vəzifə kürsüsünə əyləşən kimi tamamilə dəyişdi. 6 aydan sonra dedi ki, kinonu məndən yaxşı bilən yoxdu. Bu sözə qarşılıq olaraq ona dedim ki, “Cəmil müəllim, indiyədək 4 film çəkmişəm, eyni zamanda da hələ lap uşaqlıqdan günüm, teatr, kino aləmində keçib, bundan başqa hələ yalnız Müslüm Maqomayev haqqında çəkdiyim film dünyanın 85 ölkəsinə satılıb, nümayiş olunub, ancaq buna baxmayaraq yenə də mənə elə gəlir ki, hələ kinonu anlamıram. Mətləbdən uzaqlaşmadan bildirim ki, bir çox mübahisələr oldu, bir çox fikir ayrılıqları oldu, bir neçə dəfə geri çəkilmək, filmi yarımçıq qoymaq fikrinə düşdüm və s”.

Rejissor onu da etiraf edirdi ki, kinorejissorları arasında onun qədər təzyiqlərə məruz qalan ikinci bir rejissor olmayıb: “Azərbaycan kinosunda mənim qədər əzilən, mənim qədər mənəvi cəhətdən döyülən, eyni zamanda isə mənim qədər film çəkən rejissor omayıb. Moskvaya hər gedişimdə 4 film gətirirdim ki, onun birini özüm çəkdiyim zaman üçünü çəkmək üçün həmkar dostlarıma verirdim. 1988-ci ildə İncəsənət Universitetinə kafedra müdiri təyin olunduğum üçün kinostudiyanı tərk etdim. O vaxtdan da Moskva bir daha “Azərbaycanfilm” kinostudiyasına çəkmək üçün film sifarişi vermədi”.

Filmdə əsərin ruhundan belə əsər-əlamət olmadı. Müəlliflərin hər biri yanlış səpgidə ssenari yazmağa can atsalar da, buna nail ola bilməyiblər: “Müəlliflərin heç biri romana müraciət etmədi. Onların hər birinə məsləhət versəm də, bundan yararlanmadılar. Görəndə ki, ssenari zəifdi, o zaman çəkilişə getmirdim. Hətta Moskva  tez-tez plan məsələsini  xatırladırdı və onu da yada salırdı ki, əks halda 13-cü maaşı almaqdan məhrum ola bilərik. Bundan sonra məcbur olub çəkilişlərə başlayırdım”.

 

Tahir rolunun sınaq çəkilişlərində Rasim Balayevlə birgə Ənvər Həsənov da iştirak edib

 

Nəhayət ki, hissə-hissə yazılmış ssenarinin hazırlıq işləri bitir. Növbə çatır, yaradıcı heyətin tərkib hissəsinin müəyyənləşdirilməsinə. Sınaq çəkilişləri ərəfəsində yenidən narahat məqamlara təsadüf olunub və hər şey Rasim Balayevin baş rola-Tahir obrazına dəvət olunması ilə başlayıb.

Bu o vaxt idi ki, Rasim Balayev yenicə “Nəsimi” filmində Nəsimi obrazına çəkilmiş və populyarlıq qazanmışdır. Aktyoru Nəsimi kimi kəşf edən Həsən Seyidbəyli onunla yenidən növbəti filmlərindən birinin çəkilişlərinə hazırlaşırdı. Lap dəqiq desək, Rasim Balayev “Xoşbəxtlik qayğıları” filmində ikinci dərəcəli Sənan roluna təsdiq olunmuş və məşqlərə qatılmışdı.

Rejissor deyirdi ki, Tahir rolunun sınaq çəkilişlərində Rasim Balayevlə birgə Ənvər Həsənov da iştirak edirdi: “ Ancaq mənim görüntülərimə əsasən bu obrazın ən yaxşı namizədi Rasim Balayev ola bilərdi. Cəmil Əlibəyovla Həsən Seyidbəyli isə Ənvər Həsənovun namizədliyini irəli sürürdülər”.

Xatırladaq ki, H.Seyidbəyli o dövrdə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri və eyni zamanda isə Bədii Şuranın üzvlərindən biri idi. Ancaq demək olmazdı ki, Həsən Seyidbəyli Rasim Balayevin Tahir obrazını yaradacağına şübhə edib və yaxud sevimli aktyoruna geniş meydan açılmasına qarşı çıxıb. Əksinə Rasim Balayev 3 hissəli filmdə Tahir obrazının 18-45 arasında olan yaş həddinin imkanlarını daha geniş aça bilərdi. Çünki o artıq Seyidbəyli məktəbini keçmişdi, Nəsiminin yaşdan-yaşa dəyişən şair görünüşündə olan dəyişikliyin necə yaranmasının sirlərini bilirdi.

Rejissor bunun səbəbinin çox sadə olduğunu deyirdi: “Artıq Nəsimi kimi tanınan Rasim Balayevin hələlik başqa bir obrazla tanınmasına ehtiyac yox idi. Birdən “Vulkana doğru” filmi də güclü alınardı və nəticədə də Rasim Tahir obrazının adı ilə məhşurlaşardı və s. kimi əhəmiyyətsiz fikirlər mənim iş prinsiplərimə mane olurdu. Bu baxımdan da sınaq çəkilişlərinə rahat şərait yaradılmırdı”.

Narazılıqlara baxmayaraq rejissor öz fikrində qərarlı olur. Çünki o, hələ çəkilişdən əvvəl filmi məhz Rasim Balayevin üzərində qurmuşdu və təbii ki, aktyorları da ona uyğun olaraq seçməyə hazırlaşırdı. Məsələnin qəlizləşdiyini görən rejissor sınaq çəkilişlərindən əldə olunan lenti götürərək Moskvaya üz tutur. Ona görə Moskvaya ki, film Mərkəzi Televiziyanın sifarişi ilə çəkildiyi üçün onlar çəkiliş prosesində cavabdehlik daşıyırdılar. O dövrdə Moskva Bədii Şurasında Tatyana Sergeyevna, Oqorodnikova kimi kino mütəxəssisləri fəaliyyət göstərirdilər: “O məqamda Moskvaya üz tutdum ki, artıq kinonun başında oturan vəzifə sahibləri Cəmil Əlibəyov, Həsən Seyidbəyli, Azad Şərifov kimiləri maneə məqsədilə Ənvər Həsənovu Tahir roluna təsdiq etmişdilər və istənilmədən belə 400 metr çəkiliş aparılmışdı. Moskvadan xüsusi komissiya təyin olundu. Komissiya üzvləri az bir vaxtda Azərbaycanda oldular, çəkilən materiala baxdılar və Tahir rolunu pis qəbul etdilər”.

Baxmayaraq ki, 400 metr çəkiliş aparılmışdı, ancaq hər şey yenidən başlamalı idi. Onu da qeyd edək ki, kinoda 1 metr 25 kadrdan ibarət olur ki, bu da filmin 1/3 deməkdir:  “Təbii ki, filmin birinci hissəsinin 1/3 hissəsinin çəkilməsinə baxmayaraq bütün əziyyətlər yenə də mənim üzərimdə qalırdı. Mənim üçün əsas olan o idi ki, film uğurlu alınsın, aktyor seçimi düzgün aparılsın. Mən heç də Ənvər Həsənova qarşı çıxmırdım. Bildiyiniz kimi, Ənvər Həsənov quruluş verdiyim “Bizim küçənin oğlanları” filminin baş qəhrəmanlarından biridir. Ancaq Tahir rolunda Ənvərin ifası, Rasimin yaratdığı Tahirdən zəif alınmışdı”.

Filmdə Rasim Balayevin qəhrəmanı Tahirin anasını Leyla Bədirbəyli yaradıb. Ancaq Tofiq İsmayılov ana roluna Şəfiqə Məmmədovanı çəkmək fikrində imiş. Qəribə burasındadır ki, yaş baxımından Şəfiqə Məmmədova ilə Rasim Balayev arasında o qədər də fərq yoxdu. Ola bilsin ki, bu səbəbdən Bədii Şura sınaq çəkilişlərində üstünlüyü Leyla Bədirbəylinin ifasına verilib: “Sənətdə yaş əsas deyil, oyun tərzi vacibdir. Şəfiqə Məmmədova gözəl sənətkardı. Filmlərimin əksəriyyətində Şəfiqə Məmmədovanı çəkmişəm. Bu filmdə də ana rolunda onu nəzərdə tutmuşdum. Ancaq Bədii Şuranın üzvləri onun ifasını qəbul etmədilər. Şəfiqə xanım da nazlı xanım olduğu üçün “məni istəmirlərsə, heç gəlmərəm” deyə cəmi bir dəfə çəkiliş meydançasında görünməklə geri çəkildi, buna görə mən də susmaq məcburiyyətində qaldım”.

Filmdə diqqət mərkəzində dayanan rollardan biri də Lətifə obrazıdır və rejissor bu rolun ifaçısını axtarmaq üçün axtarışa uzun müddət vaxt sərf edib: “Sonda Şükufə Yusifovanı sınaq çəkilişlərinə dəvət etdik. O vaxta qədər o, “Tütək səsi” filmində çəkilmişdi. Doğrusu onu Lətifə roluna təsdiq etməkdə bir az tərəddüd edirdim. Ancaq sonrakı proseslərdə vəziyət yaxşılığa doğru dəyişdi və Şükufə bir aktrisa olaraq obrazın daxili aləmini açmağa müvəffəq oldu”.

 

Üç hissəli film konkret bir ad daşımasına baxmayaraq, hər hissənin də öz adı olub

 

Filmdə Məmmədrza Şeyxzamanovun oynadığı obraz həyat yoldaşı ilə birgə palçıq vulkanında olan səhnə var. Bu səhnə üçün bir dekorasiya tikilişi lazım idi. Kinostudiyanın rəhbərliyi həmin səhnə üçün lazım olan dekorasiyanı qurub çəkiliş qrupunun ixtiyarına versə də, rejissor imtina edib: “Həmin səhnənin dekorasiyası Qobustanda qurulmuşdu. Hazırlanmış dekorasiyanı çəkiliş günü gördüm və dəhşətə gəldim. Çünki burada ssenaridəki səhnəyə uyğun heç nə     yox idi, eyni zamanda isə tikili işləri köhnə, hardasa yararsız hala düşmüş taxtalardan hazırlanmışdı. Yaradıcı heyətə üz tutaraq, “kimdə balta var” deyə soruşdum və dərhal başdansovdu şəkildə quraşdırılmış dekorasiyanın sökülməsini əmr etdim. Elə bu məqamda yaxınlıqda təzə, rəndələnmiş taxtalar, iplər, bir sözlə, tikinti üçün lazım olan digər inşaat materialları gördüm”.

Köhnə taxtalardan hazırlanmış dekorasiyanı sökdürən rejissor, səhvən çəkiliş meydançasına gətirilmiş təzə taxtalardan yeni dekorasiya qurdurur: “Əvvəlcədən tədbirli tərpənərək köhnə taxtalardan qurulmuş dekorasiyanın, eyni zamanda isə yenidən təzə taxtalardan yaratdığımız dekorasiyaların fərqli görünüşlərdə şəkillərini çəkdirdim”.

Film 3 hissədən ibarət olduğu üçün ssenariyə əsasən aktyorların bir qismi üç yaş həddində çəkiliblər: “Məmmədrza Şeyxzamanov, Rasim Balayev, Şükufə Yusifova bütün hissələrdə çəkildikləri üçün onların yaş həddlərində olan dəyişikliklər qabarıq surətdə nəzərə çarpır. Ancaq Leyla Bədirbəyli, Həsən Məmmədov 1-ci və 3-cü hissələrdə çəkilsələr də, 2-ci hissədə görünmürlər. Kamal Xudaverdiyev isə yalnız 3-cü hissədə ifa nümayiş etdirib”.

Üç hissəli film konkret bir ad daşımasına baxmayaraq, eyni zamanda da hər hissənin öz adı var: “Öncə filmə ümumi olaraq “Vulkana doğru” adı verdik və Moskva tərfindən də bu adla təsdiq etdirdik. Ancaq görəndə ki, filmin çəkilişləri hissə-hissə, çətinliklə başa gəldi, o zaman mən də belə qərara gəldim ki, hər hissənin öz adı olsun. Çünki filmin ssenarisi üç müəllif tərəfindən fərqli ruhda yazılmışdı. Bundan başqa, filmin hər hissəsi ayrı-ayrılıqda, ən azından 6 aydan bir tamaşaçılara təqdim olunacaqdı. Hər hissə nümayiş olunan zaman filan filmin davamı kimi təqdim etməkdənsə, ən yaxşısı öz adı ilə yeni film kimi təqdim etmək olardı ki, nəticədə də filmin anlaşılmaz çəkilişindən və anlaşılmaz bir durumda yaranıb nümayiş olunmasından, bir sözlə kadrarxası məqamlardan heç kimin xəbəri olmazdı. Üç hissədən ibarət olan film, əslində ayrı-ayrılıqda da bütöv film kimi təqdim olunur. “Ataların torpağı”- ayrıca olaraq çox gözəl bir filmdir. “Rəqiblər”- kənddən gələn bir oğlanın həyatından, fəaliyyətindən bəhs edir. Tamaşaçı bu oğlanın Tahir olduğunu bilsə də olar, bilməsə də. Əsas olan odur ki, Tahir kənddən gəlib neft buruqlarında fəaliyyətə başlayıb və onun həyatında baş verən hadisələr tamaşaçı üçün maraqlıdır.

3-cü  hissə isə “Geriyə dönüş” adlanır. Bu hissənin çəkilişində canlı quyunun çəkilişi tələb olunurdu. Bir çox axtarışdan sonra çəkiliş üçün Sabirabadda yerləşən canlı quyunu seçdim”.

 

Film 2-ci kateqoriyaya layiq görüldü

 

Mərkəzi Televiziyanın(Moskva) sifarişi ilə çəkilən film hissə-hissə Moskva Kino İdarəsinə təqdim olunub. Filmin 1-ci hissəsi tam hazır olsa da, 2-ci hissəsi hələ də hazırlıq prosesidə idi. Rejissor hər iki hissəni (hətta 2-ci hissə tam hazır olmasa da) eyni vaxtda təsdiq etmək niyyətində olduğu üçün Moskvaya yola düşür: “2-ci hissəni yarımçıq təsdiq etdirməkdə məqsəd o idi ki, istər Moskva Kino İdarəsinin işçiləri, istərsə də “Azərbaycanfilm” kinostudiyasının işçiləri 13-cü maaşı vaxtında ala bilsinlər”. Rejissor bu barədə əvvəlcədən Moskva Bədii Şurası ilə razılığa gəlib. Film təhvil verilən vaxt Cəmil Əlibəyov da Moskvada olub. Film nümayiş olunduqdan sonra qurumun üzvlərindən biri sözü Cəmil Əlibəyova verib. O, filmi qəbul etmək fikrindən uzaq olub, səbəb isə filmin tam hazır olmamasını göstərib. Bu məqamda ruslar qalıb bir kənarda, Tofiq İsmayılovla Cəmil Əlibəyov mübahisəyə başlayıb. Rejissorun fikrinə əsasən o, haqlı olub. Ən azından ona görə ki, rejissor kino işçilərinin vaxtında 13-cü maaş alması məqsədilə Moskva ilə razılığa gəlib: “Əgər ruslar könüllü şəkildə hazır olmayan filmi təsdiq etməklə bizim maaşımızı vaxtında verməyə şərait yaradırsa, nəyə görə biz bu fürsətdən istifadə etməməliyik?”. Ancaq mübahisədən bir şey çıxmır. Moskva filmin yalnız bir hissəsini təsdiq edir: “Sonrakı hissələrdə kinostudiyanın direktoru  bir neçə epizodun dəyişdirilməsi fikrini önə çəksə də, mən razılaşmadım və beləliklə də film əziyyətlər hesabına çəkilib qurtardı”. Moskva filmi 2-ci kateqoriyaya layiq görüb.

Tofiq İsmayılov etiraf edirdi ki, belə əziyyətlər hesabına çəkilən, təzyiqlərə məruz qalan filmin 2-ci kateqoriyaya layiq görülməsi yaxşı əlamətdir.

Filmin yaradıcı heyəti: Ssenari müəllifi Çingiz Ələkbərzadə, rejissor Tofiq İsmayılov, operator Rafiq Qəmbərov, rəssam Elbəy Rzaquliyev, bəstəkar Nazim Əliverdibəyov, səs operatoru Marat İsgəndərov, Vladimir Savin, Şamil Kərimov, qrim rəssamı Elbrus Vahidov, II operator-Amin Novruzov.

Rollarda çəkiliblər: Rasim Balayev(Tahir), Məmmədrza Şeyxzamanov(usta Ramazan), Leyla Bədirbəyli(Gülsüm), Muxtar Maniyev, Kamal Xudaverdiyev(usta Əli), Şəfiqə Məmmədova, Məmməd Məmmədov, Şükufə Yusupova(Lətifə), Həsən Məmmədov, Şahmar Ələkbərov(Əmirhüseyn), Gündüz Abbasov, Fazil Salayev, Tarıyel Qasımov(Rüstəm), Hamlet Xanızadə, Fateh Fətullayev, Eldəniz Zeynalov, Rafiq Əzimov(Cabbarov), Səməndər Rzayev, Zemfira Sadıxova(Nisə).

Xədicə QİYAS