Xalidə Quliyevanın yubiley yaşı tamam olur

“Nəsimi”, “Tütək səsi”, “Bakıda küləklər əsir”, “Xoşbəxtlik qayğıları”, “Qızıl qaz”,  “Köhnə bərə”, “Qocalar, Qocalar”, “Şahid qız” və s. filmlərdə maraqlı obrazlar yaradan kinoaktrisa, Xalq artisti Xalidə Quliyevanın yubileyidir.

Xalidə Quliyeva 24 sentyabr 1952-ci ildə Bakıda anadan olub.1969-1974-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb, eyni zamanda  “Səda” Tədris Teatrında(1973-1976-cı illərdə), “Azərbaycanfilm” kinostudiyasında (1972-ci ildən) aktrisa kimi fəaliyyət göstərib. 2004-cü ildən Lider TV-nin dublyaj redaksiyasında çalışıb. İran kinematoqrafçılarının istehsal etdikləri “İtirilmiş pay” (2007, rejissor Həsən Nəcəfi) filmində ana rolunda, “Səkkizinci asiman” (2011, rejissor Həsən Nəcəfi) filmində baş rolda çəkilib. “Azərbaycanfilm” kinostidiyasının istehsal ediyi filmlrədə maraqlı obrazlar qalereyası yaradan asktrisa ilk dəfə kinoda 1972-ci ildə çəkilib. Əli Qafarovun ssenarisi əsasında rejissor Tofiq Tağızadənin çəkdiyi  “Qızıl qaz” filmi ictimai-mənəvi problemlərə toxunur. Filmin sınaq çəkilişlərinə onlarla gənc qatılıb ki, onlar arasında tələbə Xalidə Quliyeva da var idi. Rejissor onun aktrisalıq qabiliyyətini bəyənir və Validə roluna təsdiq edir. “Qızıl qaz” filmi aktrisanın həyatında böyük rol oynayır. O mənada da məhz bu filmdən sonra o, tarixi bir ekran əsərində önəmli bir rola imza atır.

1973-cü ildə yazıçı İsa Hüseynovun ssenarisi əsasında görkəmli rejissor Həsən Seyidbəylinin quruluş verdiyi “Nəsimi” filmindəki Fatimə obrazı onun kino həyatında böyük rol oynayır.

X.Quliyeva bu barədə deyir ki, “Qızıl Qaz” filminin təqdimatında Həsən Seyidbəyli məni görmüş, aktrisalıq qabiliyyətimi bəyənmişdi: “Bir gün ikinci rejissor Əşrəf Amayev auditoriyaya daxil olub dedi ki, “Həsən müəllim Xalidə xanımı görmək istəyir”. Azərbaycan Kinematoqrafçılar İttifaqına yollandım, o zaman qurumun sədri Həsən müəllim özü idi. Həsən müəllim məni xoş bir aurayla qarşıladi və “Qızıl qaz” filmindəki aktyor işimi bəyəndiyini, özünün “Nəsimi” filmində görmək istədiyini söylədi. Mənə filmin ssenarisini təqdim edərək söylədi ki, “Oxu və hansı rolu bəyəndiyini söylə”. Filminin ssenarisi ilə tanış olarkən Nəsiminin soyulmağı mənə çox pis təsir etdi. Səhər tezdən durub Kino İttifaqına yollandım. Həsən müəllim hansı rola çəkilmək istədiyimi soruşanda, ona bildirdim ki, Fatimə rolunu istəyirəm. O da gülərək söylədi ki, “səni elə bu rol üçün nəzərdə tutmuşdum və ona da çəkiləcəksən”. Və beləliklə də aktrisanın kinoda əsas hədəfi məlum olur. O, xarakterik obrazların tərəfdarı idi və oynadığı rollarda obrazın bütün daxili aləmini, hissləri üzə çıxarmağa cəhd edirdi.

Aktrisa deyir ki, Həsən Seyidbəyli Azərbaycan kinosuna ən böyük dəyər olan həyat gətirdi, həmçinin, həyat həqiqətini gətirdi: “Filminin çəklişlərindən öncə biz 2-3 ay Azərbaycan Kinematoqrafçılar İttifaqında məşq etdik. Xırdalıqlarına qədər hər şey ölçülüb-biçilirdi. Həsən müəllimin aktyorlardan əsas tələbi sadəlik, səmimiyyət və təbii ifa tərzi idi. Bizdən həyata çox yaxın ifa tərzi tələb edirdi. “Nəsimi” filminin çəklişinə çox böyük büdcə ayrıldığı üçün həm dövlət, həm də sifarişçilər tərəfindən nəzarət ciddi idi”. Bütün bunların nəticəsi idi ki, film çəkilişi uğurla nəticələndi. Həmin dövrdə Azərbaycanda çəkilən digər filmlərdən fərqli olaraq, “Nəsimi”nin nümayişi çox genişmiqyaslı oldu. Azərbaycanın sərhədlərindən uzaqda – Orta Asiyada, Suriyada, İraqda, Hindistanda, həmçinin bütün SSRİ məkanında, İranda filmin nümayişləri keçirildi. Filmin qazandığı uğur aktyorlara da sirayət etdi. Bu baxımdan X.Quliyevanın yaradıcılığında Həsən Seyidbəylinin rolu böyükdür. Və rejissorun bir çox filmlərində aktrisa maraqlı rollar oynayıb.

H.Seyidbəyli 1976-cı ildə öz ssenarisi əsasında çəkdiyi “Xoşbəxtlik qayğıları” filmində də aktrisanı elə öz adında olan Xalidə roluna dəvət edir. Filmin adından da göründüyü kimi, əslində cehis kimi arzunun xoşbəxtlik qayğısından başqa bir şey olmadığını önə sürən rejjissor tamaşaçı diqqətini xoşbəxtliyin təməlinin heç də cehizlə qoyulmadığına və sevdiyin adamla əl-ələ versən, həyatın bütün sınaqlarından alnıaçıq çıxa bilərsən kimi fikrinə yönəldir. Belə bir filmdə yer almaq maraqlı olduğu qədər də, məsuliyyətli idi və Xalidə roluna çəkilən aktrisa bu məsuliyyət yükünün ağırlığını hiss edirdi.

Xalidə Quliyevanın yaradıclığında görkəmli rejissor Rasim Ocaqovun fimləri də yer alıb. Rejissorun quruluş verdiyi “Tütək səsi” və “Bağlı qapı arxasında” filmindəki rolları aktrisa üçün çox dəyərlidir: ““Tütək səsi” filmində Milli obrazına dəvət olunmağımın əsas səbəbi də məhz “Nəsimi” filmindəki uğurlu ifam oldu. Rasim Ocaqov “Tütək səsi” filminin ssenarisini mənə təqdim edəndə bildirdi ki, müəllif İsa Hüseynovdur. Mən İsa Hüseynov yaradıcılığına artıq “Nəsimi” filmindən bələd idim və onun qələmini çox sevirdim. Milli obrazı mənim yaradıcılıq bioqrafiyamda çox mühüm yer tutur. Milli obrazının adı da maraqlıdır. Bu ad təbii ki, təsadüfü seçilməmişdi, bizim milliliyimizə, soy-kökümüzə bağlılığımıza istinad edirdi. Bu filimdən, bu ssenaridən ulu babalarımızın ətri, nəfəsi gəlir. Bu gün ən böyük dəyər verdiyim məqam Millinin məhz milli əxlaqi xüsusiyyətlərin daşıyıcısı olmasıdır”.

Azərbaycan Kinematoqrafçılar İttifaqı adından Xalidə Quliyevanı yubiley yaşı münasibətilə səmimi qəlbdən təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!

aki.az