Xalidə Quliyeva: Milli kino deyilən bir anlayış var, biz bunu itirmişik

Ömrünü sənətə həsr edən, “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi bir çox filmlərdə – (“Qızıl qaz”, “Nəsimi”, “Bakıda küləklər əsir”, “Tütək səsi”, “Şahid qız”, “Xoşbəxtlik qayğıları” və s.) maraqlı obrazlar yaradan kinoaktrisa, Xalq artisti Xalidə Quliyeva kino üçün vacib olan məslələrdən danışıb.

Aktrisa Moderator.az-a açıqlamasında bildirib ki, kino mənim üçün birmənalı olaraq sənətdir: “Amma nədənsə bizim bu gün çəkilən filmlərdən ya Fransız, ya İran, ya da ki, Rusiya filmlərinin qoxusu gəlir. Mən bunu pisləmirəm. Niyə görə? Çünki bunun səbəbini bilmək lazımdır. Səbəb nədədir? Axı adını çəkdiyim bu dövlətlərin filmləri artıq öz sözlərini deyiblər və nümunədirlər. Bizim bu günki gənclər də onlara baxıb, istər-istəməz onların təsiri altına düşürlər. Bilmirəm bu yaxşıdır yoxsa pis? Amma milli kino deyilən bir anlayış var, biz bunu itirmişik. Bilmirəm, bəlkə hər şey qloballaşıb, biz milliyimizi itiririk?”

Milliliyimizi itirməyin çox mübahisəli və müzakirə olunacaq məsələ olduğunu qeyd edən aktrisa, onu da əlavə edib ki,  bu gün çəkilən filmlərimiz bədii cəhətdən zəifdirlər: “Bu gün kino dünyaya baxışın, insan faktorunun bədii təsviri ilə məşğul olmaq əvəzinə daha çox kommersiya yolunu tutur. Bu da kinonun təməl prinsiplərinə çox ziddir. Kino ilk növbədə sənətdir, insanlar kinoya baxandan sonra katarsis keçirməli, ruhları, dünyaya baxışları, düşüncələri təmizlənməlidir. Amma bu günki kino ləzzət və əyləndirməyə xidmət edir”.

X.Quliyeva deyir ki, kino müəyyən ideya daşıyıcısıdır, sadaladığım səbəblərdən dolayı onu yaxşı mənada bədii çərçivəyə sala bilmirik: “Uşaqlıqda yadımdadır ki, televiziyada kino başlayanda əvvəlində yazılırdı, “bədii film”, sonra film göstərilirdi. Bədii sözünün altında daha dərin, daha bəşəri məna durur. Film rejissorun dünya görüşünü, dünyaya baxışını bizə təqdim edir. Əlbəttə ki, film rejissorundur. O film maraqlı olur ki, orada rejissor bizə yeni bir söz deyir, yeni bir baxışdan hadisələri bizə təqdim edir. Bu gün kino dostluq, sədaqət, ölüm-dirim kimi bəşəri mövzulardan çox uzaqlaşıb. Mən bu günki gənclərə arzu edirəm ki, zəhmət çəksinlər, kinoya hörmətlə yanaşsınlar, yuxarıdan aşağı yox, aşağıdan yuxarı baxsınlar. Ən əsası isə müşahidəçi olsunlar” deyə aktrisa bildirib”.

aki.az