Xalq artisti Elmira Şabanovanın ad günüdür

“Aktrisa olacağımı heç bir vaxt düşünməmişdim. Ancaq Amerika aktrisası Qreta Qarbonu ekranda görəndən sonra kino sənətini sevdim və aktrisa olmağa qərar verdim. O vaxtı mənim ilk kino debütüm “Əsl dost” filmində olub. Daha sonra on yeddi yaşında “Səhər” filmində Sevda roluna çəkildim” deyən Azərbaycan Kinematorafçılar İttifaqının üzvü, kinoaktrisa, Xalq artisti Elmira Şabanovanın ad günüdür.

E.Şabanova 1 noyabr 1940-cı ildə Bakıda dünyaya göz açıb. 1958–1962-ci illərdə M.A. Əliyev adına ADİİ-da əvvəlcə aktyorluq fakultəsində, 1969-cu ildə rejissorluq fakültəsində təhsil alıb.

Uzun illər (1962–1997) pedaqoji fəaliyyətlə məşğul olan Elmira xanım onlarla tələbənin yetişməsində böyük rol oynayıb. Eyni zamanda “Azərbaycanfilm” kinostydiyasının istehsal etdiyi 30-a yaxın bədii filmdə maraqlı rollar ifa edib.

Aktrisanın  filmoqrafiyasında “Avqust gələndə”, “Bədbəxtliyin astanasında”, “Çalışan adam”, “Dairə”, “Əlvida, cənub şəhəri”, “Əsl dost”, “Fəryad”, “Gecə qatarında qətl”, “Gəmi saatının sirri”, “Qafqaz”, “Qəm pəncərəsi”, “Qızlar”, “Qocalar”, “Mirzə Babayev”, “Ötən ilin son gecəsi”, “Özgə vaxt”, “Şahid qız”, “Səhər”, “Son döyüş”, “Sürəyya”, “Təhminə”, “Yoxlama”, “Zirzəmi”, “40-cı qapı”, “İnsanı öldürmək”, “Qaraşın ledinin sonetləri”, “Təkbətək döyüş”, “Kölgə”, “Qapalı orbit”, “Gəlinlər” kimi filmlər, hətta teletamaşalar da var.

Qeyd etdiyimiz kimi, pedaqoji fəaliyyətlə uzun illər məşğul olduğu üçün bir müddət kinodan ayrı qalan E.Şabanova 1977-ci ildə “Bədbəxtliyin astanasında” qısametrajlı bədii filminə dəvət alır və bununla da yenidən kinoya qayıdır.

1980-ci illərdə bir-birinin ardınca kino, radio və televiziyada maraqlı obrazlar yaradan aktrisanın yaradıcılığında görkəmli yazıçı Anarın ssenarisi əsasında və rejissorluğu ilə çəkilmiş “Qəm pəncərəsi” filmində oynadığı Həmidə xanım obrazı xüsusi yer tutur.

“Teatr, kino, televiziya təbliğat vasitələri olduğundan insanlara örnək olmalıdır” deyən aktrisa, pedaqoq Elmira Şabanovanı ad günü münasibətilə təbrik edir, can sağlığı arzulayırıq!

aki.az