Xalq artisti Ramiz Novruz vəfat edib

Teatr və kino aktyoru, Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Ramiz Novruz vəfat edib.

Ramiz Novruz 1955-ci ildə Biləsuvarda anadan olub. 1974-1978-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində, Adil İsgəndərovun kursunda təhsil alıb. 1978-1981-ci illərdə Sumqayıt Dövlət Teatrında, 1981-ci ildən etibarən Akademik Milli Dram Teatrında çalışıb. Teatrın səhnəsində onlarla maraqlı obrazlar qalereyası yaradıb. O, aktyorluq fəaliyyəti ilə yanaşı, bir neçə pyes də yazıb. 20 yanvar hadisələrindən bəhs edən “At ilinin birinci ayı” adlı pyesi Gəncə Teatrında, “Hələ sevirəm deməmişdilər” pyesi isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub. Eduardo de Filipponun “Silindr” əsərini rus dilindən Azərbaycan dilinə tərcümə etmiş, eyni zamanda rejissor kimi tamaşaya qoymuş və bu əsərdə Attillio rolunu ifa edib.

R.Novruz teatr fəaliyyəti ilə yanaşı, eyni zamanda kinoda da öz sözünü deyib, hətta onun kino yaradıcılığı öz fərqliliyi ilə seçilib.  Müxtəlif janrlı filmlərdə  – “Sizi dünyalar qədər sevirdim”(General Həzi Aslanov”),  “Alman klinikasına şəxsi səfər”(Baba Əliyev), “Beşmərtəbəli evin altıncı mərtəbəsi”(Muxtar), “Sarı gəlin”(Rasim), “Cavid ömrü”(Mircəfər Bağırov), “Məhkumlar”(mayor),  “Cavad xan”(Sisianov), eləcə də Rusiyanın istehsal etdiyi “Sui-qəsd”(2004) serialında çeçen komandiri Ramzan Salmanov obrazlarını yaradıb. Onun teatrda, kinoda yaratdığı obrazlar, hətta mənfi rolları belə dəyərli sənət nümunəsi səviyyəsinə yüksəltməsi, tamaşaçlar tərəfindən daim böyük maraqla izlənib. Bütün bunlara baxmayaraq, aktyor daha çox general Həzi Aslanov obrazı ilə tamaşaçıların rəğbətini, sevgisini qazanıb. Aktyor özü də Həzi Aslanov obrazını xüsusi dəyərləndirirdi. Ramiz müəllim deyirdi ki, o vaxt “Pravda” qəzetində Həzi Aslanov haqqında “Qalib gəlmək bacarığı” adlı məqalə dərc olunubmuş. Filmin çəkildiyi vaxtdan illər keçsə də Həzi Aslanovun şəxsiyyəti məhz aktyor Ramiz Novruzun timsalında yaddaşlarımıza həkk olunur və qəhrəmanımızın Böyük Vətən müharibəsində hansı çətinliklər hesabına qalib olduğunun şahidi oluruq…

Ramiz Novruz geniş tamaşaçı auditoriyası tərəfindən böyük sevgilə qarşılanan, alqışlarla əhatə olunan aktyorlarımızdan idi.

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti adından Ramiz Novruzun vəfatından kədərləndiyimizi bildirir və mərhumun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk!

Allah rəhmət eləsin!

aki.az