XALQ RƏSSAMI ELBƏY RZAQULİYEVİN XATİRƏSİNƏ...

“Yeni çəkdiyim əsər qarşısında uzun müddət dayanıb xəyala dalmağı çox sevirəm. Əgər rəsmdəki insanların səsini eşidirəmsə, onlarla birlikdə sevinir, həyəcanlanır, kədərlənirəmsə, bir sözlə, təsvir etdiyim bir parça həyatı yaşayıramsa, demək istəyimə nail olmuşam. Bu hissləri duymuramsa, onda əsər yenidən işlənməlidir” deyən Xalq rəssamı Elbəy Rzaquliyevin anadan olduğu gündür.

E.Rzaquliyev 17 iyun 1926-cı ildə Bakıda anadan olub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində və Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində(1946-1953) təhsil alıb. Onun yaratdığı əsərlər – “Daşkəsənin gənc inşaatçıları”, “Əli Bayramlı DRES-i”, “İnsanların torpağı”, “Çiçəklər arasında”, “Qırmızı və ağ qızıl güllər”, “Xəncər və məişət əşyalarından ibarət natürmort”, “Tac-Mahal”, “Yaponiya silsiləsi”, “Əmək adamları”, “Ana”, “Montajçılar”, “Kənddə” və digərləri daima böyük maraqla qarşılanıb.

1953-cü ildən “Azərbaycanfilm” kinostudiyasında çalşmağa başlayan rəssamın yaradıcılığı o gündən etibarən iki əsas istiqamətdə – rəngkar və kino rəssamı kimi –  inkişaf etməyə başlayıb.

O, tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanan bir sıra filmlərə (“Sevil”, “Arşın mal alan”, “Görüş”, “Ögey ana”, “Onun böyük ürəyi”, “Bir məhəlləli iki oğlan”, “Telefonçu qız”, “Uşaqlığın son gecəsi” və s.) bədii tərtibat vermişdir.

Rəssam 1955-ci ildə Cəbrayıl Əzimovla birgə iki filmə – “Bəxtiyar” musiqili və “Görüş” kinokomediyalarına bədii tərtibat verib. Dramaturgiyanın tələblərinə əsasən tikilmiş dekorasiyalar filmdə cərəyan edən hadisələrə və personajların fəaliyyətinə uyğun hesablanmışdır. Bu baxımdan da  “Bəxtiyar” filmi çəkilərkən rejissor Lətif Səfərov və operator Arif Nərimanbəyov eskizlərin ekran variantında rəssamların nəzərdə tutduqları bədiiliyi bütünlüklə saxlamışlar.

Tofiq Tağızadənin quruluş verdiyi,  Azərbaycan və Özbəkistan pambıqçılarının ənənəvi dostluğuna həsr edilən “Görüş” kinokomediyasında isə əsasən natura çəkilişlərindən istifadə olunub. Pavilyonda hazırlanmış dekorasiyalar – iş otaqları, mənzillər, bu otaqlardakı əşyalar və s. qəhrəmanların əhval-ruhiyyəsini ifadə edir.

E.Rzaquliyev 50-ci illərdə istehsal olunan  və dəvət aldığı filmlərdən yalnız birində – “Onun böyük ürəyi”ndə (1958) müstəqil çalışıb.

Yazıçı M.Hüseynin eyni adlı romanı əsasında lentə alınan “Qara Daşlar” kinopovesti qəhrəman dəniz neftçilərinə həsr olunub. Film təsvir nöqteyi-nəzərindən yüksək səviyyədə işlənmişdir.

Gənc rəssamın kinostudiyadakı fəallığı, istehsalatı dərindən öyrənməsi, bir sözlə qazandığı təcrübə rəssam kimi çalışdığı filmlərdə özünü biruzə verir. Onun bədii tərtibat verdiyi filmlərdə müşahidəçilik qabiliyyəti hiss olunur. O, dekorasiyalarda inandırıcılığa, səlisliyə və bütövlüyə nail olmağa çalışır.

Rəssam kino ilə rəssamlığın vəhdəti barədə deyirdi ki, kino sənətində rəssam əməyinin rolu çox böyükdür: “Filmlərin tərtibi üzrə çalışan rəssamların müasir rəngli və panoram texnikası sahəsində hər hansı ekran əsəri olduqca böyük bədii imkanlar kəsb edir. Düzdür, bəzən rəssamla rejissor arasında fikir ayrılığı, sağlam mübahisə olur. Lakin mən şəxsən tərəfmüqabili başa düşməyə, eyni zamanda təlqin etmək istədiyim ideyanı sübuta yetirməyə çalışıram. Əlbəttə, hər birimizin fikri ümumi işin xeyrinə xidmət etməlidir”.

Rəssam dediyi fikirlərə sadiq qaldığını rəssamı olduğu filmlərdə açıq şəkildə göstərir. 1960-cı illərdə istehsal olunan, uğurlu ekran əsərlərinin əksəriyyətində (“Telefonçu qız” (1962), “Möcüzələr adası” (1963), “Arşın mal alan” (1965), “İstintaq davam edir” (1966, N.Zeynalovla birgə) və “Uşaqlığın son gecəsi” (1968) və s.) rəssamın böyük rolu olmuşdur.

Rəssamın kino fəaliyyətinin ən məhsuldar dövrü 80-ci illərdə olub. Həmin illərdə “Onun bəlalı sevgisi” (1980), “Əzablı yollar” (1982, R.Nəsirovla), “Musiqi müəllimi” (1983), “Bəyin oğurlanması” (1985), “Qəm pəncərəsi” (1986, R.Nəsirovla), “Xüsusi vəziyyət” (1986, N.Zeynalovla), “Araqarışdıran” (1987, R.Nəsirovla), “Şeytan göz qabağında” (1987, R.Nəsirovla), “Sahilsiz gecə” (1989, R.Nəsirovla) filmlərinə bədii tərtibat vermişdir. Bəhs etdiyimiz filmlərə diqqət yetirərkən burada mövzu və janr baxımından kino rəssamı üçün geniş meydan açıldığının şahidi oluruq. Psixoloji dram, siyasi detektiv, sosial-dram, film-balet, film-nağıl, komediya janrında olan bu filmlərə baxanda rəssamın özünəməxsus dəst-xəttini, təsvir və yaradıcılıq fantaziyasını görürük.

81 illik ömrünün 60 ilini yaradıcılığa həsr edən, yaratdığı sənət nümunələri ilə Azərbaycanı dünya ölkələrində təbliğ edən Xalq rəssamını ad günündə böyük hörmət və ehtiramla yad edirik!

X.QİYAS