“Xoşbəxtlik qayğıları” filmi /Həsən Seyidbəylinin 100 illiyi/ rubrikasında

Görkəmli rejissor Həsən Seyidbəylinin quruluş verdiyi filmlər fərqli janrlarda olmaqla yanaşı, fərqli dəst-xətti, üslubu ilə seçilir. Önəmli məqamlardan biri də odur ki, rejissor quruluş verdiyi filmlərə qeyri-peşəkar aktyorları, hətta sənətə dəxli olmayan insanları dəvət edərək onların inkişafında böyük qüvvə sərf etmiş və nəticədə də istədiyinə nail olmuşdur.

Həsən Seyidbəylinin 100 illiyinə həsr etdiyimiz rubrikanın bu dəfəki filmi 1976-cı ildə “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal olunan “Xoşbəxtlik qayğıları” filmidir. Filmdə qayğısız insanın olmaması məsələsi önə çəkilir və Həsən Seyidbəyli bu filmində də öz ənənəsinə sadiq qalıb.

 

HƏSƏN SEYİDBƏYLİ: AKTYOR TƏCRÜBƏSİ OLMAYANLARI BAŞ ROLA ÇƏKMƏYİMİN BİR NEÇƏ SƏBƏBİ VAR

 

“Xoşbəxtlik qayğıları” filmi rejissor sonuncu quruluş verdiyi tammetrajlı bədii filmdir. Və bu filmdən sonra “Babək” və “Hizami” filmlərini çəkmək fikrində olan rejissor səhhətində yaranan problemlərlə bağlı, növbəti arzularını gerçəkləşdirə bilməyib.

Qeyd etdiyimiz kimi, rejissor sonuncu quruluş verdiyi “Xoşbəxtlik qayğıları” filminin çəkilişi zamanı da öz ənənəsinə sadiq qalaraq sənətə dəxli olmayanların aktyorluq qabiliyyətindən istifadə edib. Bu səbəbdən ona irad tutanlar,  qarşı çıxanlar da az olmayıb.  Bütün bunları nəzərə alan Həsən Seyidbəyli “Xoşbəxtlik qayğıları” filminin çəkilişi ərəfəsində bu barədə geniş məqalə ilə çıxış edib:

“Ədəbiyyat və incəsənət” qəzetinin 4 sentyabr 1976-cı il tarixli sayında oxuyuruq:

“Mədən tez-tez soruşurlar: nə üçün xüsusi təhsili olmayan, bu vaxta qədər aktyor kimi heç bir filmdə çəkilməyən gəncləri baş rollara dəvət edirəm? Bunun bir neçə səbəbi var. Əvvəla, aktyor olmayanların tiray, yaxud əsərin baş qəhrəmanı kimi çəkilməsi yeni məsələ deyil, özü də kino sənətinin yaranma tarixinin başlanğıcına təsadüf edir. Sonralar kino əyləncə funksiyasından uzaqlaşıb, yavaş-yavaş əsl sənətə, yeni, oriyinal, ən kütləvi tamaşaçısı olan sənətə çevrildikcə, mütəxəssislər klassiklərin əsərlərinə və bu əsərlərin qəhrəmanlarının mürəkkəb obrazlarını yaratmaq üçün tanınmış teatr aktyorlarına müraciət etməyə başladılar. Get-gedə kino mövqeyini möhkəmləndirir və bu sahəyə incəsənətin hər növündən istedadlı nümayəndələr, mütəxəssislər axışıb gəlirdi. Dünya miqyasında, xüsusilə İtaliya, Fransa, Amerika kino sənətində, eləcə də bəzi sovet rejissorlarının təcrübəsində kino artisti sayılmayan şəxslərin, xüsusilə gənclərin əsas rollara dəvət edilməsi meyli hələ də yaşayır. Bu, nədən irəli gəlir? Demək olmaz ki, adlarını çəkdiyimiz ölkələrin kinosunda aktyor qıtlığı var. Deməli, peşəkar aktyor olmayanların baş rola dəvəti reyissorların yaradıcılıq axtarışlarından, yaxud ədəbi ssenarinin xüsusiyyətlərindən irəli gəlir. Yeni mövzu, yeni konflikt, yeni insan obrazı və bu obrazın bütün gerçəkliyi ilə verilməsi həvəsi bəzi rejissorları ekrana yeni adamlar gətirməyə təlqin edir. Şəxsən mənim aktyor təcrübəsi olmayanları baş rola çəkməyimin bir neçə səbəbi var. Bu səbəbdən biri, hazırda milli kinomuzdakı aktyor qıtlığıdır. Əlbəttə, bu o demək deyildir ki, bizdə yaxşı aktyor yoxdur. Ancaq bizim kinostudiyanın divarları arasında-pavilyonlarda, yaxud respublikanın müxtəlif guşələrində, eyni zamanda bir neçə film çəkmək üçün tələb olunan miqdarda aktyorumuz yoxdur. Əməkdar artist Nəsən Məmmədov istedadlı kino aktyorudur, eyni zamanda isə  uzaqbaşı iki filmdə çəkilə bilər. O biri rejissorlar istəsələr də, Həsənin onların filmində çəkilməyə, sadəcə fiziki qüvvəsi çatmaz. Bir də ki, axı aktyorlarımızın(Nəsən Məmmədov, Şahmar Ələkbərov, Həsənağa Turabov, Rasim Balayev) qardaş respublikaların filmlərində də çəkilməyə dəvət edirlər. Göründüyü kimi, respublika kinosunda aktyor çatışmazlığı bizim işimizi çətinləşdirir, yaradıcılıq axtarışlarımızı məhdudlaşdırır. Məhz bu çatışmazlıq üzündən Arif Babayev, Rasim Ocaqov, Eldar Quliyev, Şamil Mahmudbəyov, Tofiq Tağızadə kimi reyissorlarımız öz filmlərinə qardaş respublikalardan aktyor çağırır, bəzən də təcrübəsi, səriştəsi olmayan gəncləri dəvət edirlər. Hərdən mən də bu yolla getmək məcburiyyətində qalıram. Bu baxımdan “Xoşbəxtlik qayğıları” filminin qəhrəmanlarını əsasən, gənclər və uşaqlardan ibarət seçmişəm. Adətən, hər rola bir neçə namizəd dəvət olunur və məşqlər, söhbətlər onları, bir növ, necə deyərlər, saf-çürük etməyə imkan verir. Ciddi məşqlər həm də aktyor oyununda ansambl yaratmağa kömək edir. Nəhayət, bütün bunlar istedadlıları aşkara çıxarır, aydın olur ki, bəzi namizədlər mükəmməl savada, müasir mədəniyyətə malik olsalar da, kinonun tələbləri baxımından xarakterik keyfiyyətdən məhrumdurlar. Deməli biz heç kəsə istedad vermirik. Biz yalnız istedadı tapırıq, yaxud birinci işartısı olanda “oyadırıq”…Son olaraq onu da qeyd edim ki, obraz ifaçının kompleksləri məşqlərin köməyilə müəyyən qədər uyğun gələndə xarakterlər yaranır, əsər müvəffəqiyyətli olur. Uyğun gəlməyəndə isə obrazlar səthi, təxmini çıxır. Təxminilik isə kino sənətinin düşmənidir. Yenə də təkrar edirəm: aktyor problemi, xüsusilə gənc aktyor problemi bu gün də milli kinomuzda bir nömrəli məsələ olaraq qalmaqdadır”.

 

SEYİDBƏYLİNİN KİNO SƏNƏTİNDƏ KƏŞF ETDİYİ AKTRİSA – XALİDƏ QASIMOVA

 

Görkəmli rejissorun kino sənəti üçün kəşf etdiyi aktrisalardan biri də Xalidə Qasımovadır. Akltrisa Həsən Seyidbəyıinin filmlərinin əksəriyyətində maraqlı obrazlar silsiləsi yaradıb. O da təsadüfi deyil ki, “Xoşbəxtlıik qayğıları” filmində aktrisanın yaratdığı Xalidə rolu məxsusi onun özü üçün yazılıb.

X.Qasımova deyir ki, Həsən Seyidbəyli Azərbaycan kinosuna həyat estetikasını gətirib: “O həyat estetikası ilə bədii estetikanın sintezini yaratdı ki, bu da həyata bənzər kinonun yaranması demək idi. Qismət elə gətirib ki, həyat həqiqətlərini kinoda göstərməyi bacaran rejissorla birgə işləmək mənə də nəsib olub. Bir gün mənə çatdırdılar ki, Həsən Seyidbəyli səni görmək istəyir. O dövrdə də o Kinematoqrafçılar İttifaqının sədri vəzifəsində çalışırdı. Vaxt təyin olundu və mən rejissorun qəbuluna getdim. O mənimlə hal-əhval tutduqdan sonra bildirdi ki, bəs bu yaxınlarda çəkəcəyim filmin ssenarisini yazıb qurtarmışam. Onu da qeyd etdi ki, ssenaridə olan Xalidə roluna səni nəzərdə tutduğum üçün obraza da elə sənin adını vermişəm”.

Aktrisa etiraf edir ki, Həsən Seyidbəylinin xeyirxahlığı sonralar onun həyatında böyük rol oynayıb. Belə ki, Xalidə Qasımova, demək olar ki, bütün kinorejissorlarının diqqət mərkəzində dayanıb və ardıcıl olaraq 20-yə yaxın filmə çəkilib.

“Nəsimi” filminin çəkilişləri zamanı Həsən Seyidbəyli Fatma roluna dəvət etdiyi gənc aktrisa Xalidə Qasımovanın talantına, dözümünə, səbrinə valeh olub və hələ o zamandan gənc aktrisanı növbəti çəkəcəyi digər filmlərdə görməyə başlayıb.

Maraqlı məqamlardan biri də odur ki, “Nəsimi” filmində tərəfmüqabili qismində çıxış edən Rasim Balayevlə Xalidə Qasımova “Xoşbəxtlik qayğıları” filminin çəkilişlərinə dəvət olunacaqlarını və tərəfmüqabili kimi yenidən görüşəcəklərini xəyallarına belə gətirməyiblər.

 

QEYRİ-PEŞƏKARLARIN FİLMƏ DƏVƏT ALMASI NARAZILIQLA QARŞILANIB

 

Filmin sınaq çəkilişləri zamanı İbrahim roluna Firuz Babayevin təsdiq olunması, eləcə də maşın ustası rolunda çəkilən, filmdə daima bu ailəyə qarşı çıxaraq onların qızlarının cehizi olmaması ilə bağlı tənələr yağdıran aktyorun əsas rollara namizəd göstərməsi kinostudiyanın rəhbərliyinin, eyni zamanda Bədii Şuranın üzvlərinin xoşuna gəlməyib.

X.Qasımova bildirir ki, Həsən müəllim hər iki şəxsi təsadüfən küçədə görüb tanış olmuş və sonradan da filmdə uyğun olan rollara çəkmişdi və son məqamda da Bədii Şurada fəaliyyət göstərən şəxsləri inandırdı ki, hər iki qəhrəman öz işinin öhdəsindən gələcək: “Qaydaya əsasən hər film ilkin halda 300 metr olmaq şərtilə adı çəkilən qurumun baxışına verilirdi. Ancaq “Xoşbəxtlik qayğıları” filmində məsələ başqa cür idi. Bu filmdə yoxlanan materialda qeyri-reşəkarların rolun öhdəsindən necə gələ biləcəkləri əsas şərtlərdən biri idi. Əgər yoxlanan lentdə aktyor oyunu qənaətbəxş olmasaydı, o zaman sınaq çəkilişlərində iştirak edən digər aktyorlar həmin rollara çəkiləcəkdilər. Xoşbəxtlikdən kino üçün seçilən yeni simalar ifa tərzi baxımından rolların öhdəsindən gələ bildilər. Həticədə də hər iki şəxs uyğun rollara təsdiq olundu. Sonrakı proseslər zamanı isə hər iki rolların ifaçıları əsl kino aktyoru olaraq inkişaf etmişlər ki, bunda da Nəsən Seyidbəylinin böyük rolu olmuşdur”.

Filmdə diqqət mərkəzində dayanan rollardan biri də Şəfiqə Məmmədovanın yaratdığı ana obrazıdır. Digər rollarından tamamilə fərqlənən bu obrazda Şəfiqə xanım aktrisa kimi yeni bir ifa nümayiş etdirə bilib.

Xalidə xanım onu da xüsusilə qeyd edir ki, Həsən Seyidbəyli kimi bir rejissora qarşı çıxaraq onun dəvətini qəbul etməmək mümkün deyildi. O kimi hansı rola dəvət edirdisə, deməli həmin aktyoru uyğun olan obrazda görürdü: “Bu da o demək idi ki, Həsən Seyidbəyli hər bir aktyorda özünə qarşı böyük bir inam hissi yaratmağı bacarırdı. Həm də unutmayaq ki, Şəfiqə Məmmədova bu filmdən əvvəl çəkilən “Bizim Cəbiş müəllim”də yaratdığı qadın obrazı ilə bütün SSRİ məkanında məşhurlaşmışdı.

Filmin çəkilişləri Balaxanıda bir həyət evində aparılmışdır. Ancaq həyət evini tapmaq heç də asan başa gəlməyib. Kino qaydalarına əsasən ssenaridə göstərilən məkana uyğun yer tarılmasa, o zaman quraşdırma səhnələr yaratmaq olardı. Ancaq axtarış nəticəsində “Xoşbəxtlik qayğıları” filmində əsas obyekt kimi götürülən həyət evi tapılır. Həyətin yerləşdiyi ərazi çəkiliş üçün əlverişli olduğu üçün yaradıcı heyət az müddət ərzində öz işini sona çatdırır.

 

“CEHİZSİZ QIZ” ADI “XOŞBƏXTLİK QAYĞILARI” İLƏ ƏVƏZ EDİLDİ

 

Kino dünyasında istənilən film üçün uyğun ad əsas şərtlərdən biri hesab olunur. Məhz ona görə ki, ad, filmin bütün məğzini açıb göstərir. Bu səbəbdən də Həsən Seyidbəyli hələ ssenarinin yazılışı ərəfəsində ad üzərində çox düşünüb-daşındıqdan sonra belə qərara gəlir ki, “Cehizsiz qız” daha çox uyğun gəlir. “Ancaq Bədii Şura “Cehizsiz qız” adını qəbul etmədiyi üçün onu “Xoşbəxtlik qayğıları” ilə əvəz edib.

“Mənə elə gəlir ki, bu dəyişiklik yerinə düşdü. Belə götürəndə bədbəxtlik özü qayğıdır, ancaq “Xoşbəxtlik qayğıları” adı qəribə təsir bağışlamaqla yanaşı, eyni zamanda da marağa da səbəb olur. Reyissor film vasitəsilə tam şəkildə açıb göstərir ki, xoşbəxtliyin də öz qayğıları olur” deyir Xalidə Qasımova.

Bədii Şuranın filmin adına qarşı çıxaraq onu dəyişdirməsi, bir sözlə güman etdikləri, doğrudan da düz çıxır. Belə ki, film istehsalata buraxıldıqdan sonra adı ilə çox saylı tamaşaçıların marağına səbəb olur. Qeyd edək ki, filmin istehsalata buraxıldığı dövrdə “Azərbaycanfilm” kinostudiyasının direktoru Cəmil Əlibəyov olub, Bədii Şuranın tərkibində isə dövrün ən görkəmli şəxsləri-Bayram Bayramov, İsa Nüseynov, Əhmədağa Muğanlı, İntiqam Qasımov və digərləri fəaliyyət göstərib.

FILMIN YARADICI HEYƏTİ:

Ssenari müəllifi və rejissor Həsən Seyidbəyli, operator-Rasim İsmayılov, rəssam-Məmməd Hüseynov, Mayis Ağabəyov, bəstəkar-Tofiq Quliyev, quraşdırma çəkilişlərin operatoru-Həmzə Əhmədoğlu, quraşdırma çəkilişlərin rəssamı-Mirzə Rəfiyev, səs operatoru-Arif Nuriyev.

Rollarda çəkiliblər: Firuz Babayev(İbrahim), Şəfiqə Məmmədova(Rüxsarə), Nəsibə Zeynalova(Kişvər), Xalidə Qasımova(Xalidə), Şükufə Yusupova(Gülxar), Dilarə Hüseynova(Səkinə), Cəmilə Ağayeva(Zəhra), Rəna Cabbarova(Sevinc), Rasim Balayev(Sənan), Muxtar Maniyev(Şahlar), Tahir Yaxin(Mürsəl), Ələsgər Məmmədoğlu(Əlövsət), Mehdi Seyidbəyli(Mehdi), Zahirə İsmayılova(Zəkiyyə), Əli Zeynalov(Zəkiyyənin atası), Ənvər Nəsənov(Huru), Məmməd Əlili(çayçı).

Tofiq İLK