“YARAT” Müasir İncəsənət Mərkəzində Iran Kinosu

Fəaliyyətə başladığı gündən keçirilən tədbirləri- film nümayişləri, rəsm sərgiləri və s. diqqəti çəkməyi bacaran “YARAT” Müasir İncəsənət Mərkəzi silsilə layihələrini davam etdirir. Növbəti təqdimat mərkəzdə keçiriləcək İran İslam Respublıikasının kinematoqrafiyasına həsr olunub.

Qeyd edək ki, İran filmləri son illərdə dünya kinemotoqrafiyasının inkişafında xüsusi yeri olan bir sənaye birliyinə çevrilməkdədir. Dünyanın ən məşhur festivallarında nümayiş olunan İran filmləri tamaşaçı və tənqidçilərin diqqətini cəlb edib.

HAŞİYƏ: 1950-1960-cı illərdə İran İslam Respublikasında çəkilən filmlər əsasən ticarət  məqsədilə lentə alınırdı. İllər sonra, bəlkə də islam inqilabının təsiri nəticəsində kinoya olan baxış dəyişdi, yeni nəslin dünya görüşündə yeni düşüncə, yeni yanaşma forması meydana gəlməyə başladı. Məhz bunun nəticəsidir ki,  mövcud dövrün problemlərini ekrana gətirən, tamaşaçıları aktual məsələlər ətrafında düşünməyə vadar edən, yeni düşüncə tərzinə malik olan rejissorların filmləri dünya kinosunda iştirak etməyi, onlar arasında yer tutmağı bacardı. Artıq dünya tamaşaçısı İran istehsalı olan filmlərdəın bəhs edir. Qardaş ölkənin kinosunun inkişafına biganə qalmayan Azərbaycan tərəf də İran kinematoqrafçıları ilə müştərək filmlər çəkməklə yanaşı, mütəmadi olaraq onların filmləri üçün nümayiş günləri ayırır. Bu baxımdan “Yarat” Müasir İncəsənət Mərkəzində fevral ayının ilk həftəsi İran filmlərinə həsr ediləcək.

Film həftəsində tamaşaçılar Abbas Kiarustami, Mitra Fərahani və digər rejissorların filmlərini izləməklə yanaşı, müzakirələrdə də iştirak etmək imkanı qazanacaq.

4 fevral 19:00 – “Persepolis” (2007) Rejissor: Mərcan Satrapi
5 fevral 19:00 – “Təsdiqlənmiş surət” (2010) Rejissor: Abbas Kiarustami
11 fevral 19:00 – “İran” (1977), Rejissor: Klod Leluş
12 fevral 19:00 – “Bəhcad Sədr: Dayandırılmış Zaman” (2013) Rejissor: Mitra Fərahani .
Bundan başqa, “Zərif sərhədlər: İranın görünməyən sərhədlərinə baxış” sərgisi də keçiriləcək. İranlı rəssamların əsərlərinin təqdim olunduğu irimiqyaslı sərgidə əsərlərin müəllifləri arasında İranda yaşayanlarla yanaşı, digər ölkələrdə yaşayan müəlliflər də yer alır. 15 gənc müəllif sərgidə öz əsərlərini təqdim edir. Rəssamlar sərhədlər mövzusunu həm fiziki, həm də məcazi məhdudiyyətlər baxımından şərh edirlər. Sərgi fevralın 16-dək davam edəcək.

Azərbaycan Kinematoqrafçılar İttifaqı