Yarım əsrlik dramaturji fəaliyyət, ədəbi yaradıcılıq və ya həyat davam edir...

29 martda keçirilməsi nəzərdə tutulan Rusiya milli kino mükafatı olan “Nika”nın təqdimat mərasimi təxirə salınıb. Ancaq mərasimin baş tutmaması sadəcə koronavirus pandemiyası ilə bağlı deyil, eyni zamanda müxtəliv anlaşımazlıqlarla bağlı olub.

“Şərəf və ləyaqətə görə” “Nika” – 2020 sahibi  Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinodramaturq Rüstəm İbrahimbəyov Rusiyanın “Trud” qəzeti üçün, kino tənqqidçisi Leonid Pavlyuçiklə olan müsahibəsində Nikita Mixalkovla yollarının ayrılması səbəbindən onun təsisçisi olduğu “Qızıl Qartal” mükafatına namizəd ola bilməyəcəyinə görə təəssüf hissi keçirmədiyini və “Nika”nın istənilən halda daha nüfuzlu mükafat olduğunu bildirib. Bundan başqa, “Qızıl Qartal”ın təsis edilməsi Rusiya kino ictimaiyyətinin parçalanmasına gətirib-çıxarması faktını da şərh edib.
R.İbrahimbəyov Rusiya Kinematoqrafçılar İttifaqının sədri Nikita Mixalkovla münasibətlərinin normal olduğunu, lakin aralarındakı ideoloji müxaliflik getdikcə dərinləşdiyinə görə yaradıcı əməkdaşlıqlarının davamının mümkün olmadığını açıqlayıb.
Yaradıcı işbirliyi nəticəsində kino tarixinə “Urqa – məhəbbət ərazisi”, “Günəşdən usanmışlar”, “Sibir bərbəri” kimi kinoşedevrlər bəxş etmiş, bir neçə on ili əhatə edən dövrü məmnunluqla xatırladığını, dəyərləndirdiyini və bundan vaz keçmək fikrində olmadığını qeyd edən dramaturq, keçmiş sənət dostunun o vaxtlar çox istedadlı, məlahətli və əla yumor hissinə malik bir insan olduğunu, onu indi də o cür təsəvvür etməyə çalışdığını bildirib.

Müsahibədə yaradıcı proseslərdən danışan R.İbrahimbəyov qeyd edib ki, əvvəllər günün yarısını yazı-pozuyla məşğul olmasına baxmayaraq, son 10 ildə bu vərdiş bir qədər dəyişib. Belə ki, günün birinci hissəsini ləng rejimdə evdə keçirir, düşünür, seyr edir. Günün ikinci yarısını intensiv görüşlərə, müxtəlif işlərin yoluna qoyulmasına həsr edir. Ədəbi yaradıcılıqla məşğul olmaq üçün isə təkbaşına qalması tələb olunur. Və bir ədib olaraq istedad və bacarığının daha çox dramaturji tərzə, qəhrəmanlarının psixoloji durumlarının müəllif təsviri və təhlili ilə təqdim etməyə deyil, onların xarakterlərini davranışları və qərarları vasitəsilə açmağa üstünlük verir.

Yarım əsrdir ki, fasiləsiz yaradıcılıqla məşğul olan AKİ sədri Rusiyanı özünün ikinci vətəni, bir yazıçı kimi isə özünü hər iki dildə yazan Azərbaycan ədibi hesab etdiyini və 6 illik fasilədən sonra fəaliyyətini bərpa edən Azərbaycan Kinematoqrafaçılar İttifaqının bu günündən, gördüyü işlərdən danışıb: “Azərbaycan Kinematoqrafçılar İttifaqının fəaliyyəti tam olaraq bərpa olunub. Kino Evi və Kino Məktəbi fəaliyyətə başlayıb, mütəmadi olaraq yığışırıq, filmlərə baxırıq və müzakirələr edirik, təqaüdçülərə vəsait ödəyirik. Planlarımızda Bakının tarixinə həsr olunmuş nadir kinomuzeyin yaradılması da nəzərdə tutulub. Bir sözlə, bütün yaşam prinsiplərimlərimizlə, həyat tərzimizlə, vərdişlərimizlə, əlbəttə ki,  böyük məmnuniyyət hissilə yaşamağa davam edirik”…

Müsahibənin tam versiyası bu linkdə: http://www.trud.ru/article/27-03-2020/1387910_prodolzhaju_zhit_kak_vsegda–s_udovolstviem

Azərbaycan Kinematoqrafçılar İttifaqı