“Yaşamaq haqqı”nın dərsliklər siyahısına salınması təklif olunub

Yazıçılar Birliyinin sədri, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, yazıçı Anarın “Yaşamaq haqqı” tarixi-kulturoloji traktatının ölkənin ali məktəblərində tədris olunması və dərsliklər siyahısına salınması təklifi ilə təhsil naziri Emin Əmrullayevə müraciət edilib. Lent.az-ın məlumatına görə, təklif Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid tərəfindən verilib.

R.Məcid müraciətində, “Yaşamaq haqqı” traktatının çoxəsrlik tariximizə fundamental, obyektiv, doğru bir yanaşma olması baxımından böyük əhəmiyyət daşıdığını bildirib və onu da qeyd edib ki, ölkəmiz üçün ziddiyyətli, qanlı-qadalı dövrlərə şahidlik etmiş yazıçının zəngin həyat təcrübəsi, nəsildən, gendən gələn xarakterik xüsusiyyətləri, möhkəm yaddaşı, tariximizə, mədəniyyətimizə, incəsənətimizə, ədəbiyyatımıza dair dərin, hərtərəfli bilgisi, uzun illər ərzində Azərbaycanda baş vermiş ictimai-siyasi proseslərlə bağlı tanıdığı şəxsiyyətlərin xatirələri və özünün müşahidələri sayəsində ərsəyə gəlmiş bu traktat olduqca qiymətli bir əsərdir.

Müraciətdə o da qeyd olunur ki, Orxon-Yenisey abidələrindən üzü bəri xalqımızın tarixi, millətin və dövlətin formalaşma mərhələləri, bütün bu dolanbaclarda baş verənlər, bugünkü müstəqil Azərbaycanın keçdiyi keşməkeşli yol “Yaşamaq haqqı”nda sadə və aydın şəkildə qələmə alınıb. Azərbaycanın tarixinə, mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına aid heç bir xüsusi hadisə, dəyər bu əsərdən kənarda qalmayıb.

“Yaşamaq haqqı”nı hər bir Azərbaycan gəncinin, o cümlədən, seçdiyi ixtisasdan asılı olmayaraq bütün tələbələrin oxuması və öyrənməsi vacib olduğunu vurğulayan R.Məcid, “Təkcə bu kitaba bələd olmaqla Azərbaycanın çoxəsrlik keçmişi haqda, xalq, millət kimi haradan gəlib haraya getdiyimiz barədə zəngin bilgi əldə etmək, baş verən hadisələrə açıq, aydın gözlə baxa bilmək mümkündür. Gənc nəslin milli kökümüzə daha dərindən bağlanması və qloballaşan dünyada onların öz milli tarixini, mədəniyyətini qoruyub təbliğ etməsində bu əsər əsl təməl mənbə ola bilər” deyir.

Xatırladaq ki, “Qanun” Nəşrlər evində kitab halında işıq üzü görən “Yaşamaq haqqı rus dilinə və Türkiyə türkçəsində də nəşr olunub.

aki.az