“Yay məktəbi”nin müsahibə mərhələsi başa çatıb

Xəbər verdiyimiz kimi, Azərbaycan Kinematoqrafçılar İttifaqı “Qəlbdən qələmə” ssenarinin inkişafı üzrə “Yay Məktəbi”nə qəbul elan edib.

23-30 avqust 2021-ci il tarixində Şəki şəhərində keçiriləcək “Yay məktəbi”ndə iştirakçılar ssenari nədir, ssenari yazılışının ana təməl qaydaları, ideyanı yazılı ssenariyə necə çevirməli kimi sualları əhatə edəcək intensiv təlim proqramı ilə tanış olacaqlar.

Qeyd edək ki, artıq layihəyə 73 nəfər ərizə verib. Seçim komissiyası tərəfindən 15 nəfər ikinci mərhələyə buraxılıb.

16 avqustda Azərbaycan Kinematoqrafçılar İttifaqının ofisində ikinci mərhələyə buraxılan namizədlərlə müsahibə keçirilib. Təşkilatçılar bildiriblər ki, verilmiş ərizələr arasında hazırlıqlı və peşəkar yanaşmalar çox olduğu səbəbindən güclü rəqabət var idi.

Azərbaycan Kinematoqrafçılar İttifaqı treninqdə inkişaf etdiriləcək ssenarilərin realizasiyasında maraqlı olduğunu bildirir və seçimdə bu prinsipin də nəzərə alınacağını qeyd edir.

“Yay Məktəbi”nə seçilmiş iddiaçıların adları 20 avqust 2021-ci il tarixində açıqlanacaq.

aki.az