``Yeddi oğul istərəm`` filmi nümayiş olundu

Dekabrın 5-də “Azərbaycan” CinemaPlus-da Azərbaycan kinosunun 125, “Azərbaycanfilm”in 100, Azərbaycan Kinematoqrafçılar İttifaqıının 60 illik yubileyi münasibətilə milli kinomuzun incilərindən sayılan, rejissor Tofiq Tağızadənin “Yeddi oğul istərəm” bədii filmi nümayiş olundu. Tədbiri giriş sözü ilə açan moderator Sevda Sultanova, Tofiq Tağızadənin yaradıcılığından söz açaraq bildirdi ki, rejissor bütün janrlarda uğurlu filmlər çəkib: “Ümumiyyətlə, T.Tağızadə bəxti gətirmiş müəllifdir. Onun filmoqrafiyası zəngindir; həm müharibə, həm bioqrafik, həm ailə dramı, həm komediya, həm pritça janrlarında işləyib və kino tariximizin əsasını təşkil edən klassik filmlər çəkib. Tofiq Tağızadə musiqi ilə də yaxşı işləyib, həmçinin, “Yeddi oğul istərəm” filmində. Bu filmdə musiqi, təsviri korlamır, əksinə, kadrlarla dil tapır. Ümumlikdə isə filmdə çox orqanik komanda işi var”.

Daha sonra moderator, sözü “Yeddi oğul istərəm” filmində Şahsuvar rolunun ifaçısı, Xalq artisi Rafiq Əzimova verdi. Filmin çəkiliş prosesindən danışan, xatirələrini bölüşən Rafiq Əzimov bildirdi ki, əslində filmi Kamil Rüstəmbəyov çəkməliydi: “Hətta yeddi oğuldan altısını artıq seçmişdi. Sonra, film Tofiq Tağızadəyə verildi. O, gələndən sonra Ənvər Həsənov yeddinci oğul seçildi. Mirpaşa obrazını isə Eldəniz Zeynalov oynamalıydı. Eldəniz at çapmaqdan qorxduğu üçün rolu Elçin Məmmədova verirlər. Gəray bəy obrazına isə Tağızadə aktyor tapa bilmirdi. Adil İsgəndərov təklif elədi ki, Həsənağa Turabovu çəksin. Turabov bu rol üçün cavan olduğundan Tağızadə tərəddüd edirdi. Adil İsgəndərov dedi ki, başını keçəl eləsin, milli geyim geysin. Uyğun gəlməsə çəkmə”.

T.Tağızadənin aktyorlarla iş prosesindən danışan Xalq artisti vurğuladı ki, o, aktyorların fikirlərini  nəzərə alırdı:”Səhnələri işləyəndə bizdən vəziyyəti necə gördüyünü soruşurdu. Bizim də fikrimizi öyrənəndən sonra öz fikirləri ilə birləşdirib, lazım olanları götürüb planları qururdu”.

Filmin nümayişindən sonra moderator səhnəyə sənətşünas, Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Nadir Bədəlovu dəvət etdi. Moderatorun “Film Sovet ideologiyasının təbliği məqsədilə çəkilsə də, müasir dövrümüzdə yeni oxunuşlara yol açır. Hətta o zaman Adil İsgəndərov və Tofiq Tağızadənin sayəsində Moskvada məmurların senzurasından qorunub. Onların əsas etirazı “Komsomolun canı it canıymış” cümləsinə, Gəray bəyin Bəxtiyarı öldürməməsinə olub. Sizcə, bu gün baxanda filmi necə qəbul etməliyik: ideoloji yoxsa milli identifikasiya məsələlərinin əks olunduğu film kimi?” sualına cavabında Nadir Bədəlov bildirdi ki,  bu, milli filmdir: “Burada ideoloji nəsə yoxdur. Səməd Vurğunun da poemasında milli kodlar, milli özünüdərk məsələsi güclüdür. Ümumiyyətlə, “Komsomol” poeması kinematoqrafiya üçün əla materialdır, rejissorlar bu əsərə yenidən müraciət etməlidir. Təbii ki, filmin alınmasında ssenarist Yusif Səmədoğlu faktoru da böyük rol oynadı, onun ssenari təcrübəsi vardı, kinoya yad adam deyildi, “Azərbaycanfilm”də işləyirdi. Poemada mərkəzi xətt Cəlal-Humaydır, Bəxtiyarla Gəray obrazı qabardılır, amma filmdə digər obrazlara da xüsusi yer verilib və hər bir obrazın psixoloji xarakteristikası yaradılıb”.

“Yeddi oğul istərəm”i rejissor A.Kurosavanın “Yeddi samuray”, Con Störcesin  “Möhtəşəm yeddilik” filmlərinin remeyki kimi qəbul etmək olar?” sualına cavabında Nadir Bədəlov vurğuladı ki, “Möhtəşəm yeddilik” özü “Yeddi samuray”ın remeykidir. Remeyk bir filmin süjeti əsasında digər filmin çəkilməsidir. Bu filmin “Möhtəşəm yeddillik” filminə oxşarlığını, remeyk ünsürlərinin mövcudluğunu tamamilə inkar etmək haqsızlıq olar. Rejissor Amerika filminə dəfələrlə baxıb, hətta bəzi keçidlərdə, musiqili aksentlərdə təsiri aydın görə bilərik. Bizim filmdə kəndlilər və quldurlar mövzusu və ac-yalavac gəzən keçmis döyüşçulərin yeni qəhrəmanlığı motivi o qədər də istismar olunmur. Yapon və Amerika filmlərinin əsasını bu dediklərim təşkil edir. Bizim filmin fabulası (Gəray bəy – Humay – Cəlal və bu üçlüyə əlavə kimi mərkəzi qəhrəman -Bəxtiyar əhvalatı), dramaturgiyası, ümumiyyətlə filmin ədəbi əsası tamam fərqlidir. Unutmayaq ki, Səməd Vurğunun poeması Yeddi samuray və Möhtəşəm yeddilikdən neçə onillik əvvəl yazılıb. Kinematoqrafik konsepsiya ilə dramaturji zəmin heç də həmahəng deyil. Səməd Vurğunun 1931-ci ildə yazılmış poeması “Ayazlı, şaxtalı bir qış axşamı, yeddi yoldaş olub yola düzəldik” misraları ilə başlayır. Yusif Səmədoğlu ssenarini yazanda, filmdən müəyyən təsirlənmələri olub. Amma  ümumilikdə film komsomol poemasına əsaslanır və onu remeyk adlandırmaq çətindir”.

Moderator sonra qeyd etdi ki, yəqin, Mirpaşa obrazını da  1937-ci ilin simvolu kimi qəbul edə bilərik. Çünki ən aqressiv obrazdır, silahın diliyə danışır, onun kimi düşünmək istəməyənləri güllələmək istəyir. Həm də Tofiq Tağızadə repressiyanı görmüşdü.

Qeyd edək ki, 1970-ci ildə çəkilən filmin operatoru Rasim İsmayılov, baş rəssamı Nadir Zeynalov, bəstəkarı Xəyyam Mirzəzadədir. Filmdə əsas rolları Həsən Məmmədov, Həsənağa Turabov, Şahmar Ələkbərov, Rafiq Əzimov, Elçin Məmmədov, Ələsgər İbrahimov, Ənvər Həsənov, Əbdül Mahmudov, Zemfira İsmayılova, İsmayıl Osmanlı ifa ediblər.

aki.az