Yeni iliniz mübarək!

2022-ci ili qarşılamağımıza az qaldı…

Yola salmağa hazırlaşdığımız 2021-ci ildə nələr oldu, nələrlə yadda qaldı, ona xalq olaraq hamımız şahid olduq. Bütün dünyada pandemiya yenə də davam edir, öz fəsadlarını törədir.

Azərbaycan Ordusunun gücüylə işğaldan azad olunan Qarabağ torpaqları uğrunda mübarizə hələ də davam edir…

…Əlbəttə ki, bütün bunlar müvəqqətidir, “yaman günün ömrü az olar” deyilib və bir gün bütün ağrı-acılarımızı unudacağımıza inanırıq.

Azərbaycanımızın dünya ölkələrində olan təbliğatı davam edir, haqq işi uğrunda qalib olaraq xilas edilən torpaqlarımızın bu illər ərzində dağıdılaraq xarabalıqlara çevrilməsi bütün dünyanın diqqətinə çatdırılır. Həyat davam edir, dağıdılan torpaqlarımızda abadlaşma işləri yüksək səviyyədə həyata keçirilir.

Hazırda ölkəmizdə hər sahədə bir canlanma müşahidə olunur. Xüsusilə incəsənət dünyasında-teatrların fəaliyyətinə start verildi, el şənliklərinin keçirilməsinə icazə verildi, kinoteatrlar öz fəaliyyətinə başladı.

Abadlaşmaqda olan Qarabağda musiqi günləri, poeziya günləri keçirilməyə başladı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında Sərəncam imzalaması nəticəsində il ərzində silsilə tədbirlər həyata keçirildi.

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Xarı bülbül” musiqi festivalının açılışı oldu. Şuşa şəhəri Ermənistanın işğalından azad olunandan sonra ilk dəfə təşkil olunan festival Azərbaycan milli musiqisinin məşhur ustalarının çıxışları ilə yadda qaldı.Bu il Azərbaycan kinosunda olan canlanma beynəlxalq səviyyəli festivallara qədər yüksəldi.

Azərbaycan Kinematoqrafçılar İttifaqı da ölkədə baş verən bütün bu proseslərdən geri qalmadı. İl ərzində öz üzərinə düşən vəzifəni layiqli şəkildə həyata keçirdi, 2021-ci ilin hesabatında bu barədə geniş məlumat vermişik.

Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin adından xalqımızı
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə
səmimi qəlbdən təbrik edir, xeyirli-bərəkətli bir il keçirməyi, şans, uğur qapılarının daima açıq olmasını arzulayırıq!

Aki.az