“Zaman adlı qatarın” növbəti dayanacağı

İyunun 28-də Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə Kənan Musayevin “Zaman adlı qatar” filminin nümayişi keçirilib. “Azərbaycan Cinema” kinoteatrında göstərilən film 2016-cı ildə çəkilib.

Rejissor filmin istehsal dövründə Azərbaycanda olan kino mühitini xatırlayıb: “O zaman Azərbaycanda çoxlu komediya filmləri ortaya çıxırdı. Biz də bu buzu sındırmaq, ciddi bir film çəkmək istədik. Lakin ideyamız sırf o deyildi ki, biz kiməsə göstərək ki, ciddi film çəkirik. Sadəcə olaraq, bir fikir, ideya var idi. Mən belə bir hadisə ilə rastlaşmışdım”.

Mərdəkanda baş vermiş real hadisələr əsasında çəkilən filmin əsas ideyası məhəbbət, uşağa qayğı, analar, onların etdiyi fədakarlıqlardır. Ekran əsərində Xalq artistləri Həmidə Ömərova, İlham Əsgərov, Əməkdar artist Suğra Bağırzadə, Oksana Rəsulova kimi simalar var.

Nümayişdə iştirak edən Azərbaycan Kinematoqrafçılar İttfaqının katibi, Xalq artisti Həmidə Ömərova da filmlə bağlı fikirlərini bölüşüb: “Bu film zamanında çıxmadı və ekranlara çıxanda dram janrı, məişət mövzusunda filmlər dəbdə deyildi. “Xoxan” kimi filmlər dəbdə idi. Boş-boş komediyalar dəbdə idi. Bax, burada sıravi tamaşaçı bu filmi bəyəndi”.

Qeyd edək ki, filmin kinoteatr ömrü qısa çəkib. Həmin dövrdə baş verən aprel döyüşləri fonunda film nümayişdən qaldırılıb.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarov filmin kinoteatral yayımının qısa ömrü olmasına baxmayaraq tele-nümayiş ömrünün uzun ola biləcəyini, tamaşaçı reytinqi gətirə biləcək bir film olduğunu qeyd edib və onu da əlavə edib ki, komediyalardan melodramlara keçid kinomuzun qarşısında duran əsas məsələlərdəndir.

Nümayişdən sonra rejissor Kənan Musayev tamaşaçıların filmlə bağlı rəylərini dinləyib, suallarını cavablandırıb.

Kinoşünas Aygün Aslanlı “Zaman adlı qatar”ı Yeşilçam filmlərinə bənzədib: “Film Türkiyənin Yeşilçam filmləri dadında təsir elədi. Dediniz ki,  bu film prokatda uğur gətirməyib. Məncə, uğur gətirməməyinin səbəbi də odur ki, siz çox ciddi olmağa çalışmısınız. Bu filmdə musiqilər bol olmalıydı, amma cəmi axırda 2 musiqi var. Filmi dramatik psixolagizmlərlə yükləmisiniz. Yəni,  bu qədər ciddi olmasaydınız, doğrudan da melodram alınardı”.

Rejissor Kənan Musayev isə deyib ki, filmi hər hansı janrda, o cümlədən melodram janrında çəkməyi planlamayıb. Kino janrlarının müəllifi məhdudlaşdırdığını, çərçivəyə saldığını əlavə edib. Tamaşaçılar filmdə rejissor və operatorun birgə uğurlu əməkdaşlığını, filmin bəstəkarı İnarə Rəsulun original həllər tapdığını qeyd etdilər.

Son olaraq qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının müəllif kinosunun parlaq nümayişi ilə yanaşı, eyni zamanda tamaşaçı uğuruna ünvanlanmış filmlərin nümayişini həyata keçirməkdə məqsədi tamaşaçı kütləsinin həm say etibarı ilə, həm də zövq cəhətdən artmasıdır.

aki.az