Ziya Şıxlinski: “Azərbaycan vətəndaşı müəyyən edilmiş normaları yerinə yetirməlidir”

Ziyalılarımız, xüsusilə yaşlı nəslin nümayəndələri olan yaradıcı insanlarımızın bu çətin günlərdə həmrəy olaraq əhalini maarrifləndirməsi prosesi  davam edir. Çoxları bunun bir işə yaramayacağını düşünsə də, əsas olan odur ki, sağlamlıq önəmlidir və hamı bir nəfər kimi özünü qorumalı və özünüqorumaqla yanaşı, ətrafını qorumaq kimi bir məsuliyyəti olduğunu bilməlidir

Tanınmış kinorejissor, əməkdar incəsənət xadimi Ziya Şıxlinski Trend-ə bu barədə danışıb, hətta bir qədər sərt danışıb.

Rejissor qeyd edir ki, yaşından asılı olmayaraq hər kəs koronavirus infeksiyasına (COVİD-19) yoluxa bilər: “Bəzi insanlarımız məsuliyyətsizlik edirlər, karantin rejimi gəzintiyə çıxmaq, dostlarla görüşmək üçün bir fürsət hesab edirlər. Bu tamamilə səhv bir fikirdir. Əvvəla koronavirus sadəcə olaraq yaşlı insanlara təsir edə bilməz. Bu bəla hər yaş kateqoriyasında olanlarlar üçün təhlükə ola bilər. Bunun üçün dünya ölkələrinin bir çoxundan misallar da çəkmək olar”.

Hər bir Azərbaycan vətəndaşı müəyyən edilmiş normaları yerinə yetirməlidir, özünütəcrid rejimini pozmamalıdır deyən rejissor, onu da bildirir ki, əllərin gigiyenası və tənəffüs gigiyenası qaydalarına mütləq riayət etmək lazımdır: “Ən vacibi vətəndaş şüurluğunu göstərməkdir. Əgər heç bir xüsusi səbəb yoxdursa, o zaman evi tərk etmək lazım deyil. Ehtiyac olduğu zaman evdən çıxırsınızsa, onda da bu vaxtdan sui-istifadə etməyin-Sağlamlığınız üçün Evdə Qalın”.

Azərbaycan Kinematoqrafçılar İttifaqı