Ziya Şıxlinski ``Qazax xalçaları`` adlı sənədli film üzərində işləyir

Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin üzvü, kinorejissor Ziya Şıxlinski “Qazax xalçaları” adlı sənədli film üzərində işləyir.

Film adından da göründüyü kimi Azərbaycan xalçaçılıq sənətinin fonunda Qazax  xalçalarından bəhs edir.

Ziya Şıxlinski trend.az saytına bildirib ki, Azərbaycan xalçaçılıq sənəti dünyada tanınır və qiymətləndirilir: ”Gözəl Azərbaycan xalçaları dünyanın ən böyük muzeylərini bəzəyir. Filmin çəkilməsi ideyası mərhum sənətşünas alim Rasim Əfəndiyevin 1971-ci ildə ABŞ-da çap olunmuş “Qazax xalçaları” kitabını mənə göstərməsindən sonra yarandı. Onun müəllifi xalçaçı Raul Şəbuldur. Nəşrdə xaricdə Azərbaycan xalçalarına olan maraqdan bəhs olunur”.

Rejissor həmçinin vurğulayıb ki, tanınmış amerikalı yazıçı, detektiv romanların müəllifi Reks Stout “Yekun qərar” əsərində Qazax xalçalarının adı çəkilir. Bu da o deməkdir ki. Azərbaycan xalçaları artıq dünya ölkələrinin diqqətində dayanır.

Xatırladaq ki, Bakıda lentə alınan filmin çəkilişi artıq başa çatıb.Rejissor onu da qeyd edir ki, Qazaxda lokal çəkilişlər gözlənilir.

Filmdə Azərbaycan və Avropa klassiklərinin musiqi sədaları altında muzeylərdən, şəxsi kolleksiyalardan Qazax xalçaları nümayiş olunacaq.

Azərbaycan Kinematoqrafçılar İttifaqı