Əcnəbi serialların yayımı bərpa olunub

Apa-nın məlumatına görə, Azərbaycan telekanallarında əcnəbi serialların yayımı bərpa olunub. Bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclasında, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün yerüstü yayımçıların televiziya proqramlarında əcnəbi teleserialların yayımının bərpa olunması məsələsinin müzakirəsində bildirilib.

Daha keyfiyyətli milli telefilmlərin və serialların istehsalının stimullaşdırılması məqsədilə 01 sentyabr 2020-ci il tarixdən etibarən təşkilati-hüquqi formasından asılı olmayaraq ölkə ərazisində yerüstü yayımla yayımlanan bütün televiziya proqramlarında əcnəbi teleserialların yayımının bəzi şərtlərlə bərpa olunması haqqında qərar qəbul olunub.

Apa-nin xəbərində, əcnəbi serialların yalnız 23.00–07.00 vaxt aralığında tam dublyaj olunmuş formada nümayiş olunması da qeyd olunub. Bundan başqa, həftə ərzində hər bir yayımçı 07.00–22.00 arası vaxt aralığında 2 (iki) saat əcnəbi serial yayımlaya biləcək. Yayımçıları yerli serial istehsalına təşviq etmək məqsədilə həftə ərzində həmin vaxt aralığında (07.00-22.00) yayımlanan hər 5 (beş) saat yerli serialdan əlavə 1 (bir) saat əcnəbi serial yayımlanması mümkün olacaq.

aki.az