Əli İsa Cabbarov: ARKA brendləşməli

Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimovun kino ictimaiyyəti ilə görüşməsi, iştirakçıların təkliflərini dinləməsi və ən önəmlisi kinonun inkişafı ilə bağlı gələcək planlardan danışması kinematoqrafçılar arasında yeni bir ümid işığı yandırdı.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyindən bildirilib ki, Mədəniyyət naziri Anar Kərimovla kino ictimaiyyətinin görüşü bir ənənənin başlanğıcı olmalıdır. Bu tipli görüşlər, Kino Agentliyi yaranandan sonra da, Agentliyin məsul şəxsləri ilə peridoik aparılmalıdır.

O da qeyd olunub ki, 2022-ci ildə tammetrajlı film istehsalının dondurulması, festivalların maliyyəşməsi problemləri, bahalı layihələrə aludəçilik kimi mövzuların doğurduğu suallar cavabsız qalsa da , Agentlik formatında bu problemlərin operativ həll ediləcəyinə ümid hələ də var.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarov qeyd edib ki, Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) bir brendə çevrilməlidi: “Bu brend iş adamlarımız  və xarici investorlar üçün cəlbedici olmalıdı. Bu səbəbdən kinematoqrafçılar öz aralarında həmrəyliyi təmin edib, ARKA yaranandan 100 gün sonra onun işini analiz edib nəticələr çıxarmalıdır. Peşəkarlar arasında həmrəyliyin olması vacibdir və ilk olaraq həmrəy olub, ARKA ilə yumşaq güc pozisiyasından komunikasiyanı təmin edib, ümumi tərəqqiyə nail olmaq lazımdır”.

Ə.İ.Cabbarov bildirib ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı Agentlik və kinematoqrafçılar arasında daimi dialoqu təmin edən platforma olmaqda israrlıdır.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kino Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) qısa müddətdə nizamnaməsiylə, işçi qüvvəsi ilə öz fəaliyyətinə start verəcək.

aki.az