Azərbaycan Kinematoqrafçılar İttifaqının keçirdiyi “Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenarisi müsabiqəsinin məqsədi təkcə keyfiyyətli, maraqlı ssenarilərin üzə çıxarılması deyildi. Çünki müsabiqələr, araşdırma funksiyasını da yerinə yetirir. Yəni, müsabiqə İkinci Qarabağ müharibəsini ssenaristlər hansı baxış bucağından görürlər, yaradıcı axtarışları orijinaldırmı, cəmiyyəti yaxından tanıyırlarmı, reallığı bədii məkanda necə həll edirlər kimi suallara cavab tapmaq məqsədini də daşıyırdı.
Müsabiqəyə təqdim olunan 50-yə yaxın ssenaridən aldığım ilk informasiya bu oldu ki, müəlliflərin əksəriyyəti mövzunu, yazdıqları hekayələrin məğzini, qəhrəmanlarını, ən azı, emosional qatda hiss etməyiblər. Arxa cəbhəni bir material kimi araşdırmağa sanki əriniblər. Ssenarinin hazırlıq mərhələsində araşdırma aparmamaq, cəmiyyətin görünməyən tərəflərini tanımamaq, maraqlı, yeni obraz yarada bilməmək, kinomuzun əsas boşluqlarındandır. Təqdim edilən ssenarilərin çoxunun ümumi cəhəti süjetlərin, ovqat və mühitin eyniliyi, sxematiklik, konfliktsizilik, xarakterlərin dərindən işlənməməsi, gerçəkliyin bədii interpretasiyasını qura bilməmək və sairdir. Ssenariləri analiz edərkən, münsiflər heyətinin digər üzvləri Nadir Bədəlovun və Pərviz Məmmədovun da fikirlərindən istfadə etmişəm…
Ssenarilərdən birində, müharibə xəbərləri yaşlı kişinin orduya yazılaraq döyüşməyə təhrik edir. Hekayədə konflikt, dramatik mürəkkəbləşmə gözə dəymir; Süjet, atanın hərbi komissarlığa gedərək mübahisə etməsi, sonra nəticə əldə etməyib kor-peşman qayıtması kimi sadə xətt üzərində qurulub. Ata obrazı tam deyil, onun daxili dünyasına – ağrısının, düşüncəsinin vizual ifadəsinə yetərincə diqqət ayrılmayıb. Sonda atanın, 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş oğlunun qisasını almaq üçün vuruşmaq istədiyini öyrənirik. Bu isə emosional partlayış yaratmır, çünki finala kimi təsvir edilən hadisələrdə, dramaturji konstruksiya doğru qurulmayıb.
Başqa bir geniş yayılmış problem, yuxarıda dediyim kimi, individual cizgilərə malik qəhrəman qıtlığıdır. Xüsusilə, ata-ana, döyüşçü ərin həyat yoldaşı obrazlarının xarakterik cizgiləri, reaksiyaları oxşardır. Bir ssenaridə, oğlu müharibədə döyüşən ailənin evində qadınlar cəbhə üçün şirniyyat tədarükü görürlər. Buradakı qadın obrazlarını biri-birindən heç nə fərqləndirmir. Üstəlik, “süjetdə çətinləşmə, maneə yoxdur, bir sıra səhnələr emosional dəyişiklik yaratmır” (Pərviz Məmmədov).
Müsabiqəyə qatılmış daha bir ssenaridə predmetə – geyimə “rol verilməsi”, onun əsas “obraz” kimi seçilməsi yaxşı düşünülsə də, fokus, həmin geyimi toxuyan anadan və paltardan yayınır, ön plana ata çıxır. Nadir Bədəlovun sözüylə desək, “səhnələri çox zaman təsvirdə görmək olmur”. Oğullarını müharibəyə yola salmış nigaran ata və ana xarakterləri də özünəməxsusluğu ilə seçilmir.
İştirakçılardan birinin Folknerin hekayəsi əsasında yazdığı ssenarinin ideyası yaxşı olsa da, konfliktin zəifliyi səbəbindən hekayə süni və yarımçıqdır. “Hadisə, sadəcə Amerikadan Azərbaycana köçürülüb” (Nadir Bədəlov). Biletsatanın balaca uşağa, qanuna zidd olaraq kömək etməsi inandırcı deyil. Vəziyyət başqa bədii həll tələb edirdi. Dialoqlar isə sarsıtmır, inandırmır.
Digər iştrakçının, qazilərin əlil arabalarına göz dikən korrupsioner baş həkimə qarşı çıxan gənc həkimin hekayəsini danışan ssenarisində sosial reallığın təsvirinə daha çox publisistik tərz hakimdir. “Süjetin təməl elementləri, konflikti olsa da, yükü olmayan dialoq və hadisəni inkişaf etdirməyən səhnələr var” (Pərviz Məmmədov).
Həmçinin, finala keçməyən digər ssenarilər hadisəsizlikdən əziyyət çəkir, müharibədə vuruşan oğlunu gözləyən ata və ana obrazları son dərəcə ümumi cizgilərlə verillir. Bəzi ssenarilər isə tammetrajlı formata yaxın olduğundan şərtlərə cavab vermirdilər.
Bir ssenaridə süjet çoxşaxəlidir və hekayənin kimə aid olduğu anlaşılmır: qardaşından xəbər bilmək istəyən qadının yoxsa ona kömək edən rəfiqəsinin? Üstəlik, hadisənin inkişafı nəzərə çarpmır və final yarımçıq təsir bağışlayır.
Daha bir ssenari isə uzun olmaqla yanaşı, ssenari formatından kənardır. Anadangəlmə kəllədaxili beyin zədəsi olan dönər paylayan oğlan və onun cəbhəyə xəbərsiz yollanmış bacısından danışan materialda dialoqlarda didaktika tonu hakimdir, “emosional dəyişiklik azdır və təsvirlərin çoxu məlumat xarakterlidir” (Pərviz Məmmədov).
Ssenarilərdə diqqətimi xüsusi çəkən başqa bir məsələ, televizor detalının eyni məqsədlə və çox istifadəsidir; müharibənin başlanması və qələbəsi haqda xəbəri qəhrəmanlar televizor vasitəsilə alırlar, müharibə məlumatları, qəhrəmanları növbəti addıma təhrik edir və televizor müharibə ab-havasının yaradılmasına kömək edir. Əsas məsələ, televizorun hansı formada istifadəsi, dramaturji təyinatı, yükü, bədii obraz olaraq ssenaridə görünüb-görünəməməsidir. Pis odur ki, əksər ssenarilərdə televizor bədii obraz, ifadə vasitəsi ola bilmir və və təyinatı eynidir. Amma məsələn, Gülbəniz Əzimzadənin “Ötən ilin son gecəsi”, Yavər Rzayevin “Sarı gəlin” filmlərində televizorla bağlı maraqlı həllər var.
Müsabiqəyə qatılmış bəzi ssenarilərdə televizor, hadisələrdə rolu olmayan, sadəcə informasiya daşıyıcısıdır. Telexəbərlər kişilərin müharibəyə getmə səbəbi kimi çıxış edir. Halbuki, müəlliflər arxa cəbhədəki müharibə ovqatını vermək üçün orijinal, təsirli vəziyyətlər təklif etməliydi.
Finala vəsiqə qazanmış iki ssenaridə televizor detalına fərqli yanaşma düşünülüb. Oğlu cəbhədə döyüşən dərzi ata, televizordan qələbə xəbərlərini eşitdikcə xəritədə qeydlər edir. Baxmayaraq ki, ssenaridə vizual imkanlar çoxdur, amma telexəbərlərlə atanın fəaliyyəti arasında paralelliyi dramaturji cəhətdən gücləndirməyə ehtiyac var.
Digər bir ssenaridə isə televizor detalı, daha maraqlı həll edilmişdi, oğul, anası müharibə ilə bağlı xəbərləri televizordan eşidib, nigaran qalmasın deyə qonşu uşağa televizoru qəsdən xarab etməsini tapşırır. Burda televizor bədii-vizual obrazdır və dramaturgiyada əhəmiyyətli rola malikdir.
Müsabiqənin ideyasını özündə tamamən əks etdirməyən ssenarilər də vardı. Birinci Qarabağ müharibəsində, hamilə qadının yolda doğuş prosesi zamanı baş verən hadisələrdən bəhs edən ssenarinin fokusunda valideynlərdir. Halbuki ssenarinin adı uşaqlarla bağlıdır Konfliktin dərin işlənmədiyi bu mətndə mütləq şəkildə valideynlərini itirmiş uşaqlarla bağlı səhnələrə ehtiyac vardı.
Bəzi ssenarilər isə ümumiyyətlə, müsabiqənin ideyasını əhatə etmirdi. Məsələn, bir materialda məzmun, şəhid ailələrinə qarşı dələduzluq edənlərlə mübarizədən ibarət idi və detektiv xətt önə çəkilmişdi.
Bir xanım yazarın ssenarisində üç qız, anaları ölən qaranquş balalarını himayəyə götürsələr də, onlara əyləncə kimi baxırlar. Uşaqların simasında qəddarlığın göstərilməsi və valideynlərin təsiri nəticəsində münasibətlərinin dəyişməsi, yaxşı bir uşaq filminin mövzusu ola bilər.
Bəzi ssenarilər isə plakatçı tərzdə sosial çarx kimi işləndiyindən finala keçmədi.
Ötürdüyü ismarışı bəlli olmayan ssenarilər arasında iki ssenari tamamilə qaramatdır, ümid vəd etmir, katarsis yoxdur, konfliktsizlik də öz yerində. Məsələn, qələbədən sonra evə dönən üç müharibə iştirakçısının, sərxoş vəziyyətdə qəzaya uğrayaraq həlak olması ilə müəllifin hansı ismarışa niyyətli olması maraqlıdır.
Bir neçə ssenarini birləşdirən ümumi cəhət – müharibə əleyhinə çıxan və prosesdə dəyişən qəhrəmanların hekayəsidir. Həmin ssenarilərdə iki sevgilinin, qardaşın, dostun müharibə ilə bağlı bir-birindən fərqli mövqelərindən danışılır. Bəzi ssenarilərdə qəhrəmanların mövqeyinin dəyişilməsi əsaslandırılsa da, bəzisində müəllif, məqsədinə nail ola bilməyib. Reallığımızdan qaynaqlanan belə məzmunlu hekayələrin, bütün hallarda kinomuza gətirilməsi vacibdir.
Qeyd etdiyimiz kimi, nəticədə finala 13 ssenari keçdi. Münsiflər heyətinin ümumi qərarı ilə, birinci və ikinci yerlər üçün qaliblər müəyyən edilmədi, üçüncü yerə isə 4 qalib seçildi. Belə bir qərarın səbəbi, ssenaristlərdə məsuliyyət hissini gücləndirmək, mövzu, xarakterlərlə bağlı materialları dərindən arşadırmağa, uğurlu final tapmağa sövq etməkdir. Birinci və ikinci yerlərin təyin edilməməsinə baxmayaraq, mükafat fondu üçün nəzərdə tutlmuş məbləğ qaliblərə verilib.
Sevda Sultanova