Mayın 19-da Azərbaycan Kinematoqrafçılar İttifaqında 18 yaşlı Uğur Əkbərlinin “Şeytanla empatiya” qısametrajlı bədii və 16 yaşlı Məhəmməd Əliyevin “Nənəm” qısametrajlı sənədli filmləri nümayiş olundu.

Kinotənqidçi Sevda Sultanovanın moderatorluğu ilə baş tutan tədbirdə gənclər sualları cavablandırdılar və gələcəkdə rejissor kimi fəaliyyət göstərmək istədiklərini bildirdilər. Rejissorlar Amil Amal, Zaur Muxtarov, Mətləb Muxtarov, ssenarist Pərviz Məmmədov, kinotənqdiçi Aygün Aslanlı və digərləri, təqdim olunan filmlərdə müəyyən boşluqların nəzərə çarpdığını desələr də, onların rejissor potensialına, fərqli baxışa malik olduqlarını, yeni nəfəs duyduqlarını söylədilər və hər iki gəncin vizual axtarışlarını yüksək qiymətləndirdilər.

“Şeytanla empatiya” cəmiyyətin basqısı, ondan gözləntilərin böyük olması səbəbindən mənəvi boşluğa düşən gəncin kimlik axtarışından, təsadüfi bir tanışlığın zaman keçdikcə, fərdi əlaqədən çıxaraq, miflərlə reallıq, azadlıqla ənənələr arasında mürəkkəb mübarizəyə çevrilməsindən bəhs edir. “Nənəm” filmində isə rejissor, nənəsinin ölümündən sonra onunla bağlı xatirələri yada salır və vidalaşmağa çalışır. Hər iki film eksperimental üslubda və rejissorların öz büdcələri hesabına çəkilib.
aki.az

