DokuBaku Beynəlxalq Sənədli Film Festivalı, Gənc Film İstehsalçıları Assosiasiyası və Azərbaycan Kinematoqrafçılar İttifaqının birgə təşəbbüsü, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyilə həyata keçirilən “Sənədli kino — uşaq dünyası və ekoloji düşüncənin inkişafı naminə” layihəsi çərçivəsində təşkil olunan DokuToor 002-nin yekun film nümayişləri uğurla baş tutdu. Layihənin son mərhələsi Report İnformasiya Agentliyinin nəzdində fəaliyyət göstərən Report Media Məktəbində keçirildi.

Yekun nümayişlər çərçivəsində sənədli kinonun insan həyatının mənəvi qatlarına toxunmaq, sosial həqiqətləri görünən etmək və cəmiyyətə təsir göstərmək gücü xüsusi olaraq ön plana çıxarıldı. Tədbir yalnız film nümayişi ilə məhdudlaşmayaraq, tamaşaçılar, gənclər, media nümayəndələri və yaradıcı heyətlər arasında canlı dialoq və fikir mübadiləsi üçün açıq platformaya çevrildi.
Proqram çərçivəsində müxtəlif ölkələrdən seçilmiş filmlər nümayiş olundu. Yuyan Wangın “Yaşıl Boz Qara Qəhvəyi”, Mahmut Taşın “Ada” və Hüseynağa Aslanovun “Maestro: İldırımlı Yollarla” filmləri tamaşaçılara həm emosional, həm də düşündürücü kino təcrübəsi bəxş etdi. Filmlər insan, cəmiyyət və təbiət arasındakı münasibətlərə fərqli baxış bucaqları təqdim edərək sənədli kinonun birləşdirici və dəyişdirici gücünü bir daha nümayiş etdirdi.

“Maestro: İldırımlı Yollarla” filminin nümayişindən sonra Report Media Məktəbinin rəhbəri və təlimçisi İsmayıl Rafiqoğlu, DokuBaku BSFF-nin direktoru və rejissor İmam Həsənovun moderatorluğu ilə rejissor Hüseynağa Aslanov, bəstəkar Zərif Kərimova və Report Media Məktəbinin kollektivi arasında açıq müzakirə və sual-cavab sessiyası keçirildi. Görüş zamanı filmin yaradıcı prosesi, musiqi ilə sənədli kino arasındakı əlaqə, eləcə də insan ruhunun gücü, mənəvi dayanıqlılığı və aliliyi ətrafında fikir mübadiləsi aparıldı. Bununla yanaşı, dünyada dərinləşən ekoloji böhran, mənəvi aşınma və avtomatlaşan insanlığın yenidən oyanış ehtiyacının gec olmadan dərk edilməsinin vacibliyi xüsusi vurğulandı.




DokuToor 002 layihəsinin yekun nümayişləri formal olaraq layihənin son mərhələsini təşkil etsə də, tədbir çərçivəsində formalaşan yaradıcı əlaqələrin, fikir mübadiləsinin və əməkdaşlıq mühitinin gələcək təşəbbüslər üçün yeni imkanlar yaradacağı xüsusi olaraq qeyd olundu.
aki.az

