Aprelin 15-də Sumqayıt Gənclər Evində “Dokutoor 2” sənədli film nümayişləri layihəsi çərçivəsində ilk tədbir baş tutub.


“Sənədli kino — uşaq dünyası və ekoloji düşüncənin inkişafı naminə” başlığı altında keçirilən nümayişdə sumqayıtlı tamaşaçılar rejissorlar Mahmut Taşın “Ada” (Türkiyə) və Pərvanə Quliyevanın “Rəqs edən qız” (Azərbaycan) filmlərinə baxıblar. Nümayişdən sonrakı müzakirə zamanı tamaşaçılar həm filmlər, həm də hazırda bütün dünyada ciddi mənfi nəticələr göstərən iqlim dəyişikliyi, su qıtlığının yaranması kimi ekoloji problemlərlə bağlı fikirlərini bölüşüblər.
“DokuToor 2” sənədli film nümayişləri layihəsi DokuBaku Beynəlxalq Sənədli Film Festivalı, Gənc Film İstehsalçıları Assosiasiyası və Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşan “Sənədli kino — uşaq dünyası və ekoloji düşüncənin inkişafı naminə” layihəsi çərçivəsində həyata keçirilir.

Proqram sənədli kino vasitəsilə regionlarda və eləcə də Bakıda, (Nizami Kino Mərkəzi, Sumqayıt Gənclər Evi, Dünya Məktəbi, eləcə də Azərbaycan Kinematoqrafçılar İttifaqınn Kino Zalı və s yerlərdə keçirilməyi nəzərdə tutulub) mədəni dialoqu gücləndirməyi, gənclərin və geniş auditoriyanın dünyagörüşünü zənginləşdirməyi, eyni zamanda düşüncə sərhədlərini genişləndirməyi hədəfləyir.
aki.az

