Azərbaycan Kinematoqrafçılar İttifaqının, Fransanın Azərbaycandakı İnstitutunun və Fransanın Azərbaycandakı Səfirliyinin əməkdaşlığı çərçivəsində həyata keçirilən beynəlxalq “Şərq-Qərb Kino Lab” tammetrajlı bədii film layihələrinin inkişaf proqramı bir həftəlik intensiv təlim mərhələsini 14 aprel tarixində uğurla yekunlaşdırmışdır.
“Şərq-Qərb Kino Lab” layihəsində iştirak üçün 5 layihə seçilərək proqramda iştirak hüququ qazanmışdır: “Beşinci mərtəbədən şəhər mənzərəsi” (rej. Ələmdar Faiq prod. Nicat Dadaşov), “Dəniz səviyyəsindən 28 metr aşağıda” (rej. və prod. Mirbağır İsmayılov), “Kamança” (rej. Orxan Babayev prod. Ramail Həsənzadə), “Toy” (rej. Nurcahan Azayeva prod. Seyran Bədəlov), “Qonşu evin işıqları” (rej və prod. Səməd Ağayev).

Bir həftə davam edən intensiv təlim proqramı çərçivəsində iştirakçılara rejissor və ssenarist Orxan Ağazadə və prodüser Jül Qranje tərəfindən ustad dərsləri keçirilmişdir. Bundan əlavə, onlayn formatda Berlinale Talents, La Fabrique Cannes Film Festival, Three Continents Film Festival və digər nüfuzlu beynəlxalq platformaların nümayəndələri və prodüserləri tərəfindən təlimlər təşkil olunmuşdur.
Proqramın son günündə iştirakçılar öz layihələrini münsiflər heyəti – rejissor və ssenarist Kamran Qasımov, rejissor və operator Daniel Quliyev, prodüser və aktrisa Kəmalə İsrafilova, həmçinin mentorlar – rejissor və ssenarist Orxan Ağazadə və prodüser Jül Qranje və digər kinematoqrafçılar qarşısında təqdim etmiş və sualları cavablandırmışlar.

Təlim proqramı ərzində iştirakçılar layihələrin inkişafı, pitçinq qaydaları, büdcənin hazırlanması, loqlayn və sinopsis yazılışı, eləcə də beynəlxalq təlim və festivallara müraciət prosedurları barədə ətraflı biliklər əldə etmiş, eyni zamanda hər bir layihə fərdi şəkildə inkişaf etdirilmişdir.
14 aprel tarixində, saat 16:00-da iştirakçılar Fransanın Azərbaycandakı Səfirliyində qəbul edilmiş, səfirliyin və Fransız İnstitutunun səlahiyyətli nümayəndələri tərəfindən onlara iştirakçı sertifikatları təqdim olunmuşdur.

Daha sonra, Azərbaycan Kinematoqrafçılar İttifaqının kino zalında layihənin bağlanış mərasimi keçirilmişdir. Tədbiri giriş sözü ilə AKİ-nin icraçı katibi Əli İsa Cabbarov açaraq layihənin məqsədi və bu cür təşəbbüslərin gənc kinematoqrafçılar üçün əhəmiyyəti barədə fikirlərini bölüşmüşdür.

Azərbaycandakı Fransız İnstitutunun direktor müavini Jak Bunən çıxış edərək beynəlxalq əməkdaşlıqların əhəmiyyəti, Fransada film istehsalı prosesi, eləcə də AKİ ilə gələcək layihələr və film nümayişləri barədə məlumat vermişdir.

Təlimin mentorları Orxan Ağazadə və Jül Qranje proqramın gedişi, iştirakçıların inkişaf mərhələləri, eləcə də görüş keçirilən prodüserlər, satış agentləri və festival nümayəndələri ilə qurulan əlaqələrin əhəmiyyəti haqqında ətraflı məlumat vermişlər.
Tədbirdə Fransanın Azərbaycandakı Səfirliyinin mədəniyyət attaşesi Klemans de Lakur, AKİ katibi Oleq Səfərəliyev, AKİ-nin İdarə Heyətinin üzvləri Kamran Qasımov və Firəngiz Qurbanova, AKİ katibi Türkan Hüseyn və digər nümayəndələr, eləcə də kinematoqrafçılar iştirak etmişlər.
Proqramın yekununda “Toy” (rej. Nurcahan Azayeva prod. Seyran Bədəlov), “Beşinci mərtəbədən şəhər mənzərəsi” (rej. Ələmdar Faiq prod. Nicat Dadaşov), “Kamança” (rej. Orxan Babayev prod. Ramail Həsənzadə) layihələri qalib elan olunmuş və mükafatlandırılmışdır.
Tədbirin sonunda AKİ-nin film nümayişləri üzrə prodüseri və “Şərq-Qərb Kino Lab” layihəsinin rəhbəri Ülviyyə Əhmədova bu təlimin hər il keçiriləcəyini və gələcəkdə daha da inkişaf etdirilərək beynəlxalq səviyyəyə çatdırılmasının planlaşdırıldığını bildirdi.
Qeyd edək ki, təlimlər və pitçinq sessiyaları ingilis dilində aparılmışdır.
aki.az

