Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) 1 oktyabr 2025-ci il tarixində elan etdiyi “Sən, ey uşaqlıq” tammetrajlı bədii film ssenari müsabiqəsinin qalibləri müəyyənləşib.
AKİ ssenari müsabiqələrini ölkədə ssenari sənətinin inkişafına töhfə verən, müəlliflər arasında sağlam yaradıcılıq rəqabətini təşviq edən və ssenaristlərin fəaliyyətini stimullaşdıran ən mühüm mexanizmlərdən biri hesab edir. İttifaq hər il müəyyən mövzulara fokuslanmaqla həmin istiqamətlərdə yeni və keyfiyyətli kino əsərlərinin yaranmasına təkan verməyi qarşısına məqsəd qoyur.
Bu il müsabiqəyə təqdim olunan ssenarilər AKİ-nin münsiflər heyəti tərəfindən məzmun, dramaturji quruluş, bədii həll və mövzuya yanaşma baxımından ətraflı qiymətləndirilib. Uzun müzakirələrdən sonra münsiflər heyəti qalibliyə ən layiqli hesab olunan layihələri müəyyən edib.
Müsabiqənin nəticələrinə əsasən:
I yer: Azər Allahverdi “Ruzgar”
II yer: Nurlan Həsənli, Naiq Babayev “Anam xaric”
III yer: Şəbnəm Xeyrulla “Meşə növbətçisi”
Bununla yanaşı, məzmun və dramaturji baxımdan yüksək qiymətləndirilən daha üç ssenari diplomla təltif olunub:
Elvin Məcidli “Akvarium” ədəbi ssenarisində AİLƏ İÇİ MÜNASİBƏTLƏRİN UŞAQ BAXIŞINDAN HƏSSAS TƏSVİRİNƏ GÖRƏ
Rövşən Məmmədov “Qardaşım” ədəbi ssenarisində BÖYÜMƏK MÖVZUSUNU FƏLSƏFİ-SOSİAL MÜSTƏVİDƏ YÜKSƏK USTALIQLA İFADƏ ETDİYİNƏ GÖRƏ
Reyhan Yusifqızı “Qapı arxasında “O” ədəbi ssenarisində VİCDAN MÖVZUSUNUN ORİJİNAL BƏDİİ HƏLLİNƏ GÖRƏ diplomlarla təltif olunur.
Qaliblər (I, II, III yerlər, pul mükafatı 5000 AZN, 3500 AZN, 2500 AZN) diplom və pul mükafatı ilə təltif ediləcəklər.
Builki müsabiqənin münsiflər heyətinin tərkibinə kinotənqidçi Sevda Sultanova, sənətşünas Aliyə Dadaşova və ssenarist, prodüser, münsiflər heyətinin sədri Nicat Dadaşov daxil olub. Münsiflər heyətinin katibi Ülviyyə Əhmədovadır.
Azərbaycan Kinematoqrafçılar İttifaqı qalibləri və diplomla təltif olunan müəllifləri təbrik edir, onların gələcək yaradıcılıq fəaliyyətində yeni uğurlar arzulayır.

