“Xalq qəzeti”nin 1 avqust 2026-cı il tarixli buraxılışında dərc edilmiş, Azərbaycan kinosundan bəhs edən analitik məqaləni təqdim edirik.
Ümummilli lider Heydər Əliyevin 2000-ci ildə Milli Kino Gününün təsis edilməsi haqqında imzaladığı sərəncamdan sonra 2 avqust kino günü kimi ölkəmizdə rəsmi bayramlar təqviminə daxil edilib.
İlk dəfə 1898-ci ildə Bakıda Lümer qardaşlarının səyi sayəsində “Canlanmış fotoşəkillər”in nümayişi ilə kino sənətinin təməli qoyulub. Ardınca “Teatr-sirk”də fransız əsilli bakılı A.Mişonun çəkdiyi paytaxtımız haqqında bəzi sənədli kadrlar təqdim olunub. Avqustun 2-də isə “Bibiheybətdə neft fontanında yanğın”, “Zati-aliləri Buxara əmirinin “Böyük knyaz Aleksey” gəmisi ilə yola salınması mərasimi”, “Qafqaz rəqsi”, “Ələ keçdin” xronikal filmləri göstərilib. Bu lentlərin bəziləri Paris arxivindən Azərbaycana hədiyyə edilib və hazırda Azərbaycan Dövlət Film Fondunda saxlanılır.
Kinomuzun tərəqqi yolu 1923-cü ildə dövlət kinostudiyasının yaradılması və milli kadrların yetişməsi ilə başlanıb. Ötən onilliklər ərzində minlərlə sənədli, xronikal, bədii və publisistik film çəkilib. Sovet dövründə kino əsasən kommunist ideologiyasına xidmət etsə də, yaradıcı və texniki inkişaf danılmaz olub.
Əlbəttə, milli ruhlu rejissorlarımız bəzən sosializm realizmi tələblərini incəliklə pozaraq müəyyən səhnələrdə üstüörtülü də olsa, bəzi tarixi həqiqətləri seyrçilərə çatdırmaq istəyiblər. Məsələn, “Sehrli xalat” filmində sehirbaz İo-Kio Babanın “Ayravana, ayravana işvara” deməsindən sonra şahın guya ləhcə ilə “İrəvana gedirik?” sualını verməsi oyuncaq erməni dövlətinə paytaxt edilmiş İrəvanın qədim Azərbaycan şəhəri olmasına işarə idi.
Yaxud “İşarəni dənizdən gözlə” filmində epizodlardan birində Azərbaycan bayrağının dalğalanması ilə, ötəri də olsa, cümhuriyyətin rəmzi xatırladılır. “Qanlı zəmi” filmində isə Qaçaq Nəbi Güney Azərbaycanda şahənşahın fərmayişini icra edən yerli xana deyir: “Arazın o tayı da, bu tayı da mənim doğma el-obamdır. Elin də o başı-bu başı olmaz. Bunu sırğa elə, as qulağından”. Göründüyü kimi, milli kino sənətimiz həm estetik zövqün inkişafına, həm də məhdud imkanlar çərçivəsində milli yaddaşın qorunmasına xidmət edib.
Kinomuzun “qızıl dövrü” 1950–1980-ci illər sayılır. Ekranda insanların əməyi və həyatı öz əksini tapıb: “Qızmar günəş altında”, “Onun böyük ürəyi”, “Onu bağışlamaq olarmı?”, “Bizim küçə”, “Böyük dayaq”, “Telefonçu qız”, “Ögey ana”, “Uzaq sahillərdə”, “Koroğlu”, “Arşın mal alan”, “Əhməd haradadır?”, “Ulduz”, “Qayınana”, “Bizim Cəbiş müəllim”, “Bir cənub şəhərində”, “Səmt küləyi”, “Axırıncı aşırım”, “Qatır Məmməd”, “Nizami”, “Nəsimi” və s.
Müstəqillik illərində Azərbaycan kino sənəti böyük qayğı ilə əhatə olunub. Ulu öndərin 1998-ci il 19 avqust tarixli fərmanı ilə Azərbaycanda “Kinematoqrafiya haqqında” qanun qəbul edilib. Bir sıra filmimiz yüksək dövlət mükafatlarına layiq görülüb, aktyorlar, rejissorlar və ssenari müəllifləri beynəlxalq kino festivallarında və müsabiqələrdə mükafatlar alıblar.
Prezident İlham Əliyevin “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verib. Bir il sonra “Azərbaycan kinosunun 2008–2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə bir çox mühüm işlər görülüb. 2019-cu ildə Prezident “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” növbəti sərəncam imzalayıb.
Kinematoqrafiyada şəffaf idarəçilik mexanizmlərinin tətbiqi məqsədilə 4 il əvvəl Kino Agentliyinin (ARKA) yaradılması bu sahədə irəliləyişə böyük təkan olub. ARKA-nın vasitəsilə Azərbaycan kinosuna bir çox yeni beynəlxalq birgə layihələrdə iştirak etmək, “Evroimaj” kimi nüfuzlu beynəlxalq platformalara qoşularaq birgə kino istehsalında iştirak, Azərbaycan kinematoqrafiyasına yeni təcrübələr gətirmək, eləcə də audiovizual sahənin iqtisadi fəallığını artırmaq imkanı yaradılır.
Xatırlayırıq ki, 2023-cü ildə Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Kinosu – 125. Reallıq, çağırışlar və hədəflər” mövzusunda Kino Forumu keçirilib. Müzakirələrdə milli ideologiya, mədəniyyət sahələrində kinonun rolu, cəmiyyətin gözləntiləri, peşəkar kadr hazırlığı mexanizmləri, festival platformaları, maliyyələşmə mexanizmləri kimi mühüm məsələlər sərf-nəzər edilib və toplanan təkliflərin “Azərbaycan mədəniyyəti 2020–2040 dövlət strategiyası” üzrə tərtib edilən tədbirlər planında nəzərə alınacağı bildirilib.
Milli kinomuzun müraciət etdiyi əsas mövzulardan biri də Qarabağ münaqişəsidir. Azərbaycanlıların öz yurd-yuvalarından didərgin salınması, ermənilərin əzəli torpaqlarımızda törətdikləri vəhşiliklər filmlərin əsas süjet xəttini təşkil edir. Müstəqillik dövründə çəkilmiş “Fəryad”, “Ağ atlı oğlan”, “Ümid”, “Arxada qalmış gələcək”, “Biz qayıdacağıq”, “Xoca”, “Dolu” və s. filmlər bu qəbildəndir. Böyük Zəfərlə bağlı sənədli salnamə janrında “Biz”, “Görünməyən qəhrəmanlar”, “Qaratel”, “Namazov” və digər filmlər müxtəlif qoşun növlərimizin qəhrəman zabit və əsgər heyətinin 44 günlük Vətən müharibəsində keçdiyi şərəfli və müzəffər döyüş yolunu əks etdirir. Bu sıraya “13”, “Həyat, deyəsən gözəldir – Fəryad 2”, “Fulya”, “Müharibə uşaqları”, “Köşk”, “Ad günü şamları”, tamaşaçılarla görüşə hazırlanan “44” filmləri də aiddir.
MDB və Baltikyanı ölkələr Kinematoqrafçılar İttifaqı Konfederasiyasının üzvü olan Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) öz fəaliyyəti dövründə kino təhsilinin inkişafında, milli filmlərin təbliğatında böyük rol oynayır, festivalların keçirilməsinə maddi və mənəvi dəstək göstərir.
Təəssüf ki, bir neçə ay əvvəl AKİ-nin sədri, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, Dövlət mükafatı laureatı, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenli Rasim Balayev dünyasını dəyişdi. Onun vəfatı bütün həmkarlarını və milyonlarla kinosevəri kədərləndirdi. Unudulmaz sənətkar qəhrəmanlıq dolu tarixi keçmişimizin və eləcə də müasirlərimizin obrazlarına ekran həyatı verərək dövrün mənzərəsini yaratmağa nail olub. Sənətkarın ifasında əfsanəvi Babək və Nəsimi obrazları Azərbaycan kinematoqrafiyasının xüsusilə böyük uğurlarından hesab edilir. Xalqımızın milli-mənəvi sərvətlərinin təbliğində və yetişməkdə olan gənc nəslin Vətənə sədaqət ruhunda tərbiyə olunmasında Rasim Balayevin oynadığı bütün bu rollar mühüm əhəmiyyət kəsb edir.
Ötən il ittifaqın əsas fəaliyyət istiqamətləri əsasən kino təhsilinin dəstəklənməsi, milli filmlərin təbliği, ssenari müsabiqələrinin təşkili, kino nəşrlərinə, festival hərəkatına və kinematoqrafçılara sosial dəstək olub. “FilmEnglish – kinematoqrafçılar üçün ingilis dili kursu” layihəsi, “Fotokompozisiya” kitabının təkrar, “ABŞ kino tarixi” iki cildliyinin və “Alman kino tarixi” adlı kitabların ilk nəşri, kino tənqidçiləri və kinoşünasların görüşü, Rüstəm İbrahimbəyovun xatirəsinə həsr olunmuş məclis, 5 qısametrajlı bədii filmdən ibarət “Xəmsə” kinoproqramı, Beynəlxalq Sənədli Film Festivalı çərçivəsində keçirilən “DokuToor”, “Şərq-Qərb” beynəlxalq və ssenari təlimləri, bölgə tamaşaçılarının yeni Azərbaycan filmləri ilə tanışlığı, maddi-texniki bazaların yaxşılaşdırılması tədbirləri qeyd edilməlidir.
Onu da qeyd edək ki, dövlətimizin başçısı bu ilin fevral aqyında “Kinematoqrafiya haqqında” qanuna dəyişiklikləri imzalayaraq, xarici prodüserlərin Azərbaycanda film istehsalına cəlb edilməsini təsdiqləyib. Bu məqsədlə filmlərin istehsalı üçün çəkilmiş xərclər qismən geri ödəniləcək. Beynəlxalq və birgə istehsal layihələrinin sayı artacaq, ölkənin kino sənayesinə xarici maliyyə və texnologiya axını sürətlənəcək, Azərbaycanın mədəni və yaradıcı potensialının beynəlxalq səviyyədə tanıdılması güclənəcək, eləcə də dövlət və özəl sektor arasında əməkdaşlıq imkanları genişlənəcək.
Kino xadimlərinin mükafatlandırılması onlara əlavə stimul verir. May ayında Əməkdar incəsənət xadimləri – kinorejissor Cahangir Mehdiyev və kinooperator Adil Abbasov Prezidentin fərdi təqaüdünə layiq görülüblər.
Ötən ay AKİ-nin dəstəyi ilə yaradılan Azərbaycan Ssenaristlər Gildiyasının təqdimatı olub. Bu qurumun əsas məqsədi ölkədə fəaliyyət göstərən ssenaristləri bir araya gətirmək, peşəkar əməkdaşlığı gücləndirmək və ssenari sənətinin inkişafına töhfə verməkdir. Daha öncədən Kinoşünaslar, Kinotənqidçilər və Kaskadyorlar gildiyaları da səmərəli çalışırlar.
AKİ-nin 4-cü ilinə qədəm qoyan “Bölgələrdə kino günləri” layihəsi silsilə olaraq Aranda, Lənkəranda, Gəncədə, Şirvan şəhərində, Qəbələdə təqdim edilib. Layihənin növbəti dayanacağı 1 ay əvvəl Astara rayonu olub. Orada “Tağıyev: Neft”, “Nar bağı” tammetrajlı bədii filmləri, “Kinomexanikin qayıdışı”, “Nargin: Sona qədər sirli” tammetrajlı bədii-sənədli filmləri, “Uzaq”, “Torpağı sanı yaşayasan”, “Erkən hisslər”, “Zəfər rəqsi”, “Oturacaqlar” qısametrajlı bədii filmləri bölgə sakinlərinə təqdim edilib.
Kinonun inkişafı məsələləri heç vaxt gündəmdən düşmür. Hətta bir neçə gün əvvəl mədəniyyət naziri Adil Kərimlinin Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla görüşündə də mədəniyyətin təşviqi, dövlət sifarişli filmlər üçün ədəbi əsərlərin seçilməsi, ssenarilərin yazılması kimi amillər müzakirə edilib.
Kino sənətinə, filmlərimizə maraq hər zaman böyükdür. Çünki hər bir film, yaradılan hər bir ekran əsəri xalqımızın tarixini, mədəniyyətini özündə yaşadaraq gələcək nəsillərə çatdırır.
Əli NƏCƏFXANLI / Xalq Qəzeti

