Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə martın 10-da Heydər Əliyev Mərkəzində kino sənayesi nümayəndələrinin iştirakı ilə “Cinema Talks” (“Kino söhbətləri”) adlı panel müzakirəsi keçirilib. Nazirliyin “Yaradıcı Azərbaycan” layihəsinin tədbirlər planı çərçivəsində təşkil olunmuş müzakirədə Azərbaycan kino sənayesinin gələcək inkişaf perspektivləri, mövcud çağırışlar və beynəlxalq əməkdaşlıq imkanları barədə geniş diskussiya aparılıb.
Panel müzakirədə Azərbaycan Kinematoqrafçılar İttifaqının icraçı katibi, kinorejissor Əl İsa Cabbarovla milli kinomuzun hazırkı vəziyyəti və mövcud problemləri haqda, o cümlədən, “Azərbaycanfilm” kinostudiyasının fəaliyyətsiz saxlanılması barədə fikirlər səsləndirib. Əli İsa Cabbarov bildirib ki, bu gün kino sahəsinə ayrılan pullar təyinatı üzrə xərclənmir. O, aidiyyəti qurumların bir-birilə yola getmədiklərini vurğulayıb: “Ayrılan pullar hesabda yığılıb qalıb, kino ictimaiyyəti bunun səbəbini bilmir. Dövlət tərəfindən kino istehsalı üçün ayrılan vəsait lazımi formada xərclənmir”.

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayev “Qaynarinfo”ya açıqlamasında sağlamlığı ilə əlaqədar sözügedən tədbirə qatıla bilmədiyini qeyd edib: “Kinoya ayrılan və xərclənən vəsaitin statistikası şəffaf olmalıdır. Məsələn, bu gün “Azərbaycanfilm”ə pul vermirlər. Niyə? O boyda studiya qalıb gözdağı kimi. Əgər studiya varsa, niyə ona pul ayrılmır? Kimə, hansı təşkilata nə qədər pul ayrılırsa, bu açıqlanmalıdır. Əli İsa haqlıdır”.
Sədrin sözlərinə görə, dövlətin kino sahəsinə ayırdığı vəsait Mədəniyyət Nazirliyinin balansına köçürülür: “Nazirlik isə həmin pulu Kino Agentliyinin hesabına köçürür. Biz (AKİ) film çəkmirik, amma ayrılan pullar rejissorlara, kinostudiyaya verilməlidir. Qəbul olunan ssenarilərin əsasında pul bölünməlidir. Amma bu gün gedən proseslər bizə açıqlanmır. Pulun hara və necə xərclənməsi ilə bağlı məlumatsızıq. Bizi narahat edən əsas məsələ odur ki, Cəfər Cabbarlının adını daşıyan kinostudiya uzun illərdir ki boş dayanıb, amma onlara pul ayrılmır. Niyə? Onların nə məqsədi var? Kinostudiyanı bağlamaq istəyirlər? Ümumiyyətlə, qurumla bağlı plan nədir? Kinostudiya bomboşdur, üç-dörd nəfər də əməkdaşı var. Orada film istehsalı üçün hər şərait var. Niyə onlara pul ayrılmır? Səbəbini demirlər. Desinlər, biz də bilək”.
aki.az