AKİ+Docs və Azərbaycanda sənədli filmlər.
Heç şübhəsiz ki, sənədli film hal-hazırda dünyada öz qızıl dövrünü yaşayır. Təəssüflər olsun ki, Azərbaycan sənədli kinosunda dəyərli və müəllif kinosu nümunələri ilə yanaşı, veriliş estetikasında çəkilmiş filmlərin sayı da az deyil. Lakin son dönəmlər yeni nəsil Azərbaycan kinematoqrafçıları öz gənclik ruhunu sənədli filmə də gətirə bildi. Bu yerdə rəsmiyyət olsa da, AKİDocs-a seçilən layihələr və komandaların adını çəkməsəm olmaz. Beləliklə;
1. “Tərk edilmiş kənddə şirin xatirələr” (rejissor: Aynur Kazımova)
2. “Səma köçəriləri” (Rejissor: Aytac Süleymanova, prodüser: Elməddin Süleymanov)
3. “Dado” (Rejissor: Azər Allahverdi, prodüser: Rəfael Rzayev)
4. “Cahanın əlifbası” (Rejissor Elcan Məmmədov, prodüser Zərif Bəkirova)
5. “Babam, atam və mən” (Rejissor Hacı Səfərov)
6. “Adsız yaddaş” “Rejissor: Nərgiz Məmmədli, prodüser: Ələmdar Faiq)
7. “13-cü mərtəbənin sakini” (Rejissor: Pərviz Həsənov, prodüser Pərvanə Həsənova)
8. “Kristal” (Rejissor Ruslan Mollayev, prodüser Səbinə Cəfər)
9. “Balaca göyərçin həvəskarı” – (Rejissor: Şahin Hüsenyli)
10. “Azadlıqdan məhrum edilmiş adam” – (Rejissor: İntiqam Hacılı, prodüser Şahin Hüseynli)
11. “Mənim virtual evim” (Rejissor Ülviyyə Əhmədova, prodüser Nicat Dadaşov)
12. “Dəb/sizlik” – (Rejissor: Anar Salahov)
13. “Dəniz gözəli” (Rejissor: Sevinc Mahmudova)
14. “Sizi səmimiyyətlə gözləyən ev” (Rejissor: Alidə Mahmudova)
15. “Motivator 2” (Rejissor: Kamal Müşfiq, prodüser: Yaqub Murtuzlu)

Son dövrlər gənc rejissorların film layihələri və filmləri bir çox beynəlxalq platformalarda Azərbaycanı uğurla təmsil edir. Bəzən seçilə bilməməyimiz bir çox amillərdən asılı olur – sinopsis və loqlaynın düzgün, cəlbedici yazılmaması, yerli maddi dəstəyin az olması, treylerin gözoxşayan olmaması, düzgün yazılmayan büdcə və s. Bütün bunları nəzərə alaraq, Azərbaycan Kinematoqrafçılar İttifaqı təqribən 6 aylıq hazırlıq mərhələsindən sonra cari ilin aprelində “AKİDocs sənədli filmin inkişafı və pitçinq beynəlxalq layihəsi”nə qəbul elan etdi.
Lap əzəldən 5+3 modelini əsas götürərək (5 iştirakçı, 3 müşahidəçi), prosesə başladıq. Nə xoş ki, müraciətçilər bizi təccübləndirdilər. Nəticədə layihəyə 15 (11+4) iştirakçı seçildi. Əgər kimsə desə ki, ölkədə hal-hazırda istehsalda olan sənədli film yoxdur, onları asanlıqla təkzib edə bilərsiniz. Çünki hazırda əksəriyyəti inkişaf mərhələsində olsa da Azərbaycan gənc kinematoqrafçılarının əlində 15 film layihəsi, işi və ideyası var.

Bu yerdə layihənin mentorunun özəlliyindən danışmaq istəyirəm. Tue, CineDoc Tbilisi ilə çox sıx əməkdaşlıq edən, dünyanın 40-dan çox ölkəsində sənədli film üzrə dərs demiş bir pedaqoqdur. 2020-ci il CineDoc Yay məktəbi ilə sənədli filmdə mənim ilk mentorlarımdan olub desəm yerinə düşər. Həmişə düşünür ki, nə olmağından asılı olmayaraq yaxşı film həmişə “yaxşı səyahət edir.” 2024-cü ilin martında CPh: Dox festivalı çərçivəsində şəxsən müşahidə etdiyim bir hadisəni danışım. CPH:Forum-a seçilən “əjdaha”ların pitçinqdən sonra nahara gedirdik. Rejissor Torsteyn Qrud, prodüserlər Sinisa Juricic və Torsteyn Paralius da özlərinin səhnədə təqdimatlarını bitirmişdilər və yolda Tueni mənim və rejissor Murad Allahverdinin yanında görərkən ayaq saxladılar. Müəllimlə çox ehtiramla görüşdülər və yanılmıramsa məhz Sinisa Juricic hər kəsin qarşısında Tueyə dedi ki, “Siz mənim sənədli filmdə idealımsınız. Çox azulayıram ki, sizin yaşa çatana qədər mən də sizin kimi müəllim ola bilim”. Bu etiraf məni çox təəccübləndirdi. Müəllimdən soruşdum: “Deyəsən, Danimarkada çox məşhursunuz?” Gülərək cavabı belə oldu: “Danimarkada yox, Avropada”.
Məhz bundan sonra anladım ki, həqiqətən dünyada ömrünü sənədli filmə sərf edən və sənədli filmin dünyanı daha yaxşı yer üçün dəyişmək gücündə olduğuna inanan kifayət qədər peşəkar insanlar var. Təsadüfi deyil ki, yenə layihə ilə bağlı bir söhbətimizdə bildirdi ki, 2025-ci il onun sənədli filmdə 50 illiyidir. Gülərək “Bakıda bunu şərabla qeyd etmək lazımdır” dedi. AKİ isə onun bu zarafatını “ciddi” qəbul etdi və AKİDocs-un son pitçinq günündə mentorun 50 illiyini sürpriz formada onun sevimli Bitlz (The Beatles) qrupunun “Sənə lazım olan sevgidir” (All you need is love) mahnısı və xüsusi təmtəraqla qeyd etdi. Çünki Azərbaycan sənədli filminə də onu sevən mütəxəssislər lazımdır. Beynəlxalq təcrübə göstərir ki, intensiv iş sonda, pitçinq olduğu halda xüsusi nəticə verir. Yəni mentor iştirakçıların “sıxıb suyunu çıxaranda” ortaya vizual nəticə qoyula bilir.

Beləliklə AKİDocs bizə nə verdi?
Sayı 10-dan çox iştirakçı ingilis dilində öz layihələrini və eyni layihənin püxtələşdirilmiş treylerini təqdim etdi. Əminliklə deyə bilərik ki, 80 faizdən çox layihə öz treylerini dəyişdirdi və daha vizual estetik vəziyyətə gətirdi. 6 layihə qalib oldu. Qaliblər real maddi dəstək qazandılar.
Bəs AKİDocs müşahidəsi bizə nəyi öyrətdi?
Azərbaycan kinematoqrafiyasının beynəlxalq arena ilə yox, ən birinci elə bir-biriləri ilə sıx şəbəkələşməyə, vacib deyil ancaq kinodan, hətta məişət haqda da danışmağa ehtiyacı var. Bu cür layihələr gəncləri bir araya yığaraq “qaynamağa hazır istedadlar qazanının sanki altına od vurur”. Müəlliflər bir-birlərilə müzakirələr edir, hər kəs bir-birinin treylerinə fikir bildirir, ümumi atmosfer özü belə öyrədici olur.
Azərbaycan sənədli kinosunda nəzəri bilik çox azdır. İstedadı, sənədli filmə sevgi çoxdur, amma vəsait azdır. Mütəmadi sənədli film izləmək adətimiz belə aşağıdır. Onları qınamaq da olmur. Çünki ölkəmizin yeganə incəsənət üzrə təhsil ocağının əsası 1923-cü ildə qoyulsa da, bu günə qədər sənədli film üzrə ixtisasın varlığından söhbət belə gedə bilməz. Bu da onu göstərir ki, AKİDocs kimi layihələr ildə azı 2 dəfə keçirilməlidir. İnkişaf layihələrində (Vacib deyil, təşkilatçı AKİ olsun) davamlılıq prinsipi qorunmalıdır. Çünki bizim sənədli filmdə öyrənməli olduğumuz hələ çox “sənədlər” var.
Bəs özümüzdə nəyi düzəltməliyik? Zənnimcə ən birinci korporativ əlaqə və ünsiyyəti düzgün etməyi bilmirik desəm, yanılmaram. Əksər müraciətçilər elə bilir ki, seçim komitəsi onların yazısını Balidə öz lüks villasında qəhvə içə-içə oxuyur. Əgər müraciət forması hansısa ardıcıllıqla yazılıbsa, deməli, o ardıcıllıqla da cavab verilməlidir. Əks halda, müraciət oxunulub, bitirəndə sual yaranır – görəsən adını yazmışdı? Bəs layihənin adı nə idi? Kifayət qədər kino sahəsində çalışmış nümayəndələr portfolio hissəsində öz işlərindən nümunə kimi link qoymayanda qəribə görünür. Yəni bu qədər kinoda əməyiniz olub doğrudanmı ağlınıza gəlmir ki, kimsə bundan həvəslənib sizin yaradıcılığınıza ciddi cəhdlə oturub baxa bilər? Bu inamsızlıq haradan qaynaqlanır? Çünki özünü yaxşı təqdim etmiş namizədin əvvəlki işlərinə komitə həqiqətən də baxmaqda maraqlı olur.
Digər bir məsələ, “öz filmin haqqında danış” deyəndə “gül-çiçək açırıq”. Onu yazanda “Kərəmi ağlamaq tutur”. Buna görə öz filminiz barədə yazmazdan əvvəl özünüzə danışın, bu anda səsinizi qeydə alın, sonra onu oturub yazıya köçürün. Və ya yazdığınızı ucadan özünüzə oxuyun. Özünüz inandınız? Siz jüri olsanız nə rekasiya verərdiniz? Mətn sizə maraqlı gəldi? Cavab müsbətdirsə, demək üçüncü gözə də maraqlı olacaq. Şübhəlisinizsə, layihənizi ilk dəfə görən kəsdən bunu xoşlamağını gözləməyin. Loqlayn – atalar sözü deyil. O sizin filminizin iki cümləlik şərhidir.
Atalar demişkən, filmin “atalarından” olan Alfred Hiçkok deyir ki, “Bədii filmlərdə rejissor Tanrıdır; sənədli filmlərdə isə rejissordur.” Dokumentalist, qəlbini kainata açıb, eqosunu qırağa qoyub müəllif mesajını real qəhrəmanlarla verməyi seçir həmişə. Çünki həyat onun üçün kinodur. AKİDocs-un uğurlu sonu da bizə göstərdi ki, Sədərəkdəki Dado-nun hekayəsindən Gədəbəyin Yaqublu kəndinə, Beşbarmaq dağının səma köçərilərindən Şamaxının virtual evlərinə qədər Azərbaycan kinosunda 15 film deyir ki, “Mənim adım Cahan”dır. Çünki cahanın bir parçası Azərbaycan da bu 15 müəllif üçün kinodur.
Növbəti AKİDocs-larda görüşənədək.
Afaq Yusifli